Azərbaycanda turizm kanalı açıla bilər?

İQTİSADİYYAT
15:03 / 04.11.2024
317

Dünyanın bir çox ölkəsində turizmə aid telekanallar var. 

Turizm sektorunda fəaliyyət göstərən şəxslər, otellər və digər iaşə obyektləri həmin kanalda öz tanıtımlarını edirlər. Bu isə turizmə marağı daha da artırır və stimullaşdırır. Ölkəmizdə isə belə kanal mövcud deyil. 

Bəs Azərbaycanda turizm temalı kanalın yaradılmasına ehtiyac varmı? 

Turizm üzrə ekspert Ceyhun Aşurov Hit.az-a açıqlamasında bildirib ki, dünyada belə kanalların öz auditoriyası var:

361506

"Həmin kanallarda dünyanın müxtəlif gəzməli-görməli yerləri, təbiəti ilə tanış olmaq olur. Azərbaycanda isə belə bir kanal yoxdur. Hətta son dövrlərə qədər turizmlə bağlı xəbərlər belə olmurdu. Lakin indi bir çox saytlarda turizm xəbərləri dərc olunur. 

Həmçinin, bəzi telekanallarda və ya "Youtube" kanallarında turizmlə bağlı proqramlar hazırlanır. Bu, həmin yerlərin daha çox tanınmasına və məlumatın ötürülməsinə də imkan yaradır".

Ekspert qeyd edib ki, turizm kanalının bir çox bölgənin inkişafına müsbət təsir göstərər:

"Hansısa coğrafi məkan daha çox turist cəlb etmək istəyirsə, onun tanıdılması mütləqdir. Həmin ərazinin haqqında daha geniş sujetlərin hazırlanması və maraqlı məlumatların çatdırılması ərazini daha çox kəşf etdirir". 

Lakin Ceyhun Aşurov hesab edir ki, hazırda Azərbaycanda belə kanalın açılmasına ehtiyac yoxdur:

"Əslində, reklam və ya tanıtım məqsədli hansısa turizm telekanalı açıla bilər. Orada turizm xəbərləri və turizmlə bağlı müxtəlif məlumatların paylaşılması mümkündür. Belə kanalın olmağının heç bir ziyanı yoxdur. 

Amma Azərbaycanda belə bir kanalın çox geniş auditoriyası olmayacaq. Çünki böyük bir tələb olsaydı, indiyə kimi açılardı. Bunun üçün hələ ki, tezdir. Lakin hansısa kanalda turizm rubrikasının olması bugünkü gün üçün kifayət edir". 

Pərviz

0