Saçını süpürgə etsə də, zorakılıq görən qadınlar...

KÖŞƏ YAZILARI
11:49 / 10.07.2026
167

Qadın ailənin dayağı, cəmiyyətin formalaşmasında mühüm rol oynayan şəxsiyyətdir. 

O, istər ana, istər övlad, istərsə də bacı kimi sevgi, qayğı və mərhəmət hisslərini özündə birləşdirir. Milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsində qadınların, xüsusilə anaların əməyi əvəzsizdir. Uşaqların mənəvi dünyasının formalaşması, ailə dəyərlərinə bağlı böyüməsi və milli kimliyini tanıması ilk növbədə ailədə verilən tərbiyədən başlayır.

Sağlam cəmiyyətin təməli də məhz qarşılıqlı hörmət, sevgi və etimada söykənən ailələrdə qoyulur. Bu səbəbdən ailə daxilində zorakılıq yalnız bir insana deyil, bütövlükdə ailənin mənəvi bütövlüyünə və uşaqların gələcəyinə ağır təsir göstərir.

Qadına qarşı hər cür zorakılığın qarşısının alınması, onun hüquqlarının və ləyaqətinin qorunması həm cəmiyyətin sağlam inkişafı, həm də gələcək nəsillərin təhlükəsiz və dəyərli mühitdə böyüməsi üçün vacib şərtlərdən biridir.

Son günlər qadın qətlləri xəbəri gündəmdən düşmür. Ötən gün 2 qadının öldürülməsi xəbəri hər kəsi məyus etdi. Dünyanın hər bir ölkəsində qadınlar müxtəlif formada zorakılığa məruz qalır.  Bu halların artmasına ailədaxili münaqişələr, maddi çətinliklər, alkoqol və narkotik asılılığı, eləcə də köhnəlmiş stereotiplər təsir göstərən əsas amillər sırasındadır. 

Ən ağrılı məqamlardan biri isə bir çox qadının təhlükəni kənardan deyil, məhz öz yaxın çevrəsindən görməsidir. Belə hadisələr qadının şəxsi həyatına, peşə fəaliyyətinə, təhsil imkanlarına, ictimai fəallığına və övladlarının sağlam inkişafına da mənfi təsir göstərərək bütövlükdə cəmiyyətin rifahına zərbə vurur.

Zorakılıq anlayışını yalnız fiziki xəsarətlə əlaqələndirmək düzgün deyil. Bu problem insanın şəxsiyyətini, hüquqlarını və azadlıqlarını müxtəlif yollarla məhdudlaşdıran davranışların bütöv bir sistemini əhatə edir. Təhqir olunmaq, alçaldılmaq, qorxu altında yaşamağa məcbur edilmək, iqtisadi cəhətdən asılı vəziyyətə salınmaq, sosial mühitdən təcrid olunmaq, təhsil almaq hüququndan məhrum edilmək, erkən nikaha məcbur edilmək, cinsi zorakılığa və istismara məruz qalmaq, təqib, şantaj, kiberhücumlar, ailədaxili təzyiq və qadın alveri kimi hallar da zorakılığın fərqli təzahürləri hesab olunur.

Bəzən görünməyən yaralar, gözlə görünən izlərdən daha ağır nəticələr doğurur. Fiziki xəsarətlər müəyyən müddətdən sonra sağalsa da, davamlı psixoloji təzyiq insanın düşüncəsinə, hisslərinə və həyat tərzinə uzunmüddətli təsir göstərir. Şiddət qadının özünəinamını sarsıdır, təhlükəsizlik hissini zəiflədir və gələcəyə inamını azaldır. Bu proses uzandıqca həm psixi, həm də fiziki sağlamlıq ciddi zərər görə bilir.

Son olaraq qeyd edək ki, qadına hörmət və təhlükəsiz həyat şəraiti yaratmaq hər bir cəmiyyətin əsas məsuliyyətlərindən biridir. O, ailənin təməli, gələcək nəslin yetişdiricisidir və hər şeydən əvvəl ləyaqəti, hüquqları qorunmalı olan bir insandır. Buna görə də qadına qarşı zorakılığa heç bir halda bəraət qazandırmaq olmaz, onu incidən deyil, yanında olan və müdafiə edən bir cəmiyyət formalaşdırmaq vacibdir.

Günel Cəlilova

0