Azərbaycanda bu obyektlər cərimələnəcək

ÖLKƏ
18:39 / 21.02.2022
1011

Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də bu ildən təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınmamasına və yaxud təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat, digər şəxslərə münasibətdə isə 400 manat maliyyə sanksiyasının tətbiq edilməsidir.

Hİt.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, dəyişikliyə qədər Vergi Məcəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyicisinin istifadə etdiyi təsərrüfat subyektinin (obyektinin) uçota alınmamasına və uçota alınmış təsərrüfat subyekti (obyekti) barədə düzgün olmayan məlumatların təqdim edilməsinə görə, hər hansı məsuliyyət tədbiri nəzərdə tutulmurdu. Lakin təcrübədə bəzi vergi ödəyiciləri təsərrüfat subyektləri (obyektləri) barədə uçot məlumatlarını vergi orqanlarına ya ümumiyyətlə təqdim etmir, ya da düzgün təqdim etmirdi ki, bu da uçot-baza məlumatları əsasında düzgün təhlillər aparılmasına və ödəyici barəsində düzgün təsəvvür formalaşmasına mane olurdu.

Bu səbəbdən edilmiş dəyişiklik uçot intizamının yüksəldilməsi və vergi ödəyicisinin uçot məlumatları barədə vergi orqanlarında düzgün və ətraflı məlumatların toplanması baxımından mühüm əhəmiyyət kəsb edir.

0