Rusiyanın bəzi media resurslarında Azərbaycana, o cümlədən xalqımıza, ölkə rəhbərliyinə və milli dəyərlərimizə qarşı açıq şəkildə təhdid xarakterli və düşmənçilik ritorikası ilə müşayiət olunan materialların yayılması ciddi narahatlıq doğurur.
Azərbaycan dövlətçiliyinə, ölkəmizin ərazi bütövlüyünə və konstitusiya quruluşuna qarşı zorakı çağırışların səsləndirilməsi artıq adi media mübahisəsi çərçivəsindən kənara çıxır. Azərbaycan Baş Prokurorluğunun o fikri səsləndirən şəxslərlə bağlı hüquqi müstəvidə tədbirlər görməsi də məsələnin ciddiliyini göstərir.
Aparılan bu kampaniyalara ayrı-ayrı şəxslərin məsuliyyətsiz açıqlamaları kimi baxmaq olmaz. Mənim fikrimcə, bu, xüsusi hazırlanmış və Rusiyanın siyasi elitası ilə razılaşdırılmış siyasi kursun tərkib hissəsidir. Sadəcə, bu siyasi mesajlar müxtəlif media platformaları və ayrı-ayrı şəxslər vasitəsilə verilir. Bunun əsas səbəbi isə Azərbaycanın müstəqil siyasi kursu, milli maraqlarını ardıcıl və prinsipial şəkildə müdafiə etməsidir.
Təbii ki, biz bunu Rusiya xalqının və ya bütövlükdə Rusiya cəmiyyətinin münasibəti kimi qəbul etmirik. Azərbaycan və Rusiya xalqları arasında tarixən formalaşmış humanitar və insani əlaqələr mövcuddur. Söhbət konkret olaraq Azərbaycan dövlətinə qarşı düşmənçilik, təhdid və təxribat dilindən istifadə edən şəxslərdən, informasiya platformalarından, eləcə də bu prosesin arxasında dayanan məqsədlərdən və onu formalaşdıran siyasi yanaşmalardan gedir.
Azərbaycanın müstəqil siyasi qərarları heç bir xarici media qurumunun və ya siyasi dairənin razılığından asılı deyil. Ölkəmiz öz milli maraqlarına əsaslanan siyasət yürüdür və bu siyasi kursu kənardan formalaşdırmaq mümkün deyil.
Əgər kimlərsə informasiya təzyiqi, təhqir və təhdid yolu ilə Azərbaycanı öz siyasi mövqeyindən geri çəkindirməyə çalışırsa, yanılır. Azərbaycan dövləti belə cəhdlərə hüquqi və siyasi müstəvidə adekvat cavab vermək imkanına və iradəsinə malikdir.
Azərbaycanı öz məqsədlərindən, milli maraqlarından və siyasi xəttindən yayındırmaq mümkün olsaydı, bunu Qarabağ münaqişəsi zamanı etməyə çalışanlar öz istəklərinə nail olardılar. 30 il ərzində eyni siyasi kurs davam etdirildi. Lakin Azərbaycan bütün təzyiqlərə və etirazlara baxmayaraq, öz torpaqlarını azad edəcəyini bəyan etdi və bu məqsədindən geri çəkilmədi.
Nəticədə nə baş verdi? Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ona görə də Rusiya siyasi dairələri də başa düşməlidirlər ki, Azərbaycan heç bir xarici təzyiq qarşısında öz müstəqil siyasi kursundan geri çəkilməyəcək. Bizim milli maraqlarımız, dövlətçilik mövqeyimiz və milli iradəmiz müzakirə predmeti deyil.
Rəfail Becanov
"Cebhe.info" Xəbər Portalının baş redaktoru, siyasi şərhçi



