Moskvada aparılan sərhəd danışıqlarının yekununda təmasların davam etdirilməsi ilə bağlı razılığa gəlindiyi haqda məlumatları var.
Xarici işlər nazirinin müavini Xələf Xələfovun Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko ilə məsləhətləşmələr aparması bu məlumatın doğruluğunu gücləndirir.
Xələfovun əsas fəaliyyəti sərhədlərin delimitasiyası prosesinə rəhbərlik etmək olub. Xəzərin statusu ilə bağlı danışıqlar başa çatandan sonra tutduğu postdan azad olundu. Gürcüstan-Azərbaycan arasında Keşikçi dağı məsələsi gündəmə gələndə yenidən vəzifəsinə qaytarıldı.
Moskva danışıqlarından sonra Xələfovun Rudenko ilə görüşü sərhədin demarkasiya üzrə üçtərəfli komissiyanın yaradılmağa başladığını deməyə əsas verir.
Nikol Paşinyan da sərhədin demarkasiyası və delimitasiya ilə bağlı hazırlanan yeni sənəddə üçtərəfli komissiyanın yaradılmasının nəzərdə tutulduğunu bildirmişdi.
Gərginliyin danışıqlar masasına keçməsi Moskva və Bakının marağındadır.
Moskva vasitəçilik missiyasını davam etdirir və “beynəlxalq müşahidəçilərin” gəlişi məsələsini arxa plana keçirir. Putinin Baydenlə görüşə qədər prosesi danışıqlar mərhələsinə keçirməyə, ilkin razılaşma bazasını formalaşdırmağa çalışacağı gözlənilən idi.
Bakı üçün əsas olan sərhədlərinin bərpa edilməsi, Ermənistanın dövlət sərhədini tanıması, bununla Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsidir.
İrəvan nə istəyir? Mümkündür ki, Azərbaycanda saxlanılan erməni diversantların bir neçəsi Ermənistana təhvil verilsin. Seçkilər ərəfəsində Paşinyan üçün cari qazanclar daha vacibdir. Ermənistanın baş prokuroru Artur Davtyanın Rusiya baş prokuroru İqor Krasnovla Bakıda saxlanılan erməni diversantların qatarılması məsələsini müzakirə etməsi də bu ehtimalı gücləndirir.
Asif Nərimanlı