İstehlakçılar harada və necə aldadılır? - Ekspert izah edir

20:23 / 01.09.2020
785

Azərbaycan xaricə bir sıra məhsullar ixrac edir. Hətta Azərbaycan supermarket şəbəkəsi “Grandmart” Qazaxıstan bazarına daxil olur.

Yaxın zamanda şəbəkənin Qazaxıstanın Aktau şəhərində 3000 kv. metrlik filialının açılışı olacaq. Bu dövlət olaraq bizim uğurumuzdur. Çünki milli məhsulumuzun doğru tanıtımı mümkün olur. Lakin nədənsə, xaricə göndərilən malla eyni adlı yerli məhsulda keyfiyyət fərqi olur.

Məsələn, Ukraynada, Belarusda Azərbaycanın çox keyfiyyətli çaxırları satılır. Lakin eyni məhsulun ölkəmizin yerli bazar və marketlərində satılanı o qədər keyfiyyətli olmur.

Məsələyə münasibət bildirən “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, belə bir tendensiya var:

“Əslində bu istehlakçının aldadılmasıdır. Bu tendensiya sənaye mallarında özünü doğruldur. Lakin ərzaq mallarında əksərən doğru hesab olunmur. Yəni yerli bazarda satılan ərzaq malları daha keyfiyyətli olur. Xarici ixrac olunan ərzaq malları uzaq məsafə qət edir deyə, yaxşı qalması üçün kimyəvi maddələr vururlar. Eyni zamanda yaxşı paketləyib dadvericilər də vururlar. İstehlakçılar da görünüşə aldanıb ixrac məhsullarının daha keyfiyyətli olduğu hissinə qapılırlar.

Xaricə məhsul ixrac edənlər rəqabətə davam gətirmək üçün məcburdurlar ki, istehlakçını aldadan variantlardan istifadə etsinlər. İstehlakçıların fikrində həm də müəyyən qədər həqiqət var. Yəni bəzən də xarici bazarlara keyfiyyətli mallar ötürülür. Bu da məhsul ixrac olunan ölkədə rəqabət mühiti, ekpertiza rəylərinin dəqiq və ciddi olması, qida təhlükəsizliyini qanunvericiliyin tələbləri əsasında təhlil edirlər. Onda istehsalçı şirkət məcbur olub xaricə ixrac etdiyi məhsulu daha keyfiyyətli hazırlayır. Lakin ölkələr də var ki, ora aşağı keyfiyyətli mallar ixrac olunur.

O ölkələrdə bazarın təhlilindən sonra istehlakçı tələbatına uyğun qiymət formalaşdırılır. Özüm də 22 il əvvəl bizneslə məşğul idim. Türkiyədən Azərbaycana mal gətirirdim. Türklər mənə dedi ki, sən malın etiketini göstər, istədiyin qiymətə hazırlayaq. Türkiyə kimi ölkədə də biznesin bu yalançı üzünü görüncə işimə son verdim. Hansı ölkələrə keyfiyyətli mal ixrac olunursa, orada nəzarətin güclü olması deməkdir. Əvvəla, azərbaycandan hansısa malı ixrac edərkən, məhsulun ixrac ediləcəyi ölkənin ekspertləri gəlib burada yoxlama aparırlar. Məhsulun istehsal prosesinə, tərkibinə və sertifkatlara baxıb sifariş verirlər”.

Birliyin sədri xarici ölkələrdə satılan Azərbaycan brendlərindən də danışıb:

“Hazırda Masazır Duz gölünün duzu Kanadaya, Ukraynaya, Rusiyaya ixrac olunur. Bu çox böyük uğurdur. Yeni Zellandiya, Avstraliya bazarlarında, Sidneydə Azərbaycan nar şərablarının satıldığını görmüşəm. Eyni məhsulun satışını Kanadada da görmüşəm. Lakin bunlar çox az miqdardadır. Məsələn, Azərbaycan kürüsünü görməmişəm. Guya tərifləyirlər ki, Azərbaycan xalçası dünyada tanınır, yalandır. Xalçaçılıq adı altında dövlət büdcəsindən çoxlu pul yeyilir. Ölkə Prezidentini bu məsələdə aldatmağa çalışırlar və yalan məlumat verirlər. Bu işin məqsədi xalça tanıtmaq yox, pul yeməkdir”.

0
Cebhe.info