“Türk Söhbəti”nin buhəftəki qonağı “Beynəlxalq Siyasət Akademiyası”nın köşə yazarı, “UPA Strategic Affairs” jurnalının redaktoru, beynəlxalq münasibətlər üzrə ekspert Sərdar Çukurdur.
Onunla dünyanın siyasi gündəmində olan məsələləri müzakirə etdik. ABŞ-nin İrana hücum ehtimalı, Trampın Zelenski barədə açıqlamaları, Vaşinqtonla Moskva arasındakı dizel razılaşması və Fransadakı xaotik vəziyyətdən danışdıq:
- Sərdar bəy, ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərinə qədər İranı vurmayacaqlarını açıqlasa da, əksi iddia olunur. ABŞ və İsrailin İrana qarşı 3 günlük hava əməliyyatına başlayacağı deyilir. Maraqlıdır, Tramp aralıq seçkilərindən əvvəl həqiqətən belə bir addım atarmı?

- 28 fevral 2026-cı ildə ABŞ və İsrail tərəfdaşlığında İrana qarşı başlanan hücumların üzərindən 7 aydan çox vaxt keçib. Bu müddətdə münaqişələr enerji, iqtisadiyyat və təhlükəsizlik kimi bir çox məsələdə həm regional, həm də beynəlxalq səviyyədə mənfi təsirlər yaradıb. Nisbətən aşağı intensivliklə davam edən bu prosesin başa çatmasını çətinləşdirən əsas səbəblər tərəflərin qarşılıqlı tələbləri, təhlükəsizlik narahatlıqları və strateji hədəfləridir.
Problemlə bağlı olaraq, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi xarici siyasət və təhlükəsizlik yanaşmasını “güc yolu ilə sülh” və rəqiblər üzərində təzyiq qurmaq məqsədilə proqnozlaşdırıla bilməyən həmlələrə əl atması şəklində izah etmək mümkündür. 3 noyabr 2026-cı ildə keçiriləcək ABŞ-dəki ara seçkilər öncəsində Tramp administrasiyasının ehtiyatlı hərəkət edərək İran məsələsində uzunmüddətli və genişmiqyaslı bir müharibəyə girişməyəcəyini düşünürəm. Çünki İran məsələsi iqtisadiyyatdan daxili siyasətə qədər ABŞ-yə birbaşa təsir edə biləcək nəticələr doğura bilər.
Digər tərəfdən, İrana qarşı həyata keçirilə biləcək ehtimal bir genişmiqyaslı müharibənin həm iqtisadi, həm də Amerika daxili ictimaiyyətində etirazların yüksəlməsinə səbəb ola biləcəyi kimi Tramp administrasiyasının qərarlarına da təsir göstərə bilər.
- Yəni siz belə əməliyyatın olacağını zənn etmirsiniz?

- Xeyr, aralıq seçkiləri öncəsində Tramp administrasiyasının məhdud müddətə də olsa İrana qarşı hərbi müdaxilə edə bilmə ehtimalını düşünürəm. Xüsusilə məhdud bir hava əməliyyatını 3 əsas ünsür üzərində qurmaq mümkündür.
Bunlardan birincisi, İsrail faktorudur. Nəzərə almaq lazımdır ki, İsrail rəsmiləri İranın nüvə potensialı və regionun təhlükəsizliyinə təsir edən mövqeyi kimi məsələlər əsasında narahatlıqlarını ABŞ vasitəsilə hərbi və diplomatik bir silah kimi istifadə edə bilər. İkincisi, Prezident Trampın siyasi gələcəyinin təhlükəyə düşməsinin qarşısını almaq düşüncəsidir. Üçüncüsü isə müharibənin hərbi və iqtisadi təsirləridir. Çünki Donald Trampın aralıq seçkilərindən əvvəl genişmiqyaslı və uzunmüddətli bir İran əməliyyatına qərar verməsi ABŞ-ni həm iqtisadi, həm də hərbi məsələlərdə çətinliyə sala bilər.
- Bir neçə gün əvvəl Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini Rusiya ilə razılaşma əldə etmədiyi üçün tənqid etdi. O, hətta Ukraynaya yeni prezidentin lazım olduğunu belə bildirdi. Sizcə, indiki vəziyyətdə ABŞ Ukraynaya dəstəyini dayandıra bilər?

- ABŞ Prezidenti Donald Trampın Ukrayna siyasətinin əsasında müharibənin xərcini azaltmaq və diplomatik kanallar vasitəsilə tərəfləri danışıqlar masasında görüşdürmək dayanır. Onun son günlərdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı tənqidləri əslində yeni deyil. Tramp bundan əvvəl də Zelenskini dəfələrlə sərt şəkildə tənqid edib. Bu yanaşmanı Tramp administrasiyasının Kiyev üzərindəki siyasi təzyiqi artırmaq strategiyasının bir hissəsi kimi qiymətləndirmək mümkündür.
Eyni zamanda, bu vəziyyət ABŞ-nin Ukrayna siyasətində mühüm dəyişikliklərə gedə biləcəyinin də göstəricisidir. Bununla belə, ABŞ-nin Ukraynaya göstərdiyi iqtisadi və hərbi dəstəyi tamamilə kəsməsi Avropanın təhlükəsizliyi və ABŞ-nin beynəlxalq aləmdəki etibarlılığı baxımından mənfi nəticələr doğura bilər. Ukraynanın Rusiya qarşısında zəifləməsinin NATO-nun şərq cinahında ciddi təhlükəsizlik problemlərinin ortaya çıxmasına səbəb olma ehtimalı da var. Bu vəziyyət Avropadakı təhlükəsizlik balanslarına təsir göstərə biləcəyi kimi, ABŞ-nin müttəfiqləri ilə münasibətlərini də çətinləşdirə bilər.
Trampın Zelenskiyə qarşı tənqidlərini Ukrayna rəhbərliyini daha güzəştli bir mövqe tutmağa yönəldən siyasi bir təzyiq vasitəsi kimi şərh etmək mümkündür. Bu çərçivədə Trampın yardımları tamamilə dayandırmasından daha çox dəstəyin əhatəsini və şərtlərini yenidən tənzimləyərək Kiyev rəhbərliyini danışıqlar prosesinə yönəltməyi hədəflədiyini söyləmək olar.
- Trampın Rusiya ilə dizel sazişi də çox müzakirə olundu. Zelenski bunu “Putinə hədiyyə” kimi qiymətləndirdi. Necə düşünürsünüz, ABŞ bu gedişi ilə Rusiya qarşısında güzəştə getdimi?

- ABŞ ilə Rusiya arasında gündəmə gələn dizel sazişini 2 fərqli perspektivdən qiymətləndirmək lazımdır. ABŞ baxımından yanaşsaq, Tramp administrasiyası maraq yönümlü xarici siyasət xətti izləyir. Bu yanaşmanın əsasında uzanan müharibənin xərcini azaltmaq və qlobal enerji təchizatında sabitliyi təmin etmək kimi hədəflər durur. Xüsusilə neft və dizel təklifində baş verə biləcək axsamalar kənd təsərrüfatından istehsala və logistikaya qədər bir çox sektorda xərclərin artmasına səbəb ola bilər.
Bu səbəbdən ABŞ ilə Rusiya arasında enerji sahəsində aparılacaq danışıqlar və bağlana biləcək sazişlər Vaşinqton baxımından güzəştdən daha çox iqtisadi sabitliyin qorunmasına yönəlmiş bir addım kimi qiymətləndirilə bilər.
- Məsələnin digər tərəfində ABŞ-nin Rusiya ilə Çin arasındakı strateji yaxınlaşmanı məhdudlaşdırmaq hədəfi varmı?

- Vaşinqton Moskva ilə diplomatik münasibətlərini davam etdirərək Rusiyanın Çindən iqtisadi və siyasi baxımdan daha çox asılı vəziyyətə düşməsinin qarşısını almağı hədəfləyə bilər. Bu yanaşma ABŞ-nin enerji siyasəti ilə uzunmüddətli geopolitik maraqları arasındakı əlaqəni ortaya qoyur.
Buna qarşılıq olaraq, ABŞ ilə Rusiya arasında enerji və dizel sahəsində qurula biləcək əməkdaşlıq Ukrayna və bəzi Avropa ölkələri tərəfindən Moskvaya verilmiş bir güzəşt kimi qiymətləndirilə bilər. Ukrayna baxımından bu vəziyyət 2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsində Kiyev rəhbərliyinin diplomatik baxımdan tək qoyulması narahatlığını gücləndirir. Həmçinin, Rusiyaya iqtisadi hərəkət sahəsi təmin edə biləcək proseslərin Mosvanın müharibə imkanlarını dolayısı ilə dəstəkləyə biləcəyi düşünülür.
Bu vəziyyət Ukraynanın hərbi və diplomatik mübarizəsini çətinləşdirə biləcəyi yönündəki narahatlıqları da bərabərində gətirir. Ukrayna və Şərqi Avropa perspektivindən baxıldıqda, ABŞ-nin Rusiya ilə birbaşa dialoq qurması və enerji sahəsində elastiklik nümayiş etdirməsi Moskvaya verilmiş bir güzəşt kimi dəyərləndirilir. Zelenskinin bu prosesləri “Putinə verilmiş bir hədiyyə” şəklində xarakterizə etməsi Kiyev rəhbərliyinin müharibə gedişatında diplomatik baxımdan tək qoyulma narahatlığını əks etdirir. Ukrayna baxımından Qərbin Rusiyaya qarşı sanksiyaları yumşaltması Mosvanın iqtisadi resurslarını gücləndirə və Ukraynanın hərbi mübarizəsini çətinləşdirə bilər.
- Bəs Ukraynada seçkilərin keçirilməsi üçün ABŞ tərəfindən təzyiq göstərilməsi mümkündürmü?
- Ukraynada müharibə şəraitinin davam etdiyi bir dövrdə seçkinin keçirilməsi hüquqi və təhlükəsizlik cəhətdən son dərəcə mübahisəli bir məsələdir. Ukrayna Konstitusiyası və qüvvədə olan hərbi vəziyyət qanunvericiliyi seçkilərin keçirilməsinə mane olur. Üstəlik, Rusiyanın işğalı altında olan ərazilər, xaricdə yaşayan milyonlarla ukraynalı qaçqın və cəbhədə xidmət edən hərbçilərin səsvermə çətinlikləri də seçki prosesini mürəkkəbləşdirir. Yaxın gələcəkdə seçkilərin keçirilməsi çətin görünsə də, uzanan müharibənin Ukrayna cəmiyyətində yaratdığı yorğunluq və siyasi fikir ayrılıqları seçki ssenarilərinin daha tez-tez gündəmə gəlməsinə zəmin yarada bilər.
Ehtimal olunan sülh danışıqlarını aparacaq yeni bir rəhbərlik axtarışı da ABŞ və Avropa ölkələrinin mövqeyinə təsir göstərə bilər. Bununla belə, ABŞ-nin Zelenskiyə qarşı tənqidlərinə baxmayaraq, Avropa ölkələrinin mövcud rəhbərliyə verdiyi dəstəyi davam etdirməsi onun hakimiyyətini qoruyub saxlamasında təsirli olur.

- Bəs seçki olsa, Zelenski yenidən prezident seçilə bilərmi? Onun uduzacağı təqdirdə, yeni prezidentin kim olma ehtimalı yüksəkdir?
- Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin ilk dövründə nümayiş etdirdiyi liderliklə milli bir fiqura çevrilib. Lakin Rusiya-Ukrayna müharibəsinin uzanması, iqtisadi problemlərin dərinləşməsi və səfərbərlik tədbirləri ilə bağlı müzakirələr Zelenskinin daxili siyasətdəki mövqeyini zaman keçdikcə zəiflədir. Bu proseslər Ukraynada ehtimal bir seçki mərhələsində alternativ liderlərin ön plana çıxmasına və müharibənin başa çatdırılmasına yönəlmiş danışıqlar variantlarının daha çox müzakirə olunmasına zəmin yarada bilər. Zelenskinin qarşısına çıxa biləcək namizədləri indidən dəqiq müəyyənləşdirmək çətin olsa da, hərbi keçmişə malik, siyasi təcrübəsi olan və ABŞ müstəvisində Avropa ölkələri ilə balanslı münasibətlər qura biləcək şəxslərin önə çıxması mümkündür.
Xüsusilə hərbi liderlər, təcrübəli siyasətçilər və diplomatik əlaqələri güclü olan namizədlər Ukraynanın gələcək siyasi tənliyində mühüm rollar üzərinə götürə bilərlər. Bununla belə, namizədlərin seçki uğuru yalnız ictimaiyyətdəki dəstəklərindən deyil, müharibənin gedişatından, təhlükəsizlik şəraitindən və sülh danışıqlarının gələcəyindən də asılı olacaq.
- Fransada da xaostik vəziyyət hökm sürür. Necə düşünürsünüz, baş verən hadisələr Fransada növbədənkənar seçkiyə və ya Prezident Emmanuel Makronun hakimiyyətdən getməsinə səbəb olar?

- Fransa son dövrdə iqtisadi islahatlara qarşı etirazlar, daxili təhlükəsizlik problemləri, ictimai narahatlıqlar və parlamentdəki siyasi tıxanmalar səbəbindən ciddi idarəetmə problemləri ilə üz-üzə qalmaqdadır. Bu proseslər Fransa Prezidenti Emmanuel Makronun siyasətini həyata keçirməsini çətinləşdirərkən hökumətin hərəkət sahəsini də daraldır.
Digər tərəfdən, Fransa Konstitusiyası çərçivəsində Makronun səlahiyyət müddəti başa çatmadan istefa verməsi ihtimalını aşağı görmək mümkündür. Parlamentin buraxılaraq növbədənkənar ümumi seçkilərə gedilməsi isə siyasi tıxanmanı aradan qaldırmağa yönəlmiş variantlardan biridir.
Lakin belə bir addımın yeni siyasi qeyri-müəyyənlik yaratması və parlamentdəki qüvvələr nisbətini daha da mürəkkəbləşdirməsi mümkündür. Dolayısı ilə Fransada yaşanan böhranın gedişatı hökumətin parlamentlə münasibətlərini necə idarə edəcəyindən və siyasi aktorların kompromis qabiliyyətindən asılı olacaq.
Elmir Mustafa


