“Ağdam Şəhəri Gününün əhəmiyyəti böyükdür” - ağdamlı siyasətçi ilə MÜSAHİBƏ

SİYASƏT
16:19 / 16.11.2026
90

Nə xoş ki, bu gün artıq torpaqlarımızın işğal tarixlərini deyil, onların azadlığa qovuşduğu şanlı zəfər günlərini böyük qürurla qeyd edirik. 

Qarşıda Azərbaycanın dilbər və bənzərsiz guşələrindən olan Ağdamın erməni işğalından azad edildiyi tarixi gün – 20 Noyabr gəlir. Hazırda azad edilmiş yurd yerlərimizin qurtuluş tarixi ilə yanaşı, həm də təntənəli Şəhər Günlərini qeyd edirik və bu baxımdan 20 Noyabr tarixinin xalqımız üçün müstəsna mənəvi-siyasi əhəmiyyəti var.

Ağdamı işğala məruz qalmış digər şəhərlərimizdən fərqləndirən ən ağrılı məqam onun erməni vandalları tərəfindən tamamilə yerlə-yeksan edilməsi idi. Şəhər elə bir vəhşiliklə dağıdılmışdı ki, əsgərlərimiz Ağdamı azad edərkən üçrəngli bayrağımızı sancmaq üçün belə salamat bir bina tapa bilmirdilər. Məhz bu tükürpərdici mənzərəyə görə beynəlxalq müşahidəçilər Ağdamı “Qafqazın Xiroşiması” adlandırırdılar. 

İşğal illərində Ermənistan digər ərazilərimizdə olduğu kimi, Ağdamda da tarixi, mədəni və dini abidələrimizi qəsdən vandalizmə məruz qoymuş, məscidlərimizi təhqir etmiş və bütün sərvətlərimizi qarət etmişdi. Lakin digər doğma torpaqlarımız kimi, Ağdam da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və rəşadətli Ordumuzun şücaəti sayəsində əbədi azadlığına qovuşdu.

Şanlı Qələbəmizi tarixdə əbədiləşdirən dövlətimizin başçısı 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərini təsis etdi və həmin sənədə əsasən 20 Noyabr rəsmən Ağdam Şəhəri Günü kimi müəyyən olundu.

Bu gün vaxtilə xarabazarlığa çevrilmiş Ağdam tamamilə yenidən dirçəlir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq strategiyası çərçivəsində Ağdamda ən müasir şəhərsalma standartlarına cavab verən yeni şəhər salınır.

Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” bu möhtəşəm gələcəyin yol xəritəsidir. Bu plana uyğun olaraq, Ağdam azad edilmiş ərazilərin ən böyük, ümumilikdə isə Azərbaycanın dördüncü böyük şəhərinə çevriləcək və burada 100 min nəfər sakinin rahat yaşayışı təmin olunacaq.

Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində külündən yenidən doğulan Ağdam şəhəri və onun kəndləri sıfırdan inşa edilir. Ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, müasir yol-nəqliyyat və kommunikasiya infrastrukturu qurulur, yeni istehsal müəssisələri yaradılır və geniş yaşıllıq zolaqları salınır. Bütün bu möhtəşəm quruculuq işləri Ağdamın tezliklə yenidən Qarabağın ən abad, canlı və firavan mərkəzlərindən birinə çevriləcəyinin bariz göstəricisidir.

Azad Vətən Partiyasının sədri, ağdamlı siyasətçi Akif Nağı Ağdam Şəhəri Günü ərəfəsində Hit.az-ın suallarını cavablandırıb:

-    Akif müəllim, 20 Noyabr - Ağdam Şəhəri Gününün təsis edilməsi xalqımızın milli yaddaşı və tarixi ədalətin bərpası baxımından hansı mənəvi və siyasi əhəmiyyət daşıyır?
-    Ağdam Şəhər Günü mühüm bir simvoldur. İşğaldan azad olunmuş rayon mərkəzlərinin şəhər günlərinin qeyd olunması həm ölkə daxilində insanların bu tarixləri, həm də işğal günlərini unutmaması üçün vacibdir. Eyni zamanda bu, işğalçı Ermənistana açıq mesajdır ki, biz bu günləri, azadlıq tarixlərimizi və sizin törətdiyiniz cinayətləri unutmuruq. Bu həm də beynəlxalq birliyə ünvanlanmış mesajdır. Ermənilər də Ağdama xüsusi əhəmiyyət verirdilər, buna görə də onun işğaldan azad olunması hamımız üçün çox vacib tarixi hadisədir. 

Biz 30 il ərzində işğal tarixlərini qeyd etdik, amma artıq azadlıq tarixlərini, şəhər günlərini qeyd edirik. İnsanlar sevinirlər, yığışırlar və bu günləri bir yerdə qeyd edirlər. Hazırda Ağdamda tikintilər sürətlə gedir, köç prosesi həyata keçirilir, insanlar orada məskunlaşaraq yaşayırlar və əvvəlki həyatlarını bərpa edirlər.

Ermənilər Ağdama nifrət edirdilər, çünki Ağdam Sovet dövründə də onların məkrli planlarının qarşısını alırdı. Müharibə illərində ən çox yükü daşıyan, ən çox döyüşən Ağdam rayonu oldu, cəbhə boyu ən azı üç tərəfdən düşmənlə üz-üzə döyüşlər gedirdi və hər kəndin onlarla şəhidi var. Məhz buna görə də Ağdam Şəhər Günü xalqımız üçün müstəsna əhəmiyyət daşıyır.

-    Qarabağın giriş qapısı hesab olunan Ağdamın coğrafi mövqeyi və malik olduğu əsas strateji üstünlüklər regionun gələcək inkişafına necə təsir göstərəcək?
-    Ağdamın əsas strateji üstünlüyü hər zaman mövcud idi, çünki “Qarabağın qapısı” adlanırdı. Ermənilər düşünürdülər ki, əgər Ağdamı zəbt etsələr, həm mənəvi, həm də psixoloji cəhətdən üstünlük qazanacaqlar. Çünki Ağdamda onların bədniyyətlərinin həyata keçirilməsinin qarşısında yerli sakinlər sərt şəkildə dayanmışdılar. Yəni Ağdam onlar üçün alınmaz qala idi. Ağdamı aldıqdan sonra digər qonşu əraziləri asanlıqla işğal edəcəklərini düşünürdülər. 

Ağdam strateji cəhətdən yüksək mövqedə yerləşirdi və müdafiə xəttləri yaxşı təşkil olunmuşdu. Əgər Ağdam əldən gedərdisə, Tərtər, Ağdərə istiqamətinə, həmçinin Bərdəyə doğru yollar açılırdı, onlar hətta Yevlax-Gəncə xəttini arzulayırdılar. Ağdamın müdafiəsində Azərbaycanın müxtəlif yerlərindən gələn döyüşçülər yerli sakinlərlə çiyin-çiyinə vuruşurdular. Bütün bu cəhətlərə görə Ağdam böyük və ciddi strateji əhəmiyyətə malik idi.

-    Qədim yaşayış məskənlərindən olan bu bölgənin zəngin tarixi keçmişi, mədəni irsi və elmi-arxeoloji əhəmiyyəti nədən ibarətdir?
-    Ağdam bölgəsinin tarixi həddindən artıq qədimdir. İlk dəfə Ağdam adı Aguen şəklində 488-ci ildə çəkilir. Həmin dövrdə Albaniyada hakimiyyətdə olan yerli sülaləmiz Arsaklılar sülaləsi idi və üçüncü Mömin Vaçaqanın təşəbbüsü ilə Aguendə – Ağdam yaxınlığında yerləşən bir məntəqədə kilsə toplantısı çağırıldı.

Həmin kilsə toplantısında o dövr və sonrakı dövrlər üçün əhəmiyyətli olan hüquqi, siyasi və inzibati sənəd qəbul olundu. Bu sənəd həmin dövrdə Azərbaycan ərazisində xristian dininin möhkəmlənməsi, daxili strukturların müəyyənedilməsi, vergilərin nizamlanması və ailə-məişət münasibətlərinin qurulması baxımından çox vacib idi. 

Sonrakı illərdə də Ağdam Azərbaycan tarixində böyük rol oynayıb. Moğolların yürüşləri dövründə Qarabağ bütövlükdə döyüş meydanına çevrilmişdi və Ağdam ərazisində - Qarqara çayının sahilində xarəzmşahlarla moğollar arasında böyük döyüş baş vermişdi. Əmir Teymurun vaxtında da Qarabağa və Ağdama xüsusi önəm verilib. Geniş şəkildə aparılan arxeoloji qazıntılar nəticəsində Azərbaycanın qədim və orta əsr dövrünə aid çoxlu sayda arxeoloji materiallar əldə olunub. 

Bunların ən qədimi Ağdam rayonunun ərazisində - Papravənd, Qalaçılar, Boyəhmədli kəndləri arasında tapılan möhtəşəm daş heykəllərdir. Mütəxəssislər onların tarixini eradan əvvəl, miladdan əvvəl ən azından üçüncü-dördüncü minilliklərə aid edirlər. Bütün dünyanın diqqətini cəlb edən bu tapıntılarla bağlı Ağdam ərazisində geniş elmi-tədqiqat işləri aparılıb və bu gün də həmin işlər davam etdirilir.

-    Ermənistanın işğal dövründə Ağdamda törətdiyi misli görünməmiş vəhşiliklərə və dağıntılara baxmayaraq, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin illər boyu kağız üzərində qalmasının və icra olunmamasının əsas səbəbləri nə idi?
-    Ağdamın işğalı, ermənilərin vəhşilikləri və eyni zamanda beynəlxalq təşkilatların - birinci növbədə BMT-nin münasibətinin göstəricisi idi. 1992-ci ilin mart ayında BMT tərkibində Minsk qrupunun yaradılması ilə bağlı qərar qəbul olundu və Minsk qrupunun ilk sədri italiyalı diplomat Mario Raffaelli oldu. Ağdamın işğal günlərində Minsk qrupunun təşəbbüsü ilə atəşkəs elan olunmuşdu və Raffaelli həmin vaxt Ağdam ərazisində müşahidəçi qismində səfərə gəlmişdi. Onun gözünün qarşısında Ağdam Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Lakin beynəlxalq təşkilatlar sanki bunu görmədilər, dəyərləndirmədilər. 

Ağdam işğalından sonra qəbul olunmuş qətnamədə “erməni qüvvələri işğal etdi” ifadəsini işlətdilər. Yəni Ermənistanın adını açıq demədilər. Bu, beynəlxalq təşkilatların işğala qarşı nə qədər biganə və qərəzli olduğunu göstərirdi. Ağdamda küçə döyüşləri gedirdi, ermənilər şəhər alındıqdan sonra da bir həftə ərzində ora daxil olmağa çəkinirdilər, inanmırdılar ki, Ağdamı işğal ediblər. 

-    44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizin nəticəsi olan 10 Noyabr Bəyanatının ən mühüm uğurlarından biri kimi, Ağdamın güllə belə atılmadan, şəhid vermədən azad edilməsini siyasi-hərbi baxımdan necə qiymətləndirirsiniz?
-    Ağdamın döyüşsüz geri qaytarılması həmin dövrdə prinsipial bir məsələ idi. Ağdam ətrafında çox ciddi döyüşlər gedirdi. Üstəlik, ermənilərin 20-25 minlik çox ciddi qüvvəsi var idi ki, Azərbaycana qarşı müqavimət göstərmək üçün hazırlanmışdı. Azərbaycan Ordusu və siyasi rəhbərliyi düzgün qərar qəbul etdi və Ağdamdakı erməni hərbi hissələri mühasirəyə düşdülər. Müharibənin taleyini də məhz onların mühasirəyə düşməsi həll etdi.

Çünki onlar ehtiyat edirdilər ki, əgər müharibəni davam etdirsələr, orduda olan həmin 20-25 minlik erməni qüvvəsi ya tam məhv ediləcək, ya da əsir götürüləcəkdi. Bax bu amil erməniləri 10 Noyabr sənədinə imza atmağa məcbur etdi. 

Ağdam uğrunda çox qanlar tökülmüşdü, amma Ağdam bu dəfə demək olar ki, qansız şəkildə geri alındı. Bu, Azərbaycan siyasi rəhbərliyinin uğurlu addımı idi. Ermənilər Ağdama xüsusi divan tutmuşdular, lakin Azərbaycan rəhbərliyi bir güllə belə atmadan onu geri aldı və bunun çox böyük əhəmiyyəti var idi.

-    İşğaldan sonra yerlə-yeksan edilmiş mənzərəsinə görə “Qafqazın Xiroşiması” adlandırılan Ağdamın bu gün sıfırdan, ən müasir şəhərsalma standartları ilə yenidən qurulması Azərbaycanın gücünü dünyaya necə nümayiş etdirir?
-    Bu gün Ağdam külündən yenidən dirçəlir. Həmin o Xirosima dedikləri xarabalıqdan dirçələn Ağdam bu günləri sürətlə tikilir və şəhərin bərpa işlərinə Azərbaycan rəhbərliyi, şəxsən cənab Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir. Ağdamda gedən işlərin həm miqyasına, həm də keyfiyyətinə xüsusi fikir verilir. Cənab Prezidentin dediyi kimi, Ağdam 200 minlik regionun mərkəzi şəhəri olacaq.

Prezident Ağdama xüsusi önəm verir. Bu regionda Ağdam xüsusi böyük bir şəhərə çevrilməlidir və o istiqamətdə də çox böyük işlər həyata keçirilir. Faktiki olaraq, Ağdam sürətlə gözümüzün qarşısında böyüyür və tikilir. Artıq Ağdamın Xırdalı, Sarcalı və digər kəndlərində xeyli evlər istifadəyə verilib. 2027-ci ildə isə ən azı 10 kəndin tikintisi işlərinə başlanılacaq.

Eyni zamanda, mənim doğma kəndim Papravənddə gələn ildən əvvəllərindən etibarən çertyojlar hazırlanır və kəndimiz də sürətlə tikilir. Hesab edirəm ki, bu tikinti bir daha bütün dünyaya və işğalçı ermənilərə mesajdır ki, biz müharibə meydanında qalib gəlməyi bacardığımız kimi, bərpa işlərini də bu cür uğurla həyata keçirməyi bacarırıq.

Elmir Mustafa

0