Ya silah, ya soyqırım: Qərb hansını seçəcək? - Piter Dikinson yazır 

DÜNYA
09:40 / 04.04.2022
1431

Piter Dikinson

"Atlantic Council" Araşdırma Mərkəzinin elmi işçisi

Qərb seçim etməlidir: ya Ukraynanı silahlandırmalı, ya da Putinin soyqırımına şərait yaratmalıdır...
  
Ukrayna Kiyevin şimalındakı əraziləri azad etməyə davam edərkən, dünya auditoriyası insanlığa qarşı cinayətlərin şokedici foto və video sübutlarını izləyir. Həftələrlə Rusiyanın işğalı altında olan Ukrayna paytaxtının şəhərətrafı əraziləri kütləvi qətllər meydanına çevrilib. Getdikcə aydın olur ki, Putinin işğalçı qüvvələri 20-ci əsrin ən pis nümunələrini əks etdirən hərbi cinayətlər törədirlər.
 
Bunlar tək-tək baş verən və ya təsadüfi qəddarlıq aktları deyil. Əksinə, bütün bunlar, Putinin Ukraynadakı müharibəsinin mərkəzində soyqırım niyyətinin olduğunu ortaya qoyur. Ukrayna qüvvələri regionun bütün şəhər və kəndlərində qəsdən məhv etmə planına işarə edən heyrətamiz dərəcədə oxşar vəhşilik səhnələri ilə qarşılaşır. Çoxlarının əlləri bağlı olan cəsədlər küçələrə səpələnib. Qurbanlar kütləvi məzarlıqlarda basdırılır və ya zirzəmilərdə saxlanılır. Magistral yollar yanmış avtomobillər və yanan insan qalıqları ilə doludur. 
 
Kiyev yaxınlığında üzə çıxarılan vəhşiliklər Ukraynanın digər bölgələrində, hazırda Rusiyanın işğalı altında olan bölgələrdə baş verənlərlə bağlı dəhşətli ehtimallara işarələr verir. Biz artıq bilirik ki, Putin ordusu bütöv şəhərləri xarabalığa çevirən və minlərlə insanın ölümünə səbəb olan ayrı-seçkisiz artilleriya və havadan bombardman kampaniyasında mülki insanları hədəfə alıb. Belə zərbələrdən sağ çıxanlar Rusiyaya məcburi deportasiya və gələcəyi qeyri-müəyyən olan mühacirətlə üzləşirlər.
 
Bu arada, Ukraynanın işğal olunmuş ərazilərində cinsi zorakılıq və işgəncələrə dair xəbərlər depressiv dərəcədə adi hala çevrilib. Rusiyanın nəzarətində olan şəhərlərdə Putin ordusu istənilən potensial müqaviməti başsız qoymaq üçün sistematik olaraq yerli məmurları, jurnalistləri, fəalları və ictimai xadimləri "Stalin təmizləmələri”ndən keçirir. Hədəfə tuş gələnlər ələ keçməkdən yayındıqda onların qohumları girov götürülür. Oğurlananların çoxunun edam edildiyi bildirilir, lakin Ukrayna tərəfindən ərazilər nəzarətə götürülənə qədər ölənlərin dəqiq sayını müəyyən etmək mümkün olmayacaq.
 
Təəssüf ki, Rusiyanın Ukraynadakı cinayətlərinin miqyası təəccüb doğurmur. Son səkkiz il ərzində Putin rejimi rus xalqına ukraynalılardan "şeytan” obrazı düzəltmək məqsədilə amansız təbliğat maşınını işə salıb. Bütün bu dövr ərzində Kremlin nəzarətində olan Rusiya mediası ardıcıl olaraq ukraynalıları Qərb imperializminin xəyanətkar "tulaları” və irrasional rusofobiya ilə idarə olunan quduz "nasistlər” kimi təsvir edirdi.
 
Bu arada, Putinin özü dəfələrlə Ukraynanın ayrı bir dövlət kimi mövcud olmaq hüququnu şübhə altına alıb və tez-tez ukraynalıların sadəcə olaraq azmış və öz tarixi vətənlərindən süni şəkildə ayrılmış ruslar olduğunu iddia edib. Putin 2021-ci ilin iyul ayında uzun bir məqaləsində Ukrayna kimliyini tanımamasının səbəblərini açıqlayaraq, müasir Ukraynanı tarixən Rusiya torpaqlarını işğal etməkdə günahlandırıb və qəribə şəkildə Ukraynanın suverenliyinin yalnız Rusiya ilə tərəfdaşlıqda mümkün olduğunu iddia edib. 
 
Rusiya rəhbərinin Ukraynaya olan şəxsi bağlılığı onun hakimiyyəti dövründə davamlı olaraq güclənib və Sovet İttifaqının dağılması ilə bağlı "ədalətsizliyə” qarşı qəzəbini əks etdirir. Putin SSRİ-nin dağılmasını "tarixi Rusiyanın süqutu” kimi qiymətləndirir və sonradan demokratiyanın yayılmasını Qərbin ölkəsinə qarşı məkrli planı kimi görür. Postsovet Ukraynasının müstəqil və demokratik yüksəlişi bu iki vəsvəsəsinin təcəssümüdür.
 
Fevral işğalı zamanı narahatlıq doğuran bir sıra ehtiyatsız çıxışlarında Putin Ukraynanı "neonasistlər”in başçılıq etdiyi "anti-Rusiya” adlandırıb və ölkəni "denasifikasiya” edəcəyinə söz verib. Ukrayna xalqın böyük əksəriyyəti tərəfindən seçilmiş yəhudi əsilli prezidenti olan, seçkilərdə ifrat sağçı partiyaların ardıcıl olaraq 2%-dən az səs qazandığı bir ölkəyə qarşı bu cür ittihamların irəli sürülməsi açıq-aydın gülüş doğurur. Bununla belə, Putinin əsassız iddiaları Kremlin təbliğat "köpüyündə” yaşayan on milyonlarla rusiyalı tərəfindən asanlıqla qəbul edilir.
 
Uydurma "Nasist Ukraynası” povesti xalqın müharibəyə dəstək verməsində mühüm rol oynayır, eyni zamanda Rusiya cəmiyyətinin vəhşiliklərə qarşı dözümlülüyünü artırır. Ukraynada baş verən dağıntılar haqqında geniş məlumatlı olmasına baxmayaraq, adi ruslar işğala qarşı müqavimət göstərmirlər. Rusiyanın ən nüfuzlu müstəqil sorğu mərkəzi olan Levada Mərkəzinin bu yaxınlarda keçirdiyi sorğu Putinin reytinqinin Ukrayna ilə hərbi əməliyyatların başlanmasından bəri faktiki olaraq 12% artaraq dörd ilin ən yüksək səviyyəsinə - 83%-ə çatdığını göstərdi.
 
İndi biz Volterin məşhur "sizi absurda inandıra bilənlər sizi vəhşiliklərə də vadar edə bilərlər” xəbərdarlığının qorxunc təsdiqini görürük. Rus əsgərlərinə Ukraynanın varlığını inkar etməyi öyrədiblər və bütün ukraynalılara qarşı nasist kimi davranmağa çağırıblar. Hazırda bu əsgərlər soyqırım həddini keçmək təhlükəsi yaradan koordinasiyalı müharibə cinayətləri kampaniyasında iştirak edir. Onların təhrif olunmuş "nasist" siyahısına artıq istənilən ukraynalı daxil edilir və 40 milyondan çox ukraynalı "qanuni” hədəfə çevrilib. 
 
Kiyev vilayətində Rusiyanın son hərbi cinayətlərinin təfərrüatları geniş beynəlxalq hiddətə səbəb olub. Avropa Şurasının prezidenti Şarl Mişel "Rusiya ordusunun törətdiyi vəhşiliklərin heyrətləndirici şəkillərinə” sarsıldığını bildirib və qeyd edib ki, "Aİ-nin gələcək sanksiyaları və dəstəyi uzaqda deyil”. Aprelin 3-də Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trass bəyanatında belə bir söz verib: "Vəhşiliklərə görə məsuliyyət daşıyanlar, o cümlədən hərbi liderlər və Putin rejiminin ayrı-ayrı şəxsləri məsuliyyətə cəlb olunmayana qədər dincəlməyəcəyik”.
 
 
Rusiyanın qanuni məsuliyyətə cəlb edilməsi ilə bağlı söhbətlər müsbət qarşılansa da, hazırkı prioritet Ukrayna əhalisini insanlığa qarşı cinayətlərdən qorumaq olmalıdır. Buna ancaq Ukraynaya silah tədarükünün təcili və geniş şəkildə artırılması ilə nail olmaq olar.
 
 
Qərbin hərbi yardımı artıq münaqişəyə böyük təsir göstərib, lakin indiyədək Ukraynaya çatdırılan silahların əksəriyyəti partizan müharibəsinə uyğun olub, Kiyev isə lazımi silahlarla müharibədə qalib gəlməlidir. Bunun üçün daha çox tank, artilleriya, təyyarə, helikopter, raket sistemləri və döyüş sursatları, habelə Putinin işğalçı ordusuna qarşı effektivliyini sübut etmiş əlavə tankəleyhinə və zenit sistemləri tələb olunur.
 
Ukraynaya silah tədarükünün artırılması ilə bağlı kifayət qədər siyasi cəsarət tələb olunacaq. Aylardır Qərb liderləri Putini təxribata çəkmək qorxusundan Ukraynaya hücum silahlarının çatdırılmasında tərəddüd edib. Bununla belə, Rusiyanın vəhşilikləri artdıqca, bu tərəddüdü Avropanın mərkəzində soyqırımının daha böyük təhlükəsi ilə müqayisə etmək lazımdır. Hitler və Stalinin dövründən bəri bəşəriyyətə qarşı ən ağır cinayətlərdən birinə çevrilə biləcək hadisələrin qarşısını almaq üçün indi təcili hərbi hərəkətlərə ehtiyac var.
 
Əgər Ukrayna gecikmədən lazımi silahlarla təmin olunarsa, müsbət nəticə əldə etmək şansı yüksələcək. Ukrayna hərbçiləri artıq döyüş meydanında Rusiyaya qalib gəlmək bacarığını nümayiş etdirib və öz evlərini müdafiə etmək əzmindədirlər. Onlar öz ölkələrinin varlığının Putini məğlub etmək bacarığından asılı olduğunu bilirlər və uğursuzluğa düçar olarlarsa, onları və yaxınlarını hansı aqibətin gözlədiyini dərindən dərk edirlər. Qərb liderləri isə bu işi başa çatdırmaq üçün onlara silah verməlidirlər.
 
Mənbə: "Atlantic Council"

Tərcümə: Nizami Bağırov
Qaynarinfo

0