Şamaxının Çarhan kəndi aylardır susuz qalıb - Ölkə rəhbərliyinə müraciət olundu

ÖLKƏ
11:01 / 07.04.2022
1794

"Şamaxı rayon İcra hakimiyyətinin razılığı əsasında 10 oktyabr 2021-ci il tarixində Çarhan kənd bələdiyyəsi və qanunvericiliyə əsasən fəaliyyət göstərən fiziki şəxs Ramazan Kərimov arasında Çarhan kəndinin 4,5 km məsafədə 159 mm-lik köhnə, istifadəyə yararsız su xəttinin yeni 110 mm-lik politelen boru ilə əvəz olunması və su təchizatı ilə təmin olunması barəsində müqavilə imzalanıb. Müqavilənin şərtinə əsasən göstərilən xidmətin dəyəri olaraq köhnə 159 mm-lik 4,5 km uzunluğunda polad borular Ramazan Kərimova təhvil verilib. Bunun əvəzində isə R.Kərimov kəndə yeni 110 mm-lik politelen borularla su xətləri çəkməli idi. Amma R.Kərimov keyfiyyətsiz, istifadəyə yararsız borulardan istifadə etdiyi üçün böyük bir kənd artıq 8 aydan çoxdur ki, susuzluqdan əziyyət çəkir. Borular keyfiyyətsiz olduğu üçün suyun təzyiqinə davam gətirməyərək partlayıb".

Hit.Az xəbər verir ki, bu barədə Şamaxı rayon Çarhan kənd bələdiyyəsinin üzvü.ş jurnalist Nicat Mahmudovun ölkə rəhbərliyinə və I Vitse-prezident Mehriban xanın Əliyeveya müraciətində deyilir.

"Artıq 8 aydan çoxdur ki, susuz qalan, yay aylarının yaxınlaşması ilə vəziyyəti daha da ağırlaşan Şamaxı rayon Çarhan kənd sakinlərinin adından bu müraciəti sizə ünvanlamağı özümə borc bilirəm. İlk öncə xatırladım ki, həmin kənd sakinlərinin lider səs çoxluğu ilə son bələdiyyə seçkilərində Çarhan kənd bələdiyyəsinə üzv seçilmişəm. Kənd arası yolların çınqılla örtülməsi və asfaltlanması, yeni məktəb binasının inşa olunması, kəndin qazlaşdırılması üçün media vasitəsilə müxtəlif dövlət orqanları qarşısında təşəbbüs qaldırmışam və rəhbərlik etdiyim saytda bu məsələləri daim diqqətdə saxlamışam. Dövlət başçımızın böyük diqqəti nəticəsində reallaşan bu layihələrdə az da olsa payımın olması məni sevindirir. Amma artıq 8 aydan çoxdur ki, mənə inanaraq səs verən, güvənən insanların qarşısında özümü günahkar hesab edirəm, utanıram. Çünki, dəfələrlə müraciət etməyimə baxmayaraq, böyük bir kəndi susuz qoyan, imzaladığı müqaviləyə, verdiyi sözə xəyanət edən bir şəxsin cəzalandırılması üçün əlaqədar dövlət qurumları heç bir tədbir görmür". 
 
Bələdiyyə üzvü qeyd edir ki, kəndin su problemi barəsində Şamaxı rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədova, başçının müavini Hikmət Şikarova da müraciət edib: "Hər iki hörmətli şəxs çox yaxın zamanlarda bu məsələnin müsbət həll ediləcəyinə söz veriblər. Lakin hesab edirəm ki, göründüyü kimi bu məsələnin həlli onların da imkanı çərçivəsindən kənardır. Kənd camaatı isə demək olar ki, susuzdur". 

Müraciətdə daha sonra deyilir:

"Mənə və təmsil etdiyim YAP-a etimad göstərmiş kənd camaatımın adından sizə- Azərbaycanımızın xeyirxahlıq və şəfqət mücəssiməsinə müraciət edərək yardım etmənizi xahiş edirəm. Böyük bir kəndi susuz qoyan Ramazan Kərimovun əməllərinə hüquqi qiymət verilməsinə, Çarhan kəndinə dəymiş maddi ziyanın zərər verənin tərəfindən ödənilməsinə və kəndin keyfiyyətli su xətləri ilə təchiz olunmasına göstəriş verəcəyinizə inanıram. Müqəddəs Ramazan ayında bundan böyük savab ola bilməz. Sizə təmsil etdiyim Çarhan kənd sakinləri adından öncədən təşəkkürümü bildirirəm".

0