Trampın partiyası seçkidə qalib gələ bilər? - Professorla MÜSAHİBƏ

MÜSAHİBƏ
10:10 / 22.10.2026
447

“Türk Söhbəti”nin buhəftəki qonağı Elektronik Sənət və Beynəlxalq Siyasət İnstitutunun (ESUPA) sədri, “UPA Strategic Affairs” jurnalının baş koordinatoru, professor Ozan Örmecidir.

Onunla ABŞ-də keçiriləcək aralıq seçkiləri, Prezident Donald Trampın reytinqinin aşağı düşməsi və onun addımlarını müzakirə etdik. Həmçinin, professorla İsraildə keçiriləcək parlament seçkiləri, İran müharibəsinin yenidən başlama ehtimalı, eləcə də Rusiya-Ukrayna savaşı barədə danışdıq.

-    Ozan bəy, ABŞ-də noyabr arayında aralıq seçkiləri keçiriləcək. Seçkilərdə Donald Trampın partiyası Respublikaçıların qazanmaq ehtimalını necə qiymətləndirirsiniz?


-    ABŞ-dəkı aralıq seçkilərində İran müharibəsi məsələsində dəqiq bir uğura nail oluna bilinməməsi və ölkədəki iqtisadi problemlər fonunda Demokrat Partiyasının irəlidə olacağı gözlənilir. Lakin bu, böyük bir məğlubiyyət əvəzinə daha tarazlı və qismən bir üstünlük şəklində təzahür edə bilər.

Yəni Senatda və Nümayəndələr Palatasında Demokratların bir qədər öndə olacağı, ancaq Prezident Trampı vəzifəsindən kənarlaşdıra biləcək çoxluğa çata bilmədiyi bir siyasi mənzərə görməyimiz kifayət qədər ehtimal olunandır. Bunu sorğu şirkətlərinin proqnozlarına əsaslanaraq deyirəm. Belə ki, ABŞ-də bu sahə ciddi bir sənayeyə çevrilib və kifayət qədər peşəkardır. 

Buna rəğmən, seçkiyə hələ 1,5 ay kimi bir vaxt var və Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə bağladığı dizel sazişi və seçicilərə 5000 dollar paylamaq kimi qəfil gedişlərilə qismən irəliləyişlər əldə etməsi hələ də mümkündür. Üstəlik, ABŞ siyasi ənənələrində Prezident seçkilərini qazanan partiya demək olar ki, hər aralıq seçkidə səs itkisi yaşayır. 

Bu, ABŞ-dəki seçicilərin demokratik rejimə və tarazlıq-tormozlama mexanizminə verdikləri əhəmiyyətin bir təzahürü kimi də görülə bilər. Yəni mənim gözləntim, Demokratların qismən öndə olacaqları, lakin Trampın populist taktikaları ilə öz partiyasının gücünü müəyyən dərəcədə qoruyub saxlayacağı qismən üstünlük mənzərəsidir.

-    Maraqlıdır ki, keçirilən sorğuların əksəriyyətində Respublikaçıların aralıq seçkilərində məğlub olacağı nəticəsi ortaya çıxır. Sizcə, məğlubiyyət yaşansa, bunun ən böyük səbəbləri nələr olacaq?


-    İlk sualda da bildirdiyim kimi, ABŞ seçiciləri baxımından gündəlik həyatlarına təsir edən iqtisadi göstəricilər birinci dərəcəli faktordur. Benzin qiymətlərindəki qismən artım və ya ərzaq məhsullarındakı inflyasiya kimi səbəblərlə Prezidentə və hökumətə etirazını bildirə bilən həddindən artıq demokrat bir seçici tipologiyası mövcuddur. Bu məsələdə, şübhəsiz ki, İran müharibəsi səbəbindən iqtisadiyyatı mənfi təsirlənən ABŞ-də Prezident Trampın gedişləri tamamilə uğurlu ola bilmədi. Lakin Tramp yenə populist taktikalarla gücünü qoruyub saxlamaq adına hər yola əl atır və zaman-zaman irəliləyişlər əldə edir. 

Tramp yaxşı bir sağ populistdir, ancaq ABŞ-nin demokratik rejimi və İran müharibəsində mütləq bir qələbə mənzərəsinin təmin edilə bilməməsi bu seçkidəki ən böyük zəiflikləridir. Demokratlar da əslində yaxşı performans göstərə bilmirlər və xarizmatik bir liderləri yoxdur. Kaliforniya Qubernatoru Gevin Nyusom bu məsələdə irəliləyən aylarda Prezident və lider namizədi kimi önə çıxa bilər.

Hazırda isə hələlik böyük lider xarizmaları olmasa da, fərqli və sosialist xəttində siyasət yürüdən Nyu-York-un bələdiyyə sədri Zohran Mamdani, Miçiqandakı müsəlman namizəd Məhəmməd əl-Sayed, qoca solçu senator Berni Sanders kimi bəzi yeni ulduzlar yaratmağı bacarıblar.

-    Eyni zamanda Trampın reytinqi də 33 faizə qədər geriləyib. O, həm reytinqini qaldırmaq, həm də aralıq seçkilərini uduzmamaq üçün hansı addımları ata bilər?


-    Tramp 1 ay ərzində iqtisadiyyatı düzəldə biləcək bəzi tədbirlərə müraciət edə bilər. Həmçinin, kütləvi səsvermə gücü olan qruplar üzərində Trampın məsləhətçiləri həssaslıqla işləyəcəklər. Yəni xristian dindar qruplar, evangelistlər, Amerikan millətçiləri və ağdəri millətçiləri kimi qruplara yönəlik bəzi konret təşəbbüs və bəyanatlar olacaq.

Bundan başqa, islamofobiya və bir çox müsəlman namizədi olan Demokratları radikalizmlə eyniləşdirərək təhlükəsizlik siyasətinin bir hissəsinə çevirməyi də sınaya bilər. Əl-Sayedə də bənzər şəkildə sataşmalar və hücumlar olması mümkündür. Təəssüf ki, qazanmaq hər şey demək olduğu üçün Tramp kimi sərt və güclü siyasətçilər güclərini qorumaq üçün hər yolu sınayırlar.

Demokratlar da tam əks-simmetrik olaraq Trampı bir nifrət obyektinə çevirərək seçicini motivasiya etməyə çalışırlar. Yaxın vaxtlarda Prezidentin bir neçə qəsd cəhdindən sağ çıxdığını unutmamaq lazımdır. Təəssüf ki, ABŞ siyasəti populizm və qütbləşmənin əsirinə çevrilərək arzuolunmaz bir hala gəlib.

-    Bəs İsraildəki seçkilər haqqında necə düşünürsünüz? Benyamin Netanyahu yenidən qazana bilərmi?


-    Orada daha mürəkkəb bir mənzərə gözləyirəm. Likud Partiyası və Netanyahunun Qəzzada baş verənlərə dair beynəlxalq reaksiyaların İsrail seçicisinə də təsir etməsi və uzun sürən müharibənin xalqı yorması səbəbindən əhəmiyyətli dərəcədə səs və mandat itkisi yaşaması gözlənilir.

Likudun mandat sayı 20-nin belə altına düşə bilər. Qadi Eyzenkotun sədri olduğu Yaşar Partiyasının isə ciddi bir sıçrayış edərək bu seçkidə birinci olma şansı var. Lakin bu, keçmiş Baş Qərargah rəisinin Baş nazir ola biləcəyi mənasına gəlmir. Seçkidən sonra nə Netanyahunun, nə də Eyzenkotun blokları 61 millət vəkilinə çatmayacaq və ölkədə siyasi bir boşluq yaranacaq.

Ərəb partiyaları ilə əməkdaşlıq etməyə yanaşmamaları da bu vəziyyətdə rol oynayır. Çünki İsrailin bütün səylərinə baxmayaraq, ərəb mənşəli İsrail vətəndaşı olan seçicilər artıq bu ölkə siyasətinin bir reallığına çevriliblər. Bu şəraitdə fərqli tipli çoxpartiyalı koalisiya ola biləcəyi kimi, seçkilərin yenilənməsi ssenarisi də mümkündür.

ABŞ-nin də İsrail üzərində təsirli ola bildiyini nəzərə alsaq, Tramp koalisiya danışıqlarında və ya ikinci seçkidən əvvəl ciddi təsir göstərə bilər. Normalda Netanyahunu dəstəkləyən Tramp son dövrdə bəzi məsələlərdə onunla fikir ayrılığı yaşadığı üçün başqa bir namizədi də gizlicə dəstəkləyə bilər.

-    Son günlərdə İran müharibəsinin yenidən başlaya biləcəyi yönündə iddialar da yayılıb. Necə düşünürsünüz, həqiqətən müharibə yenidən başlaya bilərmi?


-    Əlbəttə ki, İran müharibəsinin yenidən başlaması ehtimal daxilindədir. Trampın iddialı bəyanatlarına və İranın düşdüyü acınacaqlı vəziyyətə baxmayaraq, tərəflərin müharibə əzmimdə bir azalma yoxdur. İran qismən xarici dəstəklə rejimi qoruyub saxlaya biləcəyinə inanır. ABŞ də İrandakı rejimin zəif olduğuna və xalq hərəkatları ilə devrilə biləcəyini düşünür. Məncə, həqiqət bu ikisinin arasında bir yerdədir.

Xüsusilə Hürmüz böhranı həll olunmazsa, müharibənin müəyyən bir mərhələdə yenidən başlama ehtimalı var. Bu, İsraildə Netanyahunun, ABŞ-də isə Trampın əlini gücləndirə bilər. Nəzərə almaq lazımdır ki, müharibə vaxtlarında insanlar adətən hökumətlərin ətrafında sıx birləşirlər ki, bu da müharibəni hətta siyasi hesablamaların tərkib hissəsinə daxil edə bilir.

-    Bəs Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyini təxmin edirsiniz? 


-    Ukraynanın Avropa dəstəyi ilə Trampın prezidentliyindən sonrakı dövrə qədər tab gətirə biləcəyi təqdirdə, həm Prezident Volodmir Zelenskinin öz postunda qalması, həm də Ukraynaya göstərilən Qərb dəstəyinin artması mümkündür. Bu məsələdə hətta Respublikaçılar Partiyasının nümayəndələri də Trampı həddindən artıq Rusiya tərəfdarı adlandıraraq tənqid edirlər. Putin və Rusiya isə Ukrayna ilə yaşadıqları münaqişənin davam etməsi səbəbindən Trampın uzatdığı əli havada saxlayır. 

Üstəlik, müharibə müddətində Ukraynada Rusiyaya qarşı nifrət çox geniş yayılıb. Bunu bərpa etmək isə çox çətindir. Lakin əlbəttə ki, Rusiyanın ABŞ-nin tam dəstəyi olmadan müharibəni uduzacağını gözləmək də məntiqli deyil. Düşünün ki, dünyanın ən böyük nüvə cəbbəxanasına sahib olan və ordusu hələ də yaxşı vəziyyətdə olan bir dövlətdən söhbət gedir.

İqtisadiyyatı zəif olsa da, hələ də kifayət qədər təhlükəli bir ölkədir. Bunu son Duma seçkilərində də gördük. Putin və partiyasının topladığı səs faizi artdı. Belə bir ölkə ilə mübarizə aparmaq çətindir. Əlbəttə, Avropanın dəstəyi çox vacibdir, lakin kifayət deyil. 

ABŞ-nin tam dəstəyi olmadan Ukrayna çox uzun müddət müqavimət göstərə bilməyə bilər. Seçkilər bir göstərici kimi qəbul ediləcəksə, rejim kifayət qədər güclüdür. Bu səbəbdən Ukrayna və Zelenski üçün ən yaxşı şans ABŞ-ni inandırmağa çalışmaq və müqavimət göstərmək, yaxud da yaxşı bir razılaşma ilə özlərini xilas etmək olmalıdır. 

Elmir Mustafa

0