Toy mövsümü başlayır: Ekspertlərdən təhlükə barədə xəbərdarlıq

ÖLKƏ
23:38 / 08.04.2024
145

“Toylarda məşhur brendlərin adlarından istifadə edib insanlara saxta içkilər təklif edilir”.

Bu fikirləri deputat Novruzəli Aslanov (Novruz Aslan) Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

Deputat qeyd edib ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı layihə təsdiq olunduqdan sonra kiçik kustar üsulla istehsal sahələri bağlanacaq:

“Ən çox vergi ödəyiciləri məhz bu sahədədir. Keçmiş zamanlardan bu günə qədər biz kustar üsulla məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq. Bu məhsullar insanlara, cəmiyyətə təhlükədir. Əsas odur ki, biz onları sıradan çıxaraq. Düşünürəm ki, bu qanun layihəsi çox vacibdir və hər bir insanın sağlamlığına xidmət edəcək”.

Bəs görəsən, ölkənin əmtəə bazarında spirtli içkilərin istehsalı və satışı ilə bağlı vəziyyət nə yerdədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov bildirib ki, hazırda bu sahədə, demək olar ki, xaos hökm sürür:

“Əmtəə bazarının bu seqmentində xaos var. İllərdir, üzərində saxta aksiz markası olan, kustar üsulla hazırlanmış və standartlara cavab verməyən spirtli içkilər hazırlanır. Bu sahədəki vəziyyətin acınacaqlı olduğunu sübut edən faktı dörd il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi aşkarladı. DİN sübut etdi ki, ölkənin əmtəə bazarında ən bahalı yerlərdə belə, brend məhsul adı altında naməlum tərkibli spirtli içkilər satılır. Düşünürəm ki, onlar bu növ işləri davam etdirməlidirlər. Cürbəcür şadlıq saraylarının zirzəmilərində də bu tip içkilərin hazırlanması daim gündəmdə olub və bu gün də davam edir”.

Eyyub Hüseynov spirtli içkilərin də, digər məhsullardakı kimi, müəyyən saxlama müddətinin olduğunu qeyd edib:

“Əhali bilməlidir ki, spirtli içkilər təkcə öz hazırlanma texnologiyalarına görə yox, eləcə də satışda uzun müddət saxlandığına görə də insan sağlamlığı üçün təhlükəlidir. Bir çox spirtli içki istehsalçıları və texnoloqlar iddia edirlər ki, spirtli içkilərin yararlılıq müddəti sonsuzdur. Lakin araqların satışda qalma müddəti bir ildən artıq olmamalıdır. Konyaklar üçün bu müddət üç il, şərablar üçün isə altı aydır. Uzun müddət saxlanılan içkilər xüsusi qablarda və çəlləklərdə saxlanılır. Hətta saxlanma yerlərində yüksək səslə də danışmaq olmaz ki, içki “ayıla” bilər. Ölkənin əmtəə bazarında bu cür içkilər çoxdur. Azad İstehlakçılar Birliyi alıcıları bu cür içkiləri ifşa etməyə çağırır. Təsadüf deyil ki, zəhərlənmələrin statistikasına baxsaq, içkidən zəhərlənmələr siyahıda ön sırada durur. Qida sektorunda yoxlamalar mütləq bərpa olunmalıdır. Cəld reaksiya mexanizmi tətbiq edilməlidir”.

Qeyd edək ki, Ramazan ayının başa çatması ilə ölkədə toy mövsümü yenidən start götürəcək. Bu isə əhalini daha diqqətli olmağa vadar edir.

 

MN-də 143 milyon manatlıq mənimsəmə: "Rəis dedi ki, heç olmasa, yarısını versin"

Müdafiə Nazirliyinin (MN) Hərbi Polis idarəsinin, həmçinin bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş və 1 milyon 900 min manat mənimsəmədə təqsirləndirilən Sadiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs və şahidlər ifadə verib.

Müttəhim Sadiq Hacıyev məhkəmə iclasında özünü qismən təsirli bilib. O, deyib ki, maliyyə hesablamalarında səhv var. Bu barədə istintaqda da bildirib. Onun sözlərinə görə, xidmət etdiyi hərbi hissədə maliyyə yoxlamasının qeyd etdiyi rəqəmlərdə də səhv var imiş. Arxiv sənədlər məhv olduğu üçün bunu sübut edə bilməyib.

“Hərbi hissədə kartlar var idi. Pulları həmin kartlara vuraraq nağdlaşdırıb ələ keçirirdik. Pulların 70 faizini korpusun maliyyə xidmət rəisi Rövşən Əliyevə verirdim. R.Əliyev deyirdi ki, bu qədər artıq yaz, biz də yazırdıq. Bunlar barədə MN-in maliyyə-büdcə idarəsinin də xəbəri var idi. Birinci təftişə Rüfət Quliyev gəlmişdi. O, heç bir sənədə baxmırdı. Pulu Rövşən Əliyev bölürdü və ondan da 30 faizi mənə qalırdı, həmin puldan hərbi hissənin müəyyən xərclərinə də ayırırdım. İşlədiyim hərbi hissələrin birində 200 min manata qədər çatışmazlıq var idi. Hərbi Polis İdarəsində də eyni qayda ilə işləyirdik. İdarəyə təftişə Səfər Şıxəliyev gəlmişdi. Ona 45 min manat pul vermişdim. Hərbi Polis İdarəsində müəyyən olunan 772 min manat çatışmazlıqdan 90 min manatını xüsusi tapşırıqla vermişdim”, - o, bildirib.

S.Hacıyev istintaqda bildirib ki, mənimsənilən pullardan 20 faizi təminata, 40 faizi təftişə, qalanı da özlərinə qalıb.

Şahid Süleyman Abbasovun sözlərinə görə, təftiş vaxtı MN-in maliyyə idarəsində maliyyələşmə şöbəsinin rəisi vəzifəsində işləyib. S.Hacıyevi xidmət vaxtı tanıyıb. Korpusun sabiq maliyyə xidmət rəisi Bayram Bayramovdan 520 min manat pul alaraq Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nizami Məmmədova verib. Mənimsənilən pullardan 64 min 580 manatı ona qalıb. Müəyyən miqdarını ödəyib qalanını da ödəyəcək.

Nazirliyin Maliyyə və Büdcə idarəsində, eləcə də Mənzil-İstismar idarəsində işləmiş Həsən Paşayev deyib ki, təftişə gələndə 18 min manat çatışmazlıq aşkar olunmuşdu:

“Çatışmazlığı Rafael Xələfova məruzə etdim, o, dedi ki, heç olmasa yarısını versin. Mən də Sadiq Hacıyevdən 9 min manat alıb R.Xələfova verdim. O, bidirdi ki, çatışmayan məbləği sənədə qeyd etməyim”.

S.Hacıyev şahidin sözlərinə əlavə olaraq deyib ki, təftişçilər 18 min manat çatışmazlığı silmək üçün 9 min manat pul istəyib. Bu puldan korpusun maliyyə rəisinin xəbəri olmayıb.

Şahid S.Abbasov qeyd edib ki, onun dövlətə vurduğu ziyan 850 min manat məbləğində hesablanıb. Bu puldan müəyyən miqdarını ödəyib, qalanını da ödəyəcək.

Məhkəmə iclasında şahid qismində ifadə verən Səfər Şıxəliyev deyib ki, 2014-2019-cu ildə MN-in Nəzarət və Təftiş şöbəsində baş inspektor işləyib. Təftiş vaxtı 140 min manat pozuntu aşkar olunub. O, 47 min manat alaraq R.Xələfova verib.

“Hərbi Polis İdarəsində 150 min manat çatışmazlıq aşkar etmişdik. Bu barədə R.Xələfova məruzə edəndə dedi ki, məbləğin 30 faizini al gətir. Rəis dedi ki, təftiş sənədlərinə təmiz yaz, mən də yazdım”, - o bildirib.

Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.

 

0