Putin-Zelenski danışıqları olmayacaq? - RƏY 

DÜNYA
15:24 / 06.05.2024
342

Rusiya Ukrayna Prezidenti Volodomir Zelenski ilə danışıqlar aparmayacaq. 

Bu barədə Rusiyanın İctimai Palatasının komissiya sədri Vladimir Roqov danışıb. Onun sözlərinə görə, Ukrayna Prezidentini axtarışa verdiyi üçün Rusiyada heç kim Vladimir Zelenski ilə danışıqlar aparmayacaq. 

Bəs Rusiya və Ukrayna arasında danışıqlar necə aparılacaq? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rüstəm Tağızadə bildirib ki, Rusiya-Ukrayna müharibəsi davam edir:

"Rusiya tərəfi Volodimir Zelenskini beynəlxalq axtarışa verib. Digər tərəfdən Vladimir Putin də Qərb ölkələri tərəfindən axtarışa verilib. Rusiyanın cəbhədə müəyyən irəliləyişlərini görə bilirik. Məsələ budur ki, ABŞ Avropa ölkərinə təzyiq edərək daha çox silahın Ukraynaya çatdırılmasını təmin etmək istəyir. Bundan başqa Fransa Ukraynaya 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətini dəstək məqsədilə yola salıb. 

Emmanuel Makron da Rusiyanın qarşısı Ukraynada alınmalı olduğunu deyib. Mənim fikrimcə, Fransanın son zamanlar Ukrayna siyasətində Rusiyaya çox qarşı olmasında  Anqlo-Saks ittifaqının da rolu böyükdür".

349522

Ekspert qeyd edib ki, bu müharibədə yeni proseslərin də olduğunu demək lazımdır:

"MKİ artıq Rusiyanın Avropa daxilində geniş kəşfiyyat şəbəkəsi qurduğunu və bunun Avropa ölkələrinə birbaşa təhlükə yaratdığını vurğulayır. NATO ölkələrində mühüm infrastruktura qarşı terror hücumlarına şərait yaratmaq üçün casus əməliyyatını artırır. Əslində bəzən Rusiyanın gücünü şişirdən Avropa ölkələri də var. Onlardan biri Macarıstandır. 

Düşünürəm ki, Ukraynaya verilən maliyyə və hərbi yardımlar bir neçə ay Ukraynanın müdafiə olunmasına kömək edəcəkdir. Hal-hazırda Rusiya və Ukrayna arasında danışıqların olması real görünmür. Çünki, danışıqların başlaması üçün hər iki dövlət cəhd etmir".

Politoloq diqqətə çatdırıb ki, müharibənin davam etməsi isə Qərbə daha çox sərf edir:

"Rusiya isə müharibənin uzun çəkməsi fonunda həm canlı itkilər, həm də iqtisadi cəhətdən ziyana uğrayır. Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstək veriləcək. Ancaq bu müharibənin yaxın aylarda dayandırılması mümkün görünmür. Rusiyanın isə sürətli irəliməsinin qarşısını Ukrayna almalıdır. Ukrayna yalnız bu halda Rusiyaya qarşı dirəniş göstərə bilər".

Pərviz

0