Həkim, yazıçı, prezident - Arias 83 yaşında da birinci kürsüyə iddialı olub

DÜNYA
21:10 / 24.04.2023
703

O, ixtisasca həkim olub, eyni zamanda yazıçı kimi də tanınıb. Arnulfo Arias bu səhələr üzrə böyük perspektivlərə malik olsa da, bütün ömrünü və fəaliyyətini siyasətə həsr edib, siyasi çəkişmələrdən, təzyiq və təhdidlərdən çəkinməyərək ömrünün son illərinə qədər hakimiyyət uğrunda mübarizəsini davam etdirib. O, Panama tarixinə üç dəfə prezident seçilən, amma bir dəfə də olsun prezidentlik müddətini başa vura bilməyən siyasətçi kimi düşüb...

Arnulfo Arias 1901-ci ildə Panamanın Kokle əyalətində anadan olub. O, ilk təhsilini kilsə məktəbində alıb. Daha sonra ABŞ-da Harvard Universitetində tibb fakültəsində oxuyub.

Amerikadakı təhsilini başa vurduqdan sonra öz ölkəsinə qayıdan Arias Panamanın faktiki olaraq ABŞ-dan asılılığına qarşı çıxan hərəkata qoşulub, Vətənpərvər Partiyasının lideri seçilib, 1931-ci ildə isə o, prezident Florensio Arosemenanın hakimiyyətdən devrilməsində fəal iştirak edib.

Arnulfo_Arias_Madrid.jpg (81 KB)

Panamada hakimiyyət çevrilişindən sonra Arias siyasi fəaliyyətini qardaşı Armodio Ariasın prezident seçilməsinə yönəldib və 1932-ci ildə Armodio Panama prezidenti seçilib. Arias qardaşının formalaşdırdığı kabinetdə diplomatik vəzifələrdə çalışıb.

Armodio Arias prezidentlik dövründə bir sıra uğurlar əldə etsə də, xüsusilə ABŞ qoşunlarının Panamada sərbəst hərəkətini məhdudlaşdırmağa nail olsa da, növbəti seçkilərdə qələbə qazana bilməyib.

Qardaşının məğlubiyyətini qəbul edə bilməyən Arias 1930-cu illərin sonunda özü prezident kürsüsü uğrunda mübarizəyə başlayıb. 1940-cı ildə keçirilən prezident seçkilərində o, böyük səs çoxluğu ilə Panama prezidenti seçilib. Çox qısa bir zamanda Arias prezident kimi bir sıra islahatlar həyata keçirib, Panamanın yeni konstitusiyası qəbul olunub, ölkədə qadınlara səs vermək hüququ verilib. Bununla yanaşı, Ariasın prezidentliyinin ilk ayları kütləvi repressiyalarla yadda qalıb, ispan dilində danışmayan panamalılar vətəndaşlıqdan məhrum ediliblər, mövcud hakimiyyətə qarşı çıxanlar ən ağır cəzalara məhkum olunaraq həbsxanalara atılıblar.

II Dünya müharibəsinin getdiyi ərəfədə Arias Hitler koalisiyasını, nasist blokunun dövlətlərini (OSİ) açıq şəkildə dəstəkləyib. Sözsüz ki, bu cür xarici siyasət ABŞ tərəfindən müsbət qarşılanmayıb. 1941-ci ilin oktyabr ayında Arias Amerika kəşfiyyatının təşkilatçılığı ilə hakimiyyətdən devrilib.

Siyasi fəaliyyətini müxalifət düşərgəsində davam etdirən Arias 1948-ci ildə yenidən prezident seçkilərinə qatılıb. Seçkilər başa çatdıqdan sonra o, özünü qalib elan etsə də, Ariasın prezidentliyi seçki komissiyası tərəfindən rəsmi olaraq tanınmayıb. Mübahisələr bir ilə yaxın davam edib. Nəhayət, Panama parlamenti bir ildən sonra Ariasın seçkilərdə qalib olduğunu bəyan edib.

A._Arias_President_of_Panama_(cropped).jpg (73 KB)

Arias ikinci prezidentliyi dövründə daha sərt qərarlara imza atıb, konstitusiyada yenidən dəyişiklik edilib, ölkədə gizli polis fəaliyyətə başlayıb. Panamada korrupsiyanın növbəti çiçəklənmə dövrü başlanıb. Rejim nə qədər sərt olsa da, bu dəfə də Arias prezident kürsüsünü saxlaya bilməyib. 1951-ci ildə prezidentlik müddəti başa çatmamış o, yenidən hakimiyyətdən devrilib.

Maraqlı məqamlardan biri odur ki, Arias iki dəfə hakimiyyətdən devrildikdən sonra üçüncü dəfə də prezidentlik eşqinə düşüb. O, 1964-cü ildə seçkilərə qatılıb, bu dəfə onun bəxti gətirməyib. Amma yenə də ümidlərini üzməyib. 1968-ci ildə yenidən prezidentlik uğrunda mübarizəyə qoşulub və istədiyinə nail olub. Arias üçüncü dəfə prezident kürsüsünə əyləşib. Vəzifəsinin icrasına başladığı ilk gün parlamenti, ali məhkəməni və milli qvardiyanı tam nəzarətinə keçirməyi planlaşdıran Arias bu “islahat”ların heç birini həyata keçirə bilməyib. Belə ki, onun üçüncü dəfəki prezidentliyi cəmi 11 gün çəkib. Panama üçün adi hal sayılan növbəti dövlət çevrilişindən sonra Arias ölkədən qaçmağa məcbur olub, o, nə vaxtsa üz döndərdiyi Amerikada, Mayami şəhərində məskunlaşıb.

10 illik mühacirət həyatından sonra Panama hakimiyyəti 1978-ci ildə Ariasa öz ölkəsinə qayıtmağa icazə verib. Arias geriyə dönüşünə çox da tələsməyib. O, 1984-cü ildə, 83 yaşında Panamaya qayıdıb. Nə vətəndən didərgin düşməsi, nə yaşı, nə də üç dəfə hakimiyyətdən devrilməsi onun prezidentlik ehtirasını söndürüb. Arias 1984-cü ildə növbəti dəfə prezident seçkilərində iştirak edib. Müstəqil siyasi ekspertlərin və müşahidəçilərin qənaətinə görə, Arias bu seçkilərdə səs çoxluğu toplayıb, qarşı tərəf seçki saxtakarlığına gedərək onu “zərərsizləşdirib”. Məhz 1984-cü ildəki seçkilərdən sonra Arias yenidən Mayamiyə qaçmağa məcbur olub. Sabiq prezident 1988-ci ildə, 86 yaşında Mayamidə vəfat edib.

Ariaslar ailəsinin prezident kürsüsünə sevgisi Arnulfo Ariasın vəfatından sonra da bitməyib. Ariasın həyat yoldaşı Mireyya Moskoso 1991-ci ildə Panamaya qayıdıb. O, ərindən qalmış böyük qəhvə plantasiyalarına sahib olub. Moskoso Panamaya qayıdan kimi ərinin qurucusu olduğu Milli İnqilab Partiyasına rəhbərlik etməyə başlayıb. 1994-cü ildə onun bu partiyadan prezidentliyə namizədliyi irəli sürülüb.

1994-cü ildə Panamada keçirilən prezident seçkilərində Moskoso məğlubiyyətə uğrasa da, həyat yoldaşı kimi mübarizədən geri çəkilməyib. 1998-ci ildə Moskoso yenidən seçkilərə qatılıb və Panamanın prezidenti seçilib.

2d5emh7.jpg (89 KB)

O, Arnulfo Ariasdan fərqli olaraq növbəti seçkilərə qədər öz kürsüsünü müddətin sonuna qədər saxlaya bilib.

Mənbə: Musavat.com

0