“Türk Söhbəti”nin buhəftəki qonağı Milliyətçi Hərəkat Partiyasının (MHP) sədrinin baş müşaviri, İsmayıl Qaspıralı Xarici Siyasət İnstitutunun rəhbəri Esma Özdaşlıdır.
Onunla Azərbaycan – Türkiyə münasibətlərinin inkişafı, iki ölkə arasındakı qardaşlıq əlaqələrindən danışdıq. Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa, Azərbaycan Prezidenti İlham Əliyevin Antalyaya səfərinin əhəmiyyətindən bəhs etdik.
- Esma xanım, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da 8 noyabrda Qarabağdan bütün dünyaya qardaşlıq mesajı verdilər. Qarabağdan dünyaya verilən birlik mesajlarını necə qiymətləndirirsiniz?

- Türkiyə ilə Azərbaycan arasındakı əlaqə diplomatik bağların hüdudlarından çox kənardadır. Ortaq tarix, dil, mədəniyyət və könül birliyi üzərində qurulmuş köklü bir qardaşlıqdır. Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsi bu qardaşlığın ən hikmətli ifadəsidir. 15 iyun 2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi isə bu bağı hüquqi müttəfiqliyə çevirib.
8 Noyabr Zəfər Günündə Qarabağda baş verənlər bu ittifaqın gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfərin 6-cı ildönümündə Qarabağ Zəfərinin Ali Baş Komandanı İlham Əliyevlə birlikdə Şuşa qalasını gəzməsi, Xocalı Soyqırımı Abidəsinə çələng qoyması və Xankəndi Zəfər Abidəsini ziyarət etməsi Qarabağ Zəfərinin bütün Türk millətinin ortaq zəfəri olduğunun elanıdır. İlham Əliyevin “Birliyimiz və qardaşlığımız sarsılmazdır” sözləri və Rəcəb Tayyib Ərdoğanın bu həmrəyliyi zəiflətmək istəyənlərin məqsədlərinə nail ola bilməyəcəyi vurğusu dünyaya verilmiş ən aydın mesajdır.
Üstəlik, bu mesajların vaxtı həm də mühüm əhəmiyyət daşıyır. Qardaş ölkələr arasında da zaman-zaman fərqli dəyərləndirmələr ola bilər. Bu, suveren dövlətlər arasındakı münasibətin təbiətindədir. Belə dövrlərdə təmkinli siyasi liderliyin rolu həlledicidir.
- Həmçinin, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı da prosesin başından bəri iki ölkənin qardaşlıq münasibətlərinin pozulmayacağını vurğulayırdı...

- Bəli, sədrimiz Dövlət Baxçalının mövqeyi belə idi. O, müzakirələrin ən qızğın vaxtında Türk Dövlətləri Təşkilatının təməlində hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə və öz daxili hüququna hörmət prinsipinin dayandığını xatırladıb, Türk dünyasının qardaşlıq hüququna və könül bağına xələl gətirməyə yönəlmiş heç bir cəhdə icazə verilməməli olduğunu açıq şəkildə ifadə edib.
Azərbaycanın Müstəqilliyin Bərpası Günündə yaydığı mesajda isə bu qardaşlığı ən sadə şəkildə “Biz eyni soykökündən olan bir ananın iki oğluyuq” sözləri ilə ifadə edib. Eyni mesajda iki ölkənin hansı məsələdən asılı olmayaraq ayrılmaz bir bütöv olduğunu vurğulayaraq “Bundan geridönüş olmayacaq” deyib. Bu mövqe Türkiyədə Azərbaycan qardaşlığının gündəlik siyasətin və partiya xəttlərinin fövqündə, bir dövlət və millət məsələsi olaraq görüldüyünün açıq göstəricisidir.
Qarabağdakı görüş də bunu təsdiq edib: Türkiyə-Azərbaycan birliyi konjonktural deyil, əbədidir. Bu fürsətdən istifadə edərək Qarabağ Zəfərinin memarı qəhrəman Azərbaycan Ordusunu və qazilərimizi ehtiramla salamlayır, əziz şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edirəm.
- Sizcə, Azərbaycan-Türkiyə birliyinin Qafqazda və daha geniş coğrafiyada yaratdığı yeni geosiyasi reallıqlar xarici güclərin bölgədəki planlarına necə təsir göstərir?
- 2020-ci ildə 44 gün ərzində qazanılan Qarabağ Zəfəri təkcə işğal olunmuş torpaqların azad edilməsi deyil, Cənubi Qafqazda otuz illik “dondurulmuş münaqişə” nizamının çökməsidir. Bu nizam bölgəxarici güclərə münaqişəni həll etmək əvəzinə idarə etmək və bununla da bölgəni öz nüfuz dairəsində saxlamaq imkanı verirdi. ATƏT-in Minsk Qrupunun 30 ildə bacarmadığı işi qəhrəman Azərbaycan Ordusu 44 gündə bacardı; 2025-ci ildə Minsk prosesinin rəsmi olaraq bağlanması da bu həqiqətin beynəlxalq səviyyədə təsdiqidir.
Bu gün qurulan yeni tənliyin mahiyyəti budur: Qafqazın taleyini artıq uzaq paytaxtlar deyil, bölgənin öz dövlətləri müəyyən edir. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması və Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması bunun əyani göstəriciləridir. Bu transformasiyanın təsiri Qafqazı da aşır: Rusiya-Ukrayna müharibəsi şimal ticarət xəttini, Hörmüz boğazındakı gərginliklər cənub marşrutlarını riskli hala gətirərkən, Çindən Avropaya uzanan ən təhlükəsiz yol Xəzər, Azərbaycan və Türkiyədən keçir.
Əlbəttə ki, bu mənzərə hər kəsi razı salmır. İranın Zəngəzur dəhlizinə etirazları, Rusiyanın layihədən pay tələbi və Avropada bəzi dairələrin birtərəfli qərarlarla sülh gündəmini sulandırmaq cəhdləri münaqişədən qidalananların narahatlığının fərqli üzləridir. Son sözü bölgənin öz iradəsi deyəcək. Ankaranın və Bakının baxışı isə heç kəsi kənarda qoymur; suverenliyə və ərazi bütövlüyünə hörmət edən hər kəsə əməkdaşlıq və ortaq rifah təklif edir. Qafqaz artıq böyük güclərin şahmat taxtası deyil. Bu coğrafiyanın yeni hekayəsinin qələmi Ankara ilə Bakının əlindədir.
- Liderlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birlikdə sərgilədiyi bu güclü qardaşlıq modeli Türk Dövlətləri Təşkilatının güclənməsinə və Türk dünyasının inteqrasiyasına necə töhfə verir?
- Türk dünyasının birliyi İsmayıl bəy Qaspıralının “dildə, fikirdə, işdə birlik” çağırışından bəri millətimizin ortaq ülküdür. Lakin hər böyük ülkü yol göstərəcək konkret bir nümunəyə ehtiyac duyur. Türkiyə-Azərbaycan qardaşlığı ortaq kökün ortaq bir strategiyaya, könül birliyinin institusional bir ittifaqa çevrilə biləcəyini bütün Türk dünyasına göstərib.
Bu modelin ən güclü tərəfi sahədə sınaqdan keçirilmiş olmasıdır. 2020-ci ildə Türkiyənin Azərbaycanın yanında duruşu Türk dövlətlərinin çətin gündə bir-birinə sahib çıxa biləcəyinin sübutu olub və Türk Dövlətləri Təşkilatına yeni bir özünəinam qazandırıb. Təşkilatın gündəliyi mədəniyyət və dil əməkdaşlığının hüdudlarını aşaraq təhlükəsizlik, müdafiə və nəqliyyat sahələrini də əhatə edib. Azərbaycanın sədrliyi dövründə Qəbələdə “Regional Sülh və Təhlükəsizlik” mövzusu ilə toplanan zirvə və İlham Əliyevin ortaq hərbi təlim təklifi bu transformasiyanın açıq göstəriciləridir.
Bu addımların bəhrələri 30 oktyabrda qəbul edilən 163 maddəlik Ankara Bəyannaməsində görünür: TDT Müdafiə Sənayesi Kolleci üçün işlərin başlanması, Kiber Təhlükəsizlik Şurası prosesinin sürətləndirilməsi, ortaq peyk olan TDT-SAT-ın buraxılması üçün proseslərin sürətləndirilməsi və ortaq əlifbanın yayılması. Bəyannamədə Orta Dəhlizə və Zəngəzur dəhlizinə verilən tam dəstək də Türk dünyasının inteqrasiyasının fiziki bir xəttə əsaslandığını təsdiq edir; bu xəttin kilidi isə Türkiyə-Azərbaycan birliyinin əlindədir.
Sədrimiz Dövlət Baxçalının ifadə etdiyi kimi, məqsədimiz Türk və Türkiyə Əsrini Türk dünyasının yüksəlişi ilə qovuşdurmaqdır. Türkiyə-Azərbaycan qardaşlığı bu yüksəlişin həm öncüsü, həm də təminatçısıdır. Ankara ilə Bakının birlikdə yürüdüyü yol sabah Astanadan Daşkəndə, Bişkekdən Aşqabada qədər bütün Türk dünyasının ortaq yolu olacaq.
- Xüsusilə Zəngəzur dəhlizi və ortaq enerji-nəqliyyat layihələri iki qardaş ölkənin qlobal iqtisadiyyatdakı mövqeyini necə gücləndirir?

- Coğrafiya taledir deyirlər. Türkiyə ilə Azərbaycanın ən böyük uğuru bu taleyi strateji bir sərmayəyə çevirmələridir. Bu, Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Əsrin müqaviləsi” ilə başlayan və bu gün cənab Əliyevlə cənab Ərdoğanın qətiyyəti ilə böyüyən şüurlu bir strategiyanın məhsuludur. Bu strategiyanın ilk həlqəsi enerjidir. Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum təbii qaz boru kəmərləri ilə başlayan proses TANAP ilə zirvəyə çatıb. 2018-ci ildən bəri təxminən 100 milyard kubmetr təbii qaz daşıyan TANAP Avropanın enerji təchizatı təhlükəsizliyinin əvəzolunmaz ünsürlərindən biridir. 2025-ci ildə açılan İğdır-Naxçıvan təbii qaz boru kəməri ilə də Naxçıvanın enerji təhlükəsizliyi Türkiyə vasitəsilə təminat altına alıb.
İndi isə qazdan elektrik enerjisinə, fosil enerjidən yaşıl enerjiyə keçirik. Naxçıvandan Türkiyəyə uzanacaq elektrik xətti ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanı bir-birinə bağlayacaq yaşıl enerji dəhlizi Enerji və Təbii Sərvətlər Naziri Cənab Alparslan Bayraktarın ifadə etdiyi kimi “elektrikin TANAP-ı” olacaq. Dünən Avropaya Xəzərin qazını daşıyan iki qardaş ölkə sabah Xəzərin küləyini və Naxçıvanın günəşini daşıyacaq. İkinci həlqə nəqliyyatdır və kilid daşı Zəngəzur dəhlizidir.
Azərbaycan torpaqlarındakı dəmir yolu işlərinin dörddə üçü, avtomobil yolunun isə demək olar ki, hamısı başa çatıb. Dəhliz Qars-İğdır-Naxçıvan dəmir yolu ilə birləşdikdə illik 15 milyon tona qədər yük daşıma qabiliyyətinə malik yeni fasiləsiz xətt açılacaq və Anadolu ilə Azərbaycan ana qitəsi ilk dəfə olaraq birbaşa bir-birinə bağlanacaq. Azərbaycan Liderinin də vurğuladığı kimi, bu xətt elektrik və fiber infrastrukturu ilə enerji və məlumat da daşıyacaq.
Bu layihələrin ümumi təsiri ilə Türkiyə və Azərbaycan artıq yalnız tranzit ölkələr deyil; təchizat zəncirlərinin təhlükəsizliyini təmin edən və Avropanın enerji təchizatını şaxələndirən strateji tərəfdaşlardır. İllik 8 milyard dolları keçən ikitərəfli ticarətimizi liderlərimizin müəyyən etdiyi 15 milyard dollar hədəfinə daşımaq da bu infrastrukturun təbii nəticəsi olacaq. Bir sözlə, İpək Yolu yenidən doğulur; bu dəfə onu quran və işlədən yenə də Türk millətidir.
- Bəs COP31-in Türkiyədə keçirilməsinin əhəmiyyəti nədən ibarətdir?

- COP31 ölkəmizin ev sahibliyi etdiyi ilk Tərəflər Konfransı və bu günə qədərki ən əhatəli çoxtərəfli tədbirlərindən biridir. 85 dünya liderinin iştirakını təsdiq etdiyi, təxminən 100 min iştirakçının qatıldığı Antalya bu günlərdə qlobal iqlim diplomatiyasının mərkəzidir. Bu ev sahibliyinin əhəmiyyətini üç başlıqda görürəm.
Birincisi, diplomatik uğurdur. Türkiyə bu ev sahibliyini Avstraliya ilə qarşılıqlı razılaşma yolu ilə qazanıb; konfrans Antalyada keçirilərkən danışıqlara Avstraliya sədrlik edir. Eyni ildə NATO Zirvəsinə, Türk Dövlətləri Təşkilatının Zirvəsinə və COP31-ə ev sahibliyi edən Türkiyə 2026-cı ili əsl “zirvələr ili”nə çevirib.
İkincisi, Türkiyənin körpü roludur. İqlim danışıqlarının ən çətin məsələsi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı etimad böhranıdır. Həm Qərblə, həm də Qlobal Cənubla güclü əlaqələri olan Türkiyə bu iki dünya arasında körpü yarada biləcək nadir ölkələrdəndir.
Üçüncüsü, Türkiyənin öz yaşıl transformasiya baxışıdır. 2053 net sıfır hədəfi və Sıfır Tullantı hərəkatı iqlim mübarizəsinə sözlə deyil, tətbiqlə töhfə verdiyimizin göstəriciləridir. Türkiyənin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının 30 mart tarixini Beynəlxalq Sıfır Tullantı Günü elan etməsi və Sıfır Tullantı Fondunun rəhbərinin COP31-in İqlim Üzrə Yüksək Səviyyəli Çempionu təyin edilməsi bu modelin qazandığı beynəlxalq nüfuzun əks-sədasıdır. Yəni Antalyadan dünyaya verilən mesaj birmənalıdır: Türkiyə bəşəriyyətin ortaq problemlərinə həll yolları tapan, sözünü əmələ çevirən güclü və etibarlı dövlətdir.
- Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin COP31-də iştirakı da çox böyük əhəmiyyət daşıyır...

- Tamamilə razıyam. İlham Əliyevin COP31-də iştirakı həm siyasi, həm də məzmun baxımından son dərəcə mənalıdır. Siyasi baxımdan Rəcəb Tayyib Ərdoğanın sentyabr ayında Bişkekdə etdiyi dəvətə Şuşa görüşündən dərhal sonra verilən bu müsbət cavab Qarabağdan verilən qardaşlıq mesajının bu dəfə qlobal səhnədə təsdiq edilməsidir. Şuşadan Antalyaya uzanan bu görüşlər iki ölkənin hər bir platformada çiyin-çiyinə dayandığını göstərir. Məzmun baxımından isə Cənab Əliyev COP prosesinə şəxsən rəhbərlik etmiş bir liderdir. Azərbaycanın 2024-cü ildə Bakıda ev sahibliyi etdiyi COP29-da son dərəcə çətin danışıqlar qarşılıqlı razılıqla başa çatdırılıb, inkişaf etməkdə olan ölkələrə yönəlmiş iqlim maliyyələşdirilməsi hədəfi əvvəlki öhdəliyin 3 qatına - 2035-ci ilə qədər illik 300 milyard dollara çatdırılıb.
Antalyada müzakirə olunan tətbiq gündəliyi böyük ölçüdə Bakıda qoyulmuş bu təməl üzərində yüksəlir. Həmçinin birlikdə inkişaf etdirdiyimiz yaşıl enerji dəhlizinin COP31-in gündəminə daxil olması İlham Əliyevin iştirakı ilə daha güclü siyasi dəstək qazanacaq. Bakıdan cəmi iki il sonra Antalyanın bu məsuliyyəti öz üzərinə götürməsi Türk dünyasının artıq qlobal iqlim diplomatiyasında gündəm müəyyən edən bir aktor olduğunun da elanıdır.
Bu müsahibədə toxunduğum hər bir məsələdə - Qarabağdan Türk Dövlətləri Təşkilatına, Zəngəzurdan COP31-ə qədər eyni həqiqət ön plana çıxır: Türkiyə ilə Azərbaycan birlikdə olduqda bölgə daha təhlükəsiz, Türk dünyası daha güclü, dünya daha ümidlidir. Bu fürsətdən istifadə edərək qardaş Azərbaycan xalqına Türk millətinin sevgi və salamlarını çatdırıram.
Elmir Mustafa


