Xurma yemək kimlər üçün risklidir? - Mütəxəssis AÇIQLADI

SAĞLAMLIQ
11:30 / 05.11.2024
539

"Payız mövsümünün ənənəvi meyvələrindən hesab olunan xurmanın (karalyok) tərkibi çox faydalıdır". 

Bu sözləri Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda xurmanın bir çox növü var:

361556

"Bunlardan da ən çox "karalyok" kimi bilinən bal xurma növüdür. Hansı ki, onlar da yüksək enerji mənbəyi olduğuna, eləcə də tərkibində vitamin və mineral ehtiyatı bol olduğuna görə çox faydalıdır. Bu meyvə idmançılar və aktiv həyat tərzi sürən insanlar üçün ideal qidadır. 

Çünki tərkibində A və C vitamini, dəmir, kalsium, maqnezium kimi bir çox vitamin və minerallar var. Həmçinin, xurmanın tərkibi liflərlə də zəngindir. Üstəlik, bu meyvənin həm həzmi asandır, həm də bağırsaqların fəaliyyətini yaxşılaşdırır". 

Həmsöhbətimiz qeyd edib ki, xurmanın tərkibindəki antioksidant maddələr də sərbəst radikallarla mübarizə aparır və xroniki xəstəlikləri olan şəxslərin vəziyyətlərin ağırlaşmasına mane olur:

"Xəstəliklərin yaranma riskini və iltihabı da azaldır. Eyni zamanda, ürək sağlamlığı üçün də olduqca faydalıdır.

Ümumiyyətlə, xurma yüksək enerji verdiyi üçün onu günün birinci yarısında qəbul etmək tövsiyə olunur. Həm gün ərzində sizi enerjili edəcək, həm də düzgün şəkildə həzm olunacaq". 

Mütəxəssis həddindən artıq xurma yeməyin zərərli ola biləcəyini də söyləyib:

"Normadan artıq xurma yemək şəkər xəstələri üçün riskli ola bilər. Artıq çəki problemi olan insanlar da xurma qəbul edərkən kalori miqdarını nəzərə almalıdır. Bundan başqa, həzm problemi olan insanlar da xurma qəbul etdikdən sonra şişkinlik və qarın nahiyəsində narahatlıq hiss edə bilər. Onların da xurmanı daha az qəbul etmələri tövsiyə olunur. 

Xurmanın özünə və ya tərkibindəki maddələrə qarşı allergik reaksiyası olan insanlar da az miqdarda qəbul etsinlər. Tərkibində kaliumda çox olduğu üçün böyrək xəstəliyindən əziyyət çəkənlərə də normadan artıq xurma yemək tövsiyə olunmur". 

Məhsəti Hüseynova hansı şəxslərə xurmanın daha çox xeyir verəcəyindən də danışıb:

"İdmançılar, həzm problemləri olmayan və immun sistemini gücləndirmək istəyən şəxslər xurma vasitəsilə orqanizmin vitamin və mineral ehtiyaclarını ödəyə bilərlər. Ümumiyyətlə, balanslı qidalanmada mütəmadi olaraq mövsümi və yerli meyvələrdən istifadə etmək daha faydalıdır".

Pərviz

0