Üçüncü Dünya müharibəsi yaxınlaşır? - Professorla MÜSAHİBƏ

MÜSAHİBƏ
10:10 / 05.11.2026
129

“Türk Söhbəti”nin buhəftəki qonağı Çağ Universitetinin rektoru, Çağ Kollecinin İdarə Heyətinin sədri, professor Murat Koçdur.

Onunla Polşada baş verənlər, İsraildəki seçkilər və Avropa ölkələrinin 72 saatlıq çağırışlarını müzakirə etdik. Həmçinin, Rusiyanın Avropaya hücum ehtimalı, Üçüncü Dünya müharibəsinin ola biləcəyi ilə bağlı fərziyyələrdən və Avropada baş verən etirazlardan da danışdıq:

-    Murat müəllim, ötəm həftə Polşada Konstitusiya Tribunalının sədri və müavini vəzifəsindən kənarlaşdırıldı. Prezident Karol Navrotski səfərini yarımçıq qoyaraq ölkəsinə qayıtdı və baş verənləri “dövlət çevrilişi” adlandırdı. Faktiki olaraq, orada Baş nazir və Prezident arasında gərginlik yaşanır. Siz bütün bunların fonunda Polşada baş verənləri necə qiymətləndirirsiniz?


-    Polşada baş verənləri adi siyasi çəkişmə kimi qiymətləndirmək lazım deyil. Lakin əvvəlcə bir fərqləndirmə edək: Baş verənlər hələ klassik mənada hərbi çevriliş cəhdi deyil, ciddi konstitusiya və institusional hakimiyyət mübarizəsidir. Böhranın mərkəzində Baş nazir Donald Tusk ilə Prezident Karol Navrotski arasındakı mübarizə dayanır.

Problemin kökü 2015-ci ilə qədər gedib çıxır. “Hüquq və Ədalət” Partiyasının dövründə Konstitusiya Tribunalının üzvlərinin təyin edilməsi ilə bağlı başlayan mübahisələr Tusk hökumətinin 2023-cü ildən sonra məhkəmə sistemini yenidən qurmaq cəhdləri ilə davam etdi. Son hadisələrdə Konstitusiya Tribunalının sədri Boqdan Svyençkovskinin vəzifəsindən uzaqlaşdırılması və polis müdaxiləsi böhranı açıq institusional qarşıdurmaya çevirdi. Burada üç mühüm nəticə görürəm.

-    Həmin nəticələr nələrdir?


-    Birincisi, Polşada icra və məhkəmə hakimiyyəti arasındakı konstitusiya səlahiyyət mübarizəsi dərinləşir. İkincisi, Avropa İttifaqının hüquqi dövlət və demokratik institutlar məsələsindəki həssaslığı yenidən gündəmə gəlir. Üçüncüsü isə Polşanın Avropa təhlükəsizlik arxitekturasındakı strateji mövqeyinə görə bu böhran təkcə Polşanın daxili məsələsi olaraq qalmır. 

Polşa Rusiya-Ukrayna müharibəsində Avropanın ən mühüm hərbi və logistika mərkəzlərindən biridir. Buna görə də ölkədəki siyasi qeyri-sabitlik birbaşa Avropanın təhlükəsizlik hesablamalarına təsir edə bilər. Hətta “Reuters” agentliyinin noyabrın 2-nə olan dəyərləndirməsi də böhranın gələn il keçiriləcək parlament seçkilərinə və Polşanın Avropa ilə ABŞ arasındakı siyasi mövqeyinə təsir edə biləcəyinə diqqət çəkir.

-    Necə düşünürsünüz, Polşada baş verənlərin arxasında xarici təsirlər ola bilərmi?


-    Burada diqqətli olmaq lazımdır. Xarici müdaxilə ehtimalı ilə xarici müdaxilənin sübut olunmuş olması bir-birindən fərqlidir. Rusiyanın Polşadakı siyasi qütbləşmədən yararlanmaq istəməsi son dərəcə ehtimal olunandır. Çünki Moskva üçün Polşa NATO-nun şərq cinahında Ukraynaya verilən dəstəyin ən mühüm mərkəzlərindən biridir. Rusiyanın əsas strateji hədəflərindən biri Avropanın Ukrayna məsələsində ortaq hərəkət etmək qabiliyyətini zəiflətməkdir. 

Bunu təkcə hərbi üsullarla etmir. Hibrid müharibə adlandırdığımız üsullar da işə düşür. Bunlar dezinformasiya, təbliğat, kiberhücumlar, sosial qütbləşməni artırmaq, siyasi aktorlar arasındakı inamsızlığı dərinləşdirmək və demokratik institutların legitimliyini mübahisəli hala gətirməkdir.

Necə ki, noyabrın 3-də Baş nazir Tusk Rusiyanın Polşadakı konstitusiya böhranı vasitəsilə ölkədə qeyri-sabitlik yaratmağa çalışdığını açıqladı. Rusiya rəsmilərinin də hökumətin addımlarını çevriliş kimi səciyyələndirməsi diqqət çəkir. Lakin Rusiyanın böhrandan yararlanması, böhranı onların çıxardığı mənasına gəlmir. 

Polşadakı siyasi qarşıdurmanın əsasında ölkənin özünün konstitusiya və siyasi problemləri dayanır. Xarici aktorlar bu qarşıdurmaları dərinləşdirə, istiqamətləndirməyə çalışa və ya öz strateji maraqları istiqamətində istifadə edə bilərlər. Məncə, əsas təhlükə Polşadakı daxili siyasi mübarizənin Avropanın təhlükəsizlik və müdafiə siyasətinə də təsir edə biləcək bir miqyasa çatmasıdır.

-    İsraildə isə seçkilər keçirildi. Lakin tərəflərin heç biri tələb olunan 61 deputat sayına çata bilmədi. Ona görə də hazırda İsraildə nələrin olacağı maraqla gözlənilir. Bəs İsraildə təkrar seçkilərin keçirilməsi ehtimalı nə qədərdir?


-    Bəli, İsraildə oktyabrın 27-də seçkilər keçirildi. Lakin seçki nəticələri yeni hökumətin qurulmasını zəmanət altına almadı. 120 yerlik Knessetsə hökumət qura bilmək üçün 61 deputatın dəstəyi lazımdır. Mövcud nəticələrdə baş nazir Benyamin Netanyahunun “Likud” Partiyası 27 yer qazandığı halda, onun dəstəklədiyi siyasi blok 53 yerdə qaldı. “Yaşar” Partiyasının sədri Qadi Eyzenkotun rəhbərlik etdiyi rəqib blok isə 48 yer əldə etdi. Ərəb partiyalarının qazandığı 19 yer hökumətin qurulmasında həlledici rol oynadı.

Buna görə də İsraildə hazırda ciddi bir koalisiya riyaziyyatı problemi var. Faktiki olaraq hazırda üç ehtimal mövcuddur. Birinci ehtimal Qadi Ezenkotun ərəb partiyalarının dəstəyi ilə hökumət qurmasıdır. İkinci ehtimal Netanyahu ilə Ezenkot arasında milli birlik hökumətinin yaradılmasıdır. Üçüncü ehtimal da Tərəflərin razılığa gələ bilməməsi və növbədənkənar seçkilərə gedilməsidir.

-    Yəni yenidən seçkilərə gediləcək?


-    Mən üçüncü ehtimalı kiçiltmirəm. Koalisiya danışıqlarının uğursuz olması halında 2027-ci ilin əvvəllərində təkrar seçkilərin keçirilməsi gündəmə gələ bilər. Lakin Netanyahu baxımından məsələ təkcə hakimiyyətdə qalmaq deyil. Haqqındakı korrupsiya işləri, 7 oktyabr 2023-cü il hücumlarından sonra ortaya çıxan təhlükəsizlik və kəşfiyyat zəifliyi müzakirələri və Qəzza müharibəsi səbəbindən yaranan beynəlxalq təzyiq onun siyasi gələcəyinə birbaşa təsir edir. Hesab edirəm ki, İsraildəki siyasi böhran təkcə kimin baş nazir olacağı ilə bağlı deyil, ölkənin müharibə siyasətinin, təhlükəsizlik anlayışının və demokratik institutların gələcəyi ilə bağlı bir böhrandır.

-    Son günlərdə Avropa ölkələri öz vətəndaşlarına 72 saatlıq ərzaq və digər ehtiyatlar toplamalaq barədə çağırışlar edir. Üstəlik, bənzər çağırışlar digər qitələrdə olan ölkələrdən də gəlib. Hətta bəzi ölkələrdə bu müddət 1 həftə və ya 10 gündür. Maraqlıdır, bu çağırışların məqsədi nədir?


-    Məncə, bu sualın üzərində xüsusilə dayanmaq lazımdır. Bəli, Avropada son dövrlərdə vətəndaşlara evlərində ərzaq, su, dərman və əsas ehtiyac materialları saxlamaqla bağlı çağırışlar edilir. Ölkələrin tövsiyələri fərqlidir. Məsələn, Almaniya 10 günə qədər, İsveç və Norveç təqribən 7 günə, bir çox Avropa ölkəsi isə 72 saata çatacaq əsas ehtiyac materiallarının saxlanılmasını tövsiyə edir. Avropa İttifaqı da hazırlanma strategiyası çərçivəsində bu məsələni institusional təhlükəsizlik siyasətinə çevirdi.

Bunun üç əsas səbəbi var. Birincisi, müharibə və hərbi təhlükəsizlik riskidir. Nəzərə almaq lazımdır ki, Avropa Rusiya-Ukrayna müharibəsinə görə öz təhlükəsizlik arxitekturasını yenidən qurur. Ehtimal olunan hərbi gərginlikdə enerji, nəqliyyat, rabitə və təchizat zəncirlərinin kəsilməsi ehtimalı nəzərə alınır. 

İkincisi, hibrid müharibə və kiberhücumlardır. Müasir müharibələrdə bir ölkənin infrastrukturunu çökdürmək üçün mütləq hərbi hücum təşkil etmək lazım gəlmir. Elektrik şəbəkələri, bank sistemləri, rabitə şəbəkələri və logistika mərkəzləri kiberhücumların hədəfi ola bilər. Üçüncüsü də qlobal təchizat zəncirlərinin kövrəkliyidir. Pandemiya, Ukrayna müharibəsi və enerji böhranları qlobal iqtisadiyyatın bir-birindən nə qədər asılı olduğunu göstərdi. Burada başqa mühüm bir təfərrüat da var. 

-    O nədir?


-    Avropa İttifaqının öz ehtiyat yığma strategiyası təkcə müharibə ehtimalına əsaslanmır. Təbii fəlakətlər, iqlim böhranları, kiberhücumlar və təchizat zəncirinin qırılması da bu siyasətin əsaslandığı səbəblər sırasındadır. Buna görə də bu çağırışları yaxınlaşan müharibənin qəti əlaməti kimi qəbul etmək səhv olar. 

Lakin Avropa artıq sülh dövründə olduğu kimi yalnız iqtisadi rifah və ticarət təhlükəsizliyi üzərində qurulmuş hazırlıq anlayışını kifayət qədər görmür. Cəmiyyətlərini ehtimal olunan böhranlara və uzunmüddətli fasilələrə qarşı hazırlamağa çalışır.

-    Ümumiyyətlə, son aylarda mütəmadi olaraq hansısa formalarda Rusiya ilə Avropa arasında müharibə olacağı barədə ehtimallar gündəmə gətirilir. Sizcə, bunun səbəbi nədir?


-    Bunun arxasında da bir sıra məqsədlər dayanır. İlk olaraq, Rusiya-Ukrayna müharibəsi Avropanın İkinci Dünya Müharibəsindən sonra formalaşdırdığı təhlükəsizlik anlayışını kökündən dəyişdirdi. Eyni zamanda, NATO ilə Rusiya arasındakı hərbi və strateji inamsızlıq getdikcə dərinləşdi. Bundan əlavə, Avropa ölkələri artıq ABŞ-nin təhlükəsizlik zəmanətlərini keçmişdə olduğu qədər mübahisəsiz və dayanıqlı qəbul etmirlər.

Burada mühüm bir anlayış var. O da strateji çəkindirmədir. Dövlətlər bəzən müharibə etmək üçün deyil, qarşı tərəfi müharibədən vazkeçirmək üçün hərbi potensiallarını artırırlar. Avropanın müdafiə xərclərini artırması, hərbi hazırlıqlarını gücləndirməsi and Rusiya təhlükəsini davamlı olaraq gündəmdə saxlaması bu baxımdan qiymətləndirilə bilər.

-    Başqa səbəblər olduğunu düşünmürsünüz?


-    Əslində, bunun başqa tərəfi də mövcuddur. Davamlı olaraq müharibə ehtimalının gündəmə gətirilməsi cəmiyyətlərin müdafiə xərclərinə, hərbi hazırlıqlara və təhlükəsizlik siyasətinə daha çox vəsait ayrılmasını da qanuniləşdirir. Burada kommunikasiya və siyasi tərəf də var: Təhlükə qavrayışının idarə edilməsi. Lakin Rusiyanın Avropa ölkələrinə qarşı hibrid fəaliyyətləri də real təhlükəsizlik problemidir. 

“Reuters” agentliyinin 23 sentyabr 2026-cı il tarixli xəbərində Avropa hökumətlərinin təxribat, kiberhücum və hava məkanının pozulması ilə bağlı narahatlıqları çatdırılarkən, NATO ölkələrinə qarşı yaxın vaxtda birbaşa Rusiya hücumu üçün mövcud şəraitdə kifayət qədər əlamətin olmadığını da vurğulayır. Düşünürəm ki, Avropa ilə Rusiya arasında birbaşa müharibə qaçılmaz deyil. Lakin səhv hesablama, nəzarətsiz gərginləşmə və qarşılıqlı çəkindirmə siyasətlərinin uğursuz olması ehtimalı getdikcə daha çox əhəmiyyət qazanır.

-    Son həftələrdə Avropanın bir çox ölkəsində böyük etiraz aksiyaları keçirilir. Çox sayda ölkədə xaotik vəziyyət yaşanır. Bəzi ekspertlər isə baş verənlərin Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Bu ehtimallar barədə də fikirlərinizi bilmək istərdik...


-    Bu iddiaları tamamilə nəzərdən qaçırmaq da düzgün deyil, qaçılmaz bir dünya müharibəsi gəlir şəklində qiymətləndirmək də. Əvvəla, bu gün baş verən prosesləri tək-tək deyil, bir-biri ilə əlaqəli bir sistemin hissələri kimi oxumaq lazımdır. Dünyada eyni vaxtda birdən çox geosiyasi fay xətti hərəkət edir. 

Məsələn, Rusiya-Ukrayna müharibəsi, Avropanın təhlükəsizlik böhranı, Yaxın Şərqdəki mübarizə, ABŞ ilə Çin arasındakı qlobal güc rəqabəti, Tayvanla Cənubi Çin dənizindəki gərginliklər, Avropada yüksələn ifrat sağ, sosial qütbləşmə və siyasi qeyri-sabitlik, eləcə də qlobal iqtisadi sistemdəki kövrəklikləri nümunə göstərə bilərik.

Bunların hər biri özlüyündə bir böhran sahəsidir. Lakin əsas təhlükə bu böhranların bir-birini işə salmağa başlamasıdır. Beynəlxalq münasibətlərdə buna çoxlu böhran yanaşması ilə baxılır. Yəni bir-birindən müstəqil görünən böhranların qarşılıqlı əlaqəyə girərək çox daha böyük və idarə olunması çətin olan sistemli böhran yaradır. 

-    Bəs Üçüncü Dünya müharibəsi ehtimalını necə dəyərləndirmək lazımdır?


-    Dünyanın yeni bir müharibə astanasında olduğunu söyləmək üçün hələlik kifayət qədər sübut yoxdur, amma soyuq müharibədən sonrakı dövrün ən ciddi geosiyasi və təhlükəsizlik böhranlarından birini yaşanır. Üstəlik, bu böhran təkcə hərbi deyil, siyasi, iqtisadi, sosial və institusional ölçülərə də malikdir. Üçüncü Dünya Müharibəsi ehtimalını qiymətləndirərkən bəzi risklərə diqqət çəkmək lazımdır. 

Məsələn, səhv hesablama ola bilər. Bu, bir dövlətin qarşı tərəfin niyətini səhv oxuması və buna uyğun olaraq hərbi addım atmasıdır. Həmçinin, istənilməyən gərginləşmə də mümkündür. Yəni başlanğıcda məhdud olan bir münaqişənin ittifaq münasibətləri, qarşılıqlı cavab tədbirləri və hərbi öhdəliklər səbəbindən genişlənməsindən bəhs edirik. 

Bundan başqa, proksi müharibələrin birbaşa qarşıdurmaya çevrilməsi də mümkündür. Konkret olaraq, böyük güclərin digər ölkələrdəki münaqişələrə dolayı müdaxilələrinin zamanla birbaşa hərbi üz-üzə gəlməyə çevrilməsi ehtimalı var. Bununla birlikdə, nüvə silahlarının mövcudluğu da mühüm çəkindirmə mexanizmi yaradır. 

Əslində, böyük güclər birbaşa müharibənin xərcinin nə qədər dağıdıcı olacağının fərqindədirlər. Düşünürəm ki, bu gün dünya Üçüncü Dünya Müharibəsinin qaçılmaz olduğu bir dövrdə deyil, regional müharibələrin qlobal münaqişəyə çevrilmə riskinin artdığı bir dövrdədir. Bu ikisi arasında çox mühüm fərq var. Əsas məsələ yeni dünya müharibəsi ilə yeni dünya düzəni arasındakı fərqdədir.

-    Hazırda dünyanın qarşı-qarşıya olduğu ən böyük təhlükə həqiqətən müharibədir?


-    Bu gün baş verənləri təkcə Rusiya ilə Avropa arasındakı gərginlik və ya Yaxın Şərqdəki münaqişələr vasitəsilə izah edə bilmərik. Əslində dünya İkinci Dünya Müharibəsindən sonra qurulan beynəlxalq düzənin ciddi transformasiya prosesindən keçir. Bir tərəfdən ABŞ-nin qlobal liderliyinin sual altına alınması, digər tərəfdən Çinin iqtisadi və texnoloji yüksəlişi var. Rusiya isə mövcud beynəlxalq düzənin öz təhlükəsizlik və güc anlayışına uyğun olaraq yenidən formalaşmasını istəyir. Avropa bu yeni güc mübarizəsində öz strateji muxtariyyətini yaratmaqda çətinlik çəkir. Yaxın Şərq isə qlobal güc rəqabətinin ən mühüm geosiyasi sahələrindən biri olmağa davam edir.

Məncə, bu gün dünyanın qarşı-qarşıya qaldığı ən böyük təhlükə böyük güclərin müharibə etmək istəməsi deyil, bir-birlərinin niyətlərini düzgün oxuya bilməmələri, diplomatik kanalların zəifləməsi və nəzarət olunmayan böhranların dövlətləri istəmədikləri bir müharibənin içərisinə sürükləməsidir. Dünya müharibələri bəzən planlaşdırılaraq deyil, bir-birini izləyən səhv qərarlar və idarə olunmayan inkişaflar nəticəsində ortaya çıxır. Buna görə də bu gün diplomatiya, beynəlxalq hüquq və böhranların idarə edilməsi hər zamankından daha vacibdir.


Elmir Mustafa

0