“Hədəfim özümdən daha yaxşı olmaqdır” – Kubra Məhərrəmova ilə doğum günündə MÜSAHİBƏ

MÜSAHİBƏ
15:58 / 24.08.2026
176

Bu gün məşhur jurnalist, köşə yazarı və aparıcı Kubra Məhərrəmovanın doğum günüdür.

O, hadisələrə özünəməxsus yanaşması ilə seçilir. Tez-tez yazıları və paylaşımları gündəm olur. Yəni illərdir düşüncələri ilə diqqətçəkən bir jurnalistdən bəhs edirik. Bu gün Kubra Məhərrəmovanın 43 yaşı tamam olur. Hit.az sevilən jurnalistlə doğum günündə mini müsahibə edib.

Müsahibəni təqdim edirik:

-    Kubra xanım, doğum gününüzü harada və necə keçirirsiniz?
-    Mən doğum günlərimi adətən sadə keçirməyə üstünlük verirəm. Lakin illərdir dəyişməyən yeganə məqam doğum günümü ailəmlə keçirməkdir. Hər zaman doğum günlərimi ailəmlə birlikdə qeyd edirəm. Düzdür, qeyd olunan məkanlar dəyişə bilər, amma ailə mənim üçün hər zaman birinci sırada gəlir.

-    Maraqlıdır, doğum günü sizin üçün nə ifadə edir?
-    Mənim doğum günlərinə yanaşmam bir qədər fərqlənir. Əvvəllər doğum günü mənə hesabat kimi gəlirdi. Yəni həmin yaşa qədər, xüsusilə də son bir ildə yaşadıqlarımı düşünürdüm. Bu gün isə düşüncəm bir qədər dəyişib. Artıq doğum günümdə daha bir yaşa çatdığım üçün Allaha şükür edirəm. Xüsusilə sevdiyim insanları gördüyüm və onlar həyatımda olduğu üçün Allaha minnətdarlığımı bildirirəm.

-    Yeni yaşınızdan ən böyük gözləntiniz və hədəfiniz nədir?
-    Yeni yaşımdan ən böyük hədəfim və gözləntim özümü inkişaf etdirməkdir. Daha dəqiq desəm, hər mənada dünənki Kubradan daha yaxşı olmaq istəyirəm. Xüsusən də mənəvi, fiziki, mental və peşəkarlıq baxımından indikindən daha yaxşı olmağı hədəfləyirəm. 

-    İndiyə qədər unuda bilmədiyiniz doğum günü hansı olub?
-    Əslində, hər doğum gününün özünəməxsus gözəlliyi olur. Əlbəttə ki, yaddaqalan doğum günlərim olub. Lakin məncə, ən unudulmazı hələ yaşanmayıb. Hər zaman daha yaxşısını istədiyim üçün ən unudulmaz doğum günümün də hələ qarşıda olacağını düşünürəm.

-    Bəs indiyə kimi aldığınız ən bahalı və ən özəl hədiyyənin nə olduğunu deyə bilərsinizmi?
-    Açığı, çox çətin sual oldu. Çünki nə qədər xatırlmağa çalışsam da, tapa bilmədim. Görünür hələ ki, elə bir hədiyyə almamışam. Yəqin ki, unudulmaz doğum günü kimi ən bahalı və ən özəl hədiyyə də hələ qarşıdadır.

Elmir Mustafa

0