AY Partiya daha bir ilkə imza atdı - FOTO

ÖLKƏ
20:57 / 30.06.2022
1066

Bu gün Azərbaycan Yüksəliş Partiyası daha bir ilkə imza atıb.

HİT.az xəbər verir ki, AY Partiya Başqanı Anar Əsədli, Başqanın I müavini - İcra Aparatının rəhbəri Bəhrəm İsmayıl, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müavini Gülşən Hacıyeva, iqtisadi siyasət üzrə müavini Rəşad Bakuvi bugünlərdə restavrasiya olunaraq açılışı edilmiş Şərq Bazarı Ticarət Kompleksini ziyarət edib. 

AY Partiyadan verilən məlumata görə, ziyarətin məqsədi partiya olaraq, Azərbaycanda iqtisadi sferada, yenidənqurma və bərpa işlərində görülən işlərlə  yerində tanış olmaq, iş adamları ilə təmaslar qurmaq, sahibkarlıq subyektləri ilə bir-birini tanımaq fürsətlərini müsbət mənada dəyərləndirmək, onlara mənəvi planda yaxınlaşmaq, toxunmaq, səmərəli fəaliyyət qurmaları üçün yaradılan şəraitin onlarda yaratdığı təəssüratları öyrənmək, nə kimi problemlərinin, çatışmazlıqlarının olması, ümumiyyətlə isə ölkə insanına və dövlətimizi tanımaq üçün dünyanın müxtəlif yerlərindən təşrif buyuran onminlərlə turistə milli məhsul kimi nələri təklif edə bildikləri barədə məlumatı birbaşa özlərindən almaq dayanıb.

Siyasi hakimiyyət illərdir, belə təbliğat-təşviqat aparır ki, müxtəlif iqtisadi platformalar və layihələr, xüsusilə KOBİA çərçivəsində iş adamlarına, xüsusi yaradıcı keyfiyyətlərə, qabiliyyətə malik istedadlı insanlarımızın təşəbbüskarlıqlarına dövlət diqqəti və qayğısı var, onlara hər mənada dəstək göstərilir, milli brendlərin həm ölkə iqtisadiyyatı, eyni zamanda da dünya miqyasında tanıdılması üçün stimullaşdırıcı proqramlar icra edir. 

AY Partiya həm də bütün bu deyilənlər və həyata keçirilənlərlə yerində tanış olmağı doğru hesab edir:

"Çünki siyasi institut kimi hesab edirik ki, Azərbaycanın gerçək mənada inkişafı, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, birmənalı şəkildə ölkədə azad bazar iqtisadiyyatı, sahibkarlıq mühiti, azad ticarət, iqtisadi təşəbbüskarlıq üçün hər kəsin fayda götürə bilməsinə əlverişli şərait və şərtlər olmalı, yeni əlavə dəyərlər yaradacaq, ölkəyə əlavə kapital qazandıracaq kiçik və orta sahibkarlıqla yanaşı, sənaye istehsalının, emal sənayesinin tərəqqisi zəruridir. Bu mənada ziyarətimiz çox əhəmiyyətli və faydalı olub". 

Milli üslubun qorunması şərti ilə rekonstruksiya olunaraq bərpa edilən Şərq Bazarında AY Partiya rəsmilərini kompleksin direktoru Fuad İbrahimov qarşılayıb.

Layihənin bərpası zamanı ilk növbədə bazarın beynəlxalq bərpa normativlərinə görə orijinal layihəsinə qaytarılması, müasir standartlara uyğun yenidən xalqın istifadəsinə verilməsinin nəzərdə tutulduğunu qeyd edən Fuad İbrahimov bildirib  ki, bazarın orijinal təyinatı ilə yanaşı, müasir tələblərə uyğun yeni iaşə məkanlarının yerli və əcnəbi turistlərin daimi görüş yerinə çevrilməsi düşünülüb.

Fuad İbrahimov AY Partiya funksionerlərini tək-tək Şərq Bazarının nəzdində, əsasən Azərbaycanın milli brendi kimi önə çıxan ədviyyat, quru meyvələr, təbii təbabət və kənd təsərrüfatı məhsulları, suvenir mağazaları, yarmarkalar, kiçik və böyük həcmlərdə dulusçuluq, papaqçılıq, xalçaçılıq kimi emalatxanalar, şərq üslübunda hamam, milli restoran, kafelər və s. obyektlərlə yanaşı, kiçik və orta sahibkarlıqla məşğul olan iş adamları ilə də tanış edib, ölkəmizdə iqtisadi planda baş verən yeni müsbət tendensiyalarla müxalif siyasi institut olaraq Azərbaycan Yüksəliş Partiyasının yaxından tanış olmasını təqdirəlayiq hadisə kimi qiymətləndirib.

Qeyd edək ki, “Şərq bazarı” 1982-ci ildə memarlar P.İ.Yarinovski və U.V.Revazovun layihələri əsasında inşa olunub və Fuad bəyin vurğuladığı kimi, 2001-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında respublikanın tarixi memarlıq abidələri siyahısına daxil edilib. Bina iki mərhələdə tikilib, hər şey Şərq üslübunda quraşdırılıb. Eyni zamanda Azərbaycan tarixində şərqin ən böyük memarlıq mükafatı olan “Ağa Xan” memarlıq mükafatına namizəd olan ilk layihədir.

0