İsrailin yeni baş naziri kim olacaq? - MÜSAHİBƏ

MÜSAHİBƏ
14:53 / 18.11.2026
81

“Türk Söhbəti”nin buhəftəki qonağı Qaziantep Universitetinin müəllimi, professor, siyasi ekspert Ali Fuat Gökçedir.

Onunla İsraildə keçirilmiş seçkiləri ətraflı şəkildə müzakirə etdik. Seçkilərinin nəticələri, yeni hökumətin qurulması və ya yenidən seçkilərin keçirilməsi ehtimalları barədə danışdıq:


-    Ali Fuat müəllim, İsrail Prezidenti İsxak Hersoqun hökuməti qurmaq tapşırığını Qadi Eyzenkota verməsini necə qiymətləndirirsiniz?


-    Qadi Eyzenkota hökuməti qurmaq tapşırığının verilməsinin dünyada Benyamin Netanyahuya və onun yürütdüyü siyasətə qarşı olan qəzəbi qismən də olsa azaltmaq məqsədi daşıdığını qeyd etmək lazımdır. Lakin Eyzenkotla Netanyahunun ideoloji yanaşmalarının və fələstinlilərlə bağlı düşüncələrinin bir-birindən çox fərqləndiyini düşünmək mümkün deyil. Üstəlik, İsrail seçicisi hələ də İsrail dövlətinin yürütdüyü Fələstin siyasətini dəstəkləyir. 

Qəzzaya hücumlar davam edərkən İsraildə keçirilən etiraz aksiyalarında qaldırılan plakat və şüarlarda müharibənin dayandırılmasına yönəlmiş hər hansı bir çağırış yer almırdı. Şüarlarda belə müharibənin bitməsinə yönələn sözlər yox idi. Əsas mövzu girovların azad edilməsi idi. Yəni İsrail ictimai rəyinin hələ də Qəzza və Fələstin siyasətində mövcud hökuməti dəstəklədiyi görünür. 

Netanyahuya verilən səslər, Eyzenkotun aldığı səslər İsrail xalqının düşüncələrini əks etdirir. Eyzenkota hökuməti qurmaq tapşırığının verilməsi İsrailin dünya ictimaiyyətində itirdiyi qurban imicinin daha da aşağı yuvarlanmasının qarşısını almaq məqsədi daşıyır.

-    Sizcə, Eyzenkot hökuməti qura biləcəkmi?


-    Hesab edirəm ki, Eyzenkotun hökumət qurması çətin görünür. Əgər ərəb partiyalarını sistemə daxil etsə, hökuməti qurması mümkündür. Lakin ərəb partiyalarının sistemə ortaq edilməsi hələlik ehtimal olunan deyil. Onun aldığı səs və deputat yerləri koalisiya yaratmağı məcbur edir. Netanyahu özü isə baş nazir olmadığı müddətcə Eyzenkot hökumətini dəstəkləyəcəyini düşünmürəm. Bununla belə, ABŞ-nin də tərəflərə təzyiq göstərmək ehtimalı var. Ancaq bunun təsirinin nə qədər olacağını təxmin etmək olduqca çətindir. 

Düzdür, ABŞ siyasətində Prezident Donald Trampın partiyasının aralıq seçkilərindəki məğlubiyyəti İsraillə əlaqələndirilir. Buna baxmayaraq, Vaşinqtonun Yaxın Şərq siyasətinin əsasında İsrailin varlığını qoruyub saxlaması dayandığından, ABŞ-nin Tel-Əvivi tək qoymaq istəməyəcəyini, sadəcə mövcud şəraitdə də ona qeyd-şərtsiz dəstək verməyəcəyini zənn edirəm.

-    Bəs hər hansı formada milli birlik hökumətinin qurulma ehtimalı var? Belə bir hökumət qurularsa, Benyamin Netanyahu yenidən baş nazir olacaqmı?


-    Eyzenkot hökumət qura bilmədiyi təqdirdə, Prezident böyük ehtimalla Netanyahuya da hökuməti qurmaq tapşırığı verəcək. Hərçənd ki, Netanyahuya açıq şəkildə dəstək verilməsi o qədər də mümkün görünmür. Lakin Netanyahunun rəhbərliyi altında Eyzenkotun kənardan dəstəklədiyi hökumət ola bilər. Həmçinin, Netanyahuya heç bir şəkildə toxunulmayacağına dair təminat verilməsi şərti ilə Eyzenkotun başçılığı altında onun kənardan dəstəklədiyi hökumət də qurula bilər. Həmin hökumətin nə qədər davamlı ola bildiyi isə keçmiş təcrübələrdən görünür.

-    Son günlərdə dünya mediasında Netanyahunun İrana qarşı əməliyyatlara başlanılması ilə bağlı Trampa təzyiq göstərdiyi iddia olunur. Maraqlıdır, Netanyahu nə üçün israrla ABŞ-nin İrana zərbə endirməsini istəyir? Bu, onun hakimiyyətdə qalmasına təsir edə bilər?


-    Netanyahu ABŞ olmadan İrana qarşı uğur qazana bilməyəcəyini anlayıb. Son müharibədə ABŞ-nin olmasına baxmayaraq, İsrail torpaqları İran raketlərinin hədəfi olub. ABŞ-siz İsrailin bölgədə işi çox çətin olar. Üstəlik, Netanyahu böyük coğrafiyalara və əhaliyə malik olan İran, Türkiyə, Suriya, İraq kimi ölkələri həmişə təhlükə olaraq görür. Bu səbəbdən də bölgədə daimi qarşıdurmaların olmasını istəyir. 

Hesab edirəm ki, Netanyahu indiki vəziyyətdə bu təhlükə ilə təkbaşına mübarizə apara bilməyəcəyi üçün ABŞ kimi qlobal gücü yanında görmək istəyir. Aralıq seçkilərindən dərhal sonra “New York Times” qəzeti İranın ABŞ-də kimyəvi silah istifadə edə biləcəyinə dair xəbər dərc etdi. Bu xəbərin məqsədi Trampın seçkidən sonra İran siyasətindən vaz keçməsinin qarşısını almaq idi. Əslində, İranın kimyəvi silah işlətməsi o qədər də ağlabatan görünmür. Fikrimcə, İsrailin əsas məqsədi belə saxta məlumatlarla Trampı müharibənin mərkəzində saxlamaqdır.

-    İsraildə yenidən seçkilərin keçirilməsi ehtimalını necə qiymətləndirirsiniz?


-    Əgər heç bir formada hökumət qurula bilməsə, yenidən seçkilər keçirilə bilər. Hazırda yenidən seçkilərin keçirilməsi 51 faiz ehtimalla görünür. Çünki istər Eyzenkotun, istərsə də Netanyahunun mövcud vəziyyətlə hökumət qurması çətindir. Milli birlik hökuməti ən güclü seçim kimi görünür. Mövcud dinamiklər ABŞ-nin təzyiqi ilə bu variantı artırır. Lakin bu hökumətin qurula bilmədiyi təqdirdə yenidən seçkilər ola bilər. Hərçənd ki, İsrailin siyasi böhran yaşamaması üçün hansısa formada bir hökumət quracaqlarını düşünürəm.

Elmir Mustafa

0