Şəhidlərin adını qayalara yazmaq ehtiram deyil...

KÖŞƏ YAZILARI
15:03 / 07.09.2026
147

Şuşaya səfər edən bəzi şəxslərin qaya və daşların üzərinə şəhid adları, müxtəlif ifadələr yazması ilk baxışda adi bir vandallıq faktı kimi görünə bilər. 

Lakin məsələ Şuşadan və bir neçə daşın üzərinə yazılan sözlərdən daha böyük məna daşıyır. Söhbət Azərbaycan xalqının tarixində xüsusi yeri olan, hər qarışı uğrunda ağır mübarizələr aparılmış torpaqlara münasibətdən gedir.

Şuşa sadəcə gəzməli, şəkil çəkdirməli və xatirə toplamalı bir şəhər deyil. Bu şəhərin küçələrində, qayalarında, torpağında Azərbaycanın keçdiyi ağır tarixin izləri var. 

Şuşanın azadlığı üçün canından keçən şəhidlərin xatirəsi isə həmin tarixin ən müqəddəs səhifələrindəndir. Amma məsələ yalnız Şuşa ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması Azərbaycanın tarixində misli görünməmiş bir fədakarlıqla başa gəldi. Bu torpaqların azadlığı üçün yüzlərlə, minlərlə Azərbaycan övladı həyatını itirdi. 

Bu gün ayaq basdığımız hər qarış torpağın arxasında bir insan taleyi, yarımçıq qalmış bir ömür, bir ailənin itkisi və böyük bir ağrı dayanır.
Ona görə də işğaldan azad edilmiş torpaqların hər dağı, hər qayası, hər təpəsi və hər qarışı bizim üçün adi coğrafi məkan deyil. Bu torpaqların yaddaşında şəhidlərimizin qanı, onların fədakarlığı və Vətən uğrunda verdikləri həyat var. 

Bu baxımdan həmin ərazilərdəki təbii və tarixi abidələrə münasibət də adi davranış ölçüləri ilə qiymətləndirilməməlidir. Xüsusilə şəhidlərimizin adlarının belə üsulla daş və qayaların üzərinə yazılması məsələnin daha həssas tərəfidir. Şəhidin adını yaşatmaq, onun xatirəsinə ehtiram göstərmək, əlbəttə, müqəddəs niyyətdir. Lakin bu niyyətin ifadə forması da həmin müqəddəsliyə uyğun olmalıdır. Çünki Qarabağ yalnız bir neçə şəhidin adı ilə ölçülə biləcək qədər kiçik bir tarix deyil. 

Bu torpaqların azadlığı bir nəfərin, iki nəfərin, bir neçə insanın fədakarlığı hesabına qazanılmayıb. Burada minlərlə şəhidin izi var. Hər şəhid ailəsinin yaşadığı ağrı, hər yarımçıq qalan həyat və Vətən üçün verilən hər can bu qələbənin ayrılmaz hissəsidir. 

Bu səbəbdən bir neçə şəhidin adını qayalara yazmaq, istər-istəməz belə bir sual doğurur: Bəs həmin torpaqlar uğrunda həyatını itirən digər şəhidlərin xatirəsi necə? Onların hər birinin adı eyni dərəcədə müqəddəs deyilmi? Əgər məqsəd şəhidlərin xatirəsini yaşatmaqdırsa, bunu tarixi və təbii irsin üzərinə yazı yazmaqla deyil, onların hamısını əhatə edən, layiqli və xüsusi xatirə məkanlarında etmək daha doğru olmazmı?

Nəzərə almaq lazımdır ki, Azərbaycanın müxtəlif bölgələrində şəhidlərin adlarının əbədiləşdirilməsi üçün memorial komplekslər, xiyabanlar, abidələr və xatirə guşələri yaradılır. Hər bir şəhidin adı belə məkanlarda ehtiramla yaşadıla bilər. Bunun üçün Şuşanın qədim qayasına, Qarabağın təbii landşaftına müdaxilə etməyə ehtiyac yoxdur.

Əslində, şəhidə göstərilən ən böyük ehtiram onun adını hər gördüyümüz daşa yazmaq deyil. Onun uğrunda can verdiyi Vətəni qorumaq, həmin torpağın tarixini yaşatmaq və gələcək nəsillərə olduğu kimi ötürməkdir. Yəni Şuşada qayaların üzərinə yazı yazmaq sadəcə bir daşın görünüşünü dəyişdirmək deyil. Bu, tarixi yaddaşa münasibət məsələsidir.

İşğaldan azad edilmiş torpaqların hər qarışına xüsusi məsuliyyətlə yanaşmalıyıq. Çünki o torpaqlarda yalnız təbiət, tarix və memarlıq abidələri deyil, xalqımızın böyük bir mübarizəsinin izləri yaşayır...

Sevinc

0