Uşaq mağazanın qarşısında dayanır və gözünə xoş gələn oyuncağı göstərir: “Mən bunu istəyirəm”.
Valideyn isə kartını çıxarır, ödəniş edir və bir neçə dəqiqə sonra oyuncaq artıq uşağın əlindədir. Uşaq üçün isə proses çox sadə görünür: istədim, aldılar. Lakin uşağın gələcəkdə pula münasibətini müəyyən edən ilk dərslərdən biri məhz həmin anda başlayır.
Nəzərə almaq lazımdır ki, uşaq bir gün böyüyüb maaş alanda pulu necə idarə edəcəyini birdən-birə öyrənmir. Pulun dəyəri, ehtiyacla istəyin fərqi, xərcləmək, gözləmək, qənaət etmək və seçim etmək kimi anlayışların təməli daha erkən yaşlarda qoyulur.
Əslində uşağın pul haqqında təsəvvürü çox vaxt aldığı ilk oyuncaqla deyil, ona həmin oyuncağın necə və nə üçün alındığını izah edən valideynin münasibəti ilə başlayır. Çünki uşaq üçün pul əvvəlcə rəqəm deyil, seçimdir. “Bunu ala bilərikmi?” sualı əslində valideyn üçün yaxşı maliyyə dərsinin başlanğıcı ola bilər.
Cavabın hər dəfə “hə” olması uşağa imkanların sonsuz olduğu təsəvvürünü yarada bilər. Hər dəfə “yox” deyilməsi isə pulun sadəcə qadağa vasitəsi kimi qəbul edilməsinə səbəb ola bilər. Əsas məsələ uşağa qərarın arxasındakı səbəbi göstərməkdir. Uşağın istədiyi hər şeyi həmin gün əldə etməsi vacib deyil.
Əksinə, müəyyən bir məqsəd üçün gözləmək və tədricən pul toplamaq uşağın səbr və planlama bacarığını da inkişaf etdirə bilər. Bunun üçün böyük məbləğ lazım deyil. Uşağın istədiyi kiçik bir əşyanın qiyməti müəyyənləşdirilir və qarşısına sadə məqsəd qoyulur: “Bu məbləğə çatanda onu ala bilərsən”.
Buna görə uşağın qarşısına konkret və yaşına uyğun məqsəd qoymaq daha təsirli yanaşmadır. Bu, oyuncaq, kitab, velosiped və ya başqa bir istək ola bilər. Uşaq həmin məqsədə çatmaq üçün pulunun bir hissəsini saxlamağı öyrənir. Uşağa pul idarə etməyi öyrətməyin ən təsirli üsullarından biri onun yanında düzgün maliyyə qərarları verməkdir.
Valideyn alış-veriş zamanı “Bunu həqiqətən almağa ehtiyacımız varmı?”, “Daha münasib variant varmı?” kimi suallar üzərində düşünürsə, uşaq da zamanla bu yanaşmanı mənimsəyir. Ona görə ki, uşaq pul haqqında yalnız deyilənləri eşitmir, pulun necə xərcləndiyini də görür. Ən vacibi isə uşaq pulun həyatın məqsədi olmadığını, lakin düzgün idarə olunmadıqda ciddi problemlərə səbəb ola biləcək bir vasitə olduğunu anlamalıdır.
Sevinc


