14:35 / 05.10.2022
686

FHN-dən tenderlər udan FHN generalının oğlu borcunu ödəmir... - FAKTLAR

Bugünkü tarixə (05.10.2022) olan məlumata görə fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevin həmtəsisçisi olduğu “ALT Tech” MMC-nin (VÖEN – 2002575181) dövlət büdcəsinə vaxtında ödənilməyən 103 min 755 manat 73 qəpik vergi borcu var.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “ALT Tech” MMC 22.02.2013-cü il tarixində Nəsimi rayonu, Bülbül pr, ev 105, M12, m. 3 ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Anar İsmayıl oğludur.

Şirkətin rəsmi veb-saytında qeyd olunur ki, MMC-nin 2 həmtəsisçisindən biri general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirəzyevdir. Rəşad Mirəzyev 1988-ci ildə anadan olub. Şirkət təsis olunanda 25 yaşı olub. Mirzəyev öz şəxsi bloqunda yazır ki, “ATL Group”un təsisçisi və icraçı direktorudur. Qrupa “ATL Academy”, “ATL Tech”, “ATL Consulting”, “ATL SMS”, “ATL Trading” və “Əjdaha” fast food (dönər evləri) daxildir. Eyni zamanda bir neçə yerli və xarici start-uplarda partnyordur.

General oğlunun fəaliyyətilə bağlı maraqlı məqamlardan biri də odur ki, onun rəhbərlik etdiyi “ATL Tech” MMC atasının yüksək vəzifə (birinci müavin) tutduğu nazirlik (FHN) tərəfindən keçirilən tenderlərdə qalib olur.

“ATL Tech” MMC cəmi 3 ay əvvəl - bu ilin iyun ayında FHN-nin keçirdiyi 3 tenderdə qalib olub. 3 tenderin ümumi məbləği 804 min 663 manat 69 qəpik olub. Bundan başqa “ATL Tech” MMC ötən il FHN-nin keçirdiyi 1,4 milyon manatlıq 4 tender müsabiqəsində də qalib olub.

Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 11-cı maddəsində “dövlət satınalmalarında maraqların ziddiyyəti”nə dair tələblər yer alıb. Həmin maddənin 13.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanların satınalma prosedurlarında iştirakına yol verilmir.

1