Azərbaycanda sərhədçilərə silah çəkildi — İranlının dəhşətli əməlləri

ÖLKƏ
18:41 / 18.05.2020
1414

Azərbaycanda silahlı insident törətməkdə, qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan İran İslam Respublikasının vətəndaşı 1976-cı il təvəllüdlü Nəsiri Əbabeyglu Şəhzad Şükür oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İran İslam Respublikasının vətəndaşı Nəsiri Əbabeyglu Şəhzad Şükür istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib. O, saxladığı həmin narkotik vasitəni satmaq qərarına gəlib.

Bu fikrini 2016-cı ilin fevral ayının əvvəllərində tanışı Şahin Əliyev və sonuncunun vasitəsi ilə qohumu Şölət Ağayeva bildirib, narkotik vasitəni Cəlilabad rayonu ərazisində sərhədə yaxın yerə qədər gətirib.

Sonuncuların məlum yerdən narkotik vasitəni götürüb və müştəri taparaq satıbŞ bir kiloqramına 5000 manatdan onun pulunu vermələri, gəlirin qalanını isə özlərinə götürmələri barədə razılaşıb.

Onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdikdən sonra Şahin Əliyevdən müştəri olduğunu öyrənib.

Nəsiri Əbabeyglu Şəhzad Şükür 27 fevral 2016-cı il tarixdə razılaşmanın üzərinə düşən tərəfini yerinə yetirmək məqsədi ilə narkotik vasitəni üzərində daşımaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Cəlilabad rayonunun Edişə kəndinin ərazisinə keçirib.

Daha sonra bu barədə məlumat verməklə qrupun digər üzvlərinin narkotik vasitələri Edişə kəndi ərazində gizlətdiyi yerdən götürmələrini təmin edib. O, həmin tarixdə gəldiyi yolla ölkəsinə geri qayıtmaqla Azərbaycan Respublikasının dövlət sərhədini təkrar qanunsuz olaraq keçib.

Bundan sonra qrupun digər üzvü Şahin Əliyevin 2016-cı ilin fevral ayının ortalarında narkotik vasitə almaq istəyən müştəri tapmasını təklif etdiyi tanışı Rəcəb Yaqubov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat verib.

İdarə əməkdaşları tərəfindən 25 fevral 2016-cı il tarixdən etibarən başlanmış əməliyyat-axtarış tədbirləri çərçivəsində təlimatlandırılmış Rəcəb Yaqubovun iştirakı ilə sonuncunun Tələt kimi təqdim etdiyi, Şahin Əliyevin görüşdüyü şərti alıcı Nadir Məmmədovun pulunun olduğuna əminliyi yarandıb.

Daha sonra Nadir Məmmədovun istəyi əsasında rayonun Edişə kəndindən onun gizlətdiyi yerdən qrupun digər üzvü Şölət Ağayevlə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıyaraq Astanabad kəndinə gətirdikləri külli miqdar təşkil edən ümumi təmiz çəkisi 4865 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və müştəriyə nümunə qismində göstərmək üçün gətirdiyi təmiz çəkisi 10,215 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini 28 fevral 2016-cı il tarixdə saat 04.00-da bir kiloqramı 7000 manata olmaqla, cəmi 35000 manata Cəlilabad rayonunun Astanabad kəndində satmaq istəyərkən sonuncular yaxalanıb.

Baxış zamanı Şölət Ağayevin sağ əlində olan bir ədəd polietilen torbadakı ayrı-ayrılıqda təmiz çəkiləri 1.000 qram, 1.880 qram, 990 qram və 995 qram olmaqla, ümumi təmiz çəkisi 4 kiloqram 865 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, habelə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən özünün təqdim etdiyi bir ədəd sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 10,215 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Bundan başqa, Nəsiri Əbabeyglu Şəhzad Şükür oğlu həmyerlisi İmani Əli Heydərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasına gəlmək məqsədi ilə 26 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Cəlilabad rayonunun Edişə kəndi ərazisinə keçiblər.

O, 29 noyabr 2018-ci il tarixdə saat 21 radələrində gəldiyi yolla həmyerlisi ilə ölkəsinə geri qayıtmaq üçün Azərbaycan Respublikasının dövlət sərhədini təkrar qanunsuz olaraq keçməklə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “N” saylı hərbi hissənin sərhəd zastavasının hərbi qulluqçuları tərəfindən mühafizə olunan sərhəd rejimi ərazisində olarkən daxil olmuş məlumat əsasında sərhəd pozucunu tutmaq üçün “UAZ” markalı, 03-06-SQ hərbi qeydiyyat nişanlı xidməti avtomobildə onların olduğu əraziyə gəlmiş sərhədçilər Vaqif Hacıyev, Elçəddin Rəhimov və Rauf Xəlilovun yaxınlaşdığını, üzərində olan gecə görmə cihazı ilə müşahidə edərkən 250 metr uzaqda çoxlu sayda əsgərlərin pusquda dayanmalarını görüb.

Nəsiri Əbabeyglu Şəhzad Şükür oğlu ləngisələr yaxalanmalarının qaçılmaz olduğunu fikirləşib və ələ keçməkdən qurtulmaq yolunun yaxınlıqda olan 3 nəfər hərbi qulluqçunu güllələyərək qaçmaq olduğu qənaətinə gəlib. O, xidməti vəzifələrini yerinə yetirən, onları yaxalamağa çalışan sərhədçiləri qəsdən öldürmək qərarına gəlib.

Bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi avtomat silahdan onlardan 30 metr aralıda olan Vaqif Hacıyev, Elməddin Rəhimov və Rauf Xəlilov istiqamətində tuşlayaraq nizamsız atəşlər açıb.

Buna baxmayaraq hava şəraitinin qaranlıq, dumanlı, ərazidəki relyefin çökəklik və təpəliklərdən ibarət olması, sərhədçilərin bu cür hallara qarşı xüsusi hazırlıqlı olmaları, xidməti avtomobildən sipər kimi istifadə etməklə xidməti silahlardan ona qarşı atəş açdıqlarına görə, eyni zamanda özünün də həyəcan hissləri keçirməsi və Vaqif Hacıyevin xidməti silahdan atəş açmaqla ona xəsarət yetirib, onu yaralı vəziyyətdə ələ keçiriblər.

Nəsiri Əbabeyglu Şəhzad Şükür oğlu öz iradəsindən asılı olmayan həmin səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyib. O, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “N” saylı hərbi hissənin qərargah rəisinin müavini-dövlət sərhədinin mühafizəsi bölməsinin rəisi Vaqif Hacıyev, sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini, çevik hərəkət bölüyünə ezam edilmiş Elməddin Rəhimov və təminat bölüyünün sürücü-atıcı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Rauf Xəlilovu öldürməyə cəhd edib.
İstintaq orqanı tərəfindən Nəsiri Əbabeyglu Şəhzad Şükür oğlunun barəsində Cinayət Məcəlləsinin 29,120,2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 206.3.1-ci (təkrar qaçaqmalçılıq törətmək), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) və 318.2-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsiri Əbabeyglu Şəhzad Şükür oğlu 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Hökmdən narazı qalan Nəsiri Əbabeyglu Şəhzad Şükür oğlu apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror İran vətəndaşının ciddi rejimli cəza çəkmə müəssisəsində yox, xüsusi rejimli cəza çəkmə müəsisəsinə keçirilməsini istəyib.

Prokurorun protesti, təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayəti və protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Baş prokurorun müavini Namiq Əsgərovun imzası ilə verilən protest isə təmin olunub. Nəsiri Əbabeyglu Şəhzad Şükür oğlunun barəsində təyin olunan 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Nəsiri Əbabeyglu Şəhzad Şükür oğlunun şikayəti təmin olunmayıb.

0
Demokrat.az