Xəyalını qurduğumuz günlərin başladığı gün - 8 Noyabr

SİYASƏT
15:45 / 07.11.2024
530

Sabah Azərbaycan Ordusunun tarix yazdığı böyük Zəfərin növbəti ildönümüdür.

27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində başlayan əks-hücum əməliyyatı 8 noyabrda möhtəşəm qələbə ilə yekunlaşdı. Şuşanın işğaldan azad olunması ilə düşmən ağ bayraq qaldırdı və kapitulyasiya aktına imza atdı. 
 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşməni darmadağın etdi. Ermənistan ordusu Azərbaycan Ordusun qarşısında heç nə edə bilməyərək, diz çökdü. Hətta erməni əsgərləri qəhrəman hərbçilərimizin qarşısına çıxmağa belə qorxurdular. Bu sözü boş yerə demirik. Belə ki, müharibə zamanı Ermənistanda 10 mindən çox fərari oldu. Onlar, Cənubi Qafqazın ən güclü Orudusuna sahib Azərbaycanın qarşısına çıxmaqdan qorxduqları üçün qaçdılar. 

Həmçinin, müharibə meydanında da qaçan çox sayda erməni əsgəri var idi. Bunu müharibə zamanı çəkilmiş görüntülər də sübut edir. Azərbaycan Ordusunda isə 1 nəfər belə olsun fərari olmadı. Əksinə, insanlar cəbhəyə getmək üçün könüllü şəkildə müraciət edirdilər. Hətta əsgərliyə yararsız hesab olunanlar belə torpaqlarımızın işğaldan azad olunması üçün döyüşnək istəyirdilər.

Elə qələbəni də məhz bu birlik gətirdi. Bütün xalq Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Nəticə isə bütün dünyaya məlumdur. Ermənilərin tək olmadığı savaş meydanında Azərbaycan igidləri tək başına çıxaraq onları məhv etdi. Müharibə boyu İlham Əliyevin yürütdüyü uğurlu diplomatiyanı da xüsusi qeyd etmək lazımdır. 

Ordu cəbhədə tarix yazarkən, Prezident də beynəlxalq media qurumlarına verdiyi müsahibələr və xarici dövlətlərin başçıları ilə danışıqlarında Azərbaycanın haqq səsini hər kəsin diqqətinə çatdırdı. Yəni İlham Əliyev həm Ali Baş Komandan, həm də Prezident kimi 44 günlük Vətən müharibəsində inanılmaz dərəcə böyük xidmətlər göstərdi.

Prezidentimiz, şəhidlərimiz və qazilərimiz sayəsində bu gün Qarabağ azaddır. Bu gün tam olaraq suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan var. Hazırda ölkəmizin hər yerində üçrəngli bayrağımız dalğalanır. Bax, əsl bayram da məhz budur.

Əvvəllər azad olunacağı xəyallarını qurduğumuz torpaqlara bu gün istədiyimiz zaman rahatlıqla gedə bilirik. Üstəlik, onminlərlə məcburi köçkün bu gün dədə-baba torpağında yaşayır. Onu da əlavə edək ki, Qarabağ hər keçən gün daha da dirçəlir, inkişaf edir.

Şuşa, Xankəndi, Laçın, Füzuli, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocalı, Xocavənd, Ağdərə və bütün Qarabağda Azərbaycan bayrağı dalğanır. Həmin ərazilərdə bir nəfər belə olsun separatçı qalmayıb. Bütün bunlar Azərbaycan Ordusunun qazandığı zəfərin yaratdığı yeni reallıqlardır. Allaha şükürlər olsun ki, bizə illərlə qurduğumuz xəyalları yaşamağı nəsib etdi!

Pərviz

0