“Türk Söhbəti”nin yeni bölüm qonağı beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçudur.
Onunla Zəngəzur dəhlizinin Cənubi Qafqaz və Avrasiya nəqliyyat şəbəkələrindəki əhəmiyyətindən danışdıq. Onunla layihənin Azərbaycan və Türkiyə üçün yaratdığı iqtisadi və logistik imkanları, Orta Dəhlizlə əlaqəsini, TRIPP təşəbbüsü və son diplomatik addımları, eləcə də regional normallaşma və uzunmüddətli perspektivləri müzakirə etdik.
- Mehmet bəy, müasir geosiyasi və iqtisadi şəraitdə Zəngəzur dəhlizi Cənubi Qafqaz və Avrasiya nəqliyyat şəbəkələri baxımından hansı əhəmiyyətə malikdir?

- Beynəlxalq ticarətin və nəqliyyat şəbəkələrinin yenidən formalaşdığı müasir dövrdə ölkələrin coğrafi mövqelərini iqtisadi və strateji üstünlüyə çevirmək imkanları getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu çərçivədə Zəngəzur dəhlizi Xəzər hövzəsi ilə Avropa arasındakı əlaqələrin şaxələndirilməsi, Cənubi Qafqazın beynəlxalq nəqliyyat sistemində rolunun gücləndirilməsi və Avrasiyada yeni ticarət marşrutlarının inkişaf etdirilməsi baxımından ön plana çıxır. Dəhliz region ölkələri arasındakı nəqliyyat imkanlarını inkişaf etdirməklə yanaşı, Avrasiyadakı ticarət axınlarına da təsir göstərir.
- Zəngəzur dəhlizi Azərbaycan və Türkiyəyə hansı iqtisadi, logistik və strateji üstünlüklər qazandırır?

- Azərbaycan baxımından layihənin qazandırdığı üstünlüklərdən biri ölkənin beynəlxalq tranzit daşımalarında mövqeyinin güclənməsidir. Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya uzanan əlaqələrini qərb istiqamətində Türkiyə və Avropa bazarlarına çatdırmaq imkanı əldə edir. Bu, ölkənin enerji ixracı ilə yanaşı, dəmir yolu və avtomobil nəqliyyatı, logistika xidmətləri və tranzit ticarət sahələrində də mühüm mərkəzə çevrilməsini dəstəkləyir.
Həmçinin, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin qurulması ölkənin nəqliyyat bütövlüyü baxımından üstünlük yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi infrastrukturlarla birlikdə qiymətləndirildikdə Zəngəzur dəhlizi Azərbaycanın Avrasiya nəqliyyat şəbəkələrindəki mövqeyini gücləndirir.
Türkiyə baxımından isə Zəngəzur dəhlizi Azərbaycanla nəqliyyat əlaqəsinin gücləndirilməsi və Türk Dünyası ilə iqtisadi münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır. Türkiyənin Naxçıvan üzərindən Azərbaycana, oradan da Xəzər hövzəsi və Mərkəzi Asiyaya uzanan marşrutlara çıxışının asanlaşması ticarət və logistika fəaliyyəti baxımından yeni imkanlar yaradır. Bu bağlantı Türkiyənin Avropa ilə Asiya arasındakı tranzit daşımalarında rolunu dəstəkləməklə yanaşı, türk dövlətləri arasında inteqrasiyaya da töhfə verir.
- Dəhlizin Orta Dəhlizlə əlaqəsi nədən ibarətdir və bu, şərq-qərb ticarət marşrutlarına necə təsir göstərir?

- Zəngəzur dəhlizinin beynəlxalq miqyasda Orta Dəhlizlə əlaqəsi xüsusi əhəmiyyət daşıyır. Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çatan Orta Dəhliz Avrasiyanın şərq-qərb ticarət əlaqələrində mühüm marşrut kimi ön plana çıxır. Zəngəzur dəhlizi isə Azərbaycanın qərb istiqamətindəki nəqliyyat seçimlərini şaxələndirərək bu şəbəkənin imkanlarını genişləndirir. Beləliklə, mövcud nəqliyyat marşrutları arasında əlaqələrin qurulması və Avrasiya ticarət şəbəkələrinin şaxələndirilməsi üçün yeni imkanlar yaranır.
- Son diplomatik addımlar və TRIPP layihəsi prosesi necə sürətləndirir?

- Diplomatik inkişaflar da Zəngəzur dəhlizinin həyata keçirilməsinə yönəlmiş prosesi sürətləndirir. 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan birgə Bəyannamə siyasi zəmin yaradır. Bu prosesdə gündəmə gələn TRIPP layihəsi Ermənistan üzərindən nəzərdə tutulan nəqliyyat bağlantısına dair ABŞ ilə Ermənistan arasındakı icra çərçivəsini formalaşdırır.
23 noyabr 2026-cı ildə Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və ABŞ hökumətlərinin həyata keçirdiyi TRIPP layihəsinin icra mərhələsinin başlandığını bəyan edir. Həmin gün ABŞ Prezidenti Donald Trampın sülh prosesinə verdikləri töhfələrə görə İlham Əliyev və Nikol Paşinyana təşəkkür etməsi Azərbaycanın diplomatik prosesə töhfəsinin beynəlxalq səviyyədə təqdir olunduğunu göstərir. Prezident İlham Əliyevin də Trampın təşəkkürünə cavab verməsi prosesin diplomatik tərəfini ön plana çıxarır.
- Azərbaycan və Türkiyə liderlərinin 24 noyabr 2026-cı ildə Beynəlxalq Qafqaz Konqresinə müraciətlərində hansı əsas məqamlar vurğulanıb?

- Azərbaycan Prezidenti İlham Əliyev 24 noyabr 2026-cı ildə İğdırda keçirilən Beynəlxalq Qafqaz Konqresinə göndərdiyi müraciətdə Zəngəzur dəhlizinin Orta Dəhlizin imkanlarını artıracağını, Türkiyə ilə birbaşa quru nəqliyyatı əlaqələrini genişləndirəcəyini və tarixi İpək Yolunun yenidən canlandırılmasına töhfə verəcəyini vurğulayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da konqresə ünvanladığı müraciətdə Zəngəzur keçidinin açılmasının Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı nəqliyyat infrastrukturunu gücləndirəcəyini, eyni zamanda Türkiyə ilə Türk Dünyası arasında əlaqələr üçün yeni imkanlar yaradacağını bildirir.
Ərdoğan həmçinin İpək Yolu marşrutlarında ticarətin canlanmasının, əməkdaşlığın genişlənməsinin və xalqlar arasında əlaqələrin möhkəmlənməsinin bütün regiona fayda verəcəyini qeyd edir. Hər iki liderin açıqlamaları Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyənin regional nəqliyyat strategiyasında, eləcə də Türk dünyası ilə əlaqələrin inkişafında mühüm yer tutduğunu göstərir.
- Regional normallaşma amili və Zəngəzur dəhlizinin uzunmüddətli təsiri nədən ibarətdir?

- Regional baxımdan Zəngəzur dəhlizinin uğuru Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və nəqliyyat əlaqələrinin təhlükəsiz, dayanıqlı zəmində fəaliyyət göstərməsi ilə sıx bağlıdır. Bununla yanaşı, nəqliyyat imkanlarının region ölkələrinə təmin edəcəyi iqtisadi faydalar Cənubi Qafqazda əməkdaşlığın inkişafı üçün mühüm potensial yaradır.
Beləliklə, Zəngəzur dəhlizi Azərbaycanın beynəlxalq ticarət və nəqliyyat şəbəkələrində mövqeyinin güclənməsi, Türkiyə ilə Azərbaycan arasındakı birbaşa əlaqələrin inkişaf etdirilməsi və Türk dünyasının iqtisadi və nəqliyyat inteqrasiyasının irəliləməsi baxımından strateji əhəmiyyət daşıyır. Dəhliz eyni zamanda, Cənubi Qafqazın beynəlxalq nəqliyyat sisteminə daha fəal şəkildə qoşulmasına töhfə verir.
Zəngəzurun uzunmüddətli təsiri isə nəqliyyat infrastrukturunun tamamlanması ilə yanaşı, Türkiyə, Azərbaycan və digər türk dövlətləri arasında iqtisadi münasibətlərin inkişafına, Avrasiyadakı ticarət dövriyyəsinə və regional sülh mühitinə verəcəyi töhfə ilə də formalaşır.
Elmir Mustafa


