Aziz Yıldırım yenidən "Fənərbağça" prezidenti seçilə biləcək? - RƏY

İDMAN
14:44 / 16.05.2024
695

30-31 mayda Türkiyə nəhəngi "Fənərbağça"da prezident seçkiləri keçiriləcək.

Mübarizə isə hazırkı prezident Ali Koç və klubun sabiq rəhbəri Aziz Yıldırım arasında keçəcək. Hər iki şəxs də olduqca iddialıdır. Amma xüsusilə Aziz Yıldırımın 6 il sonra yenidən "Fənərbağça" prezidentliyinə namizəd olması diqqət çəkir. O, hətta seçiləcəyi təqdirdə dünyaca məşhur baş məşqçi Joze Mourinyonu komandanın başına gətirməyi vəd edir.

Bəs Aziz Yıldırımın seçilmə ehtimalları nə qədərdir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov bildirib ki, Aziz Yıldırım böyük nüfuza malikdir:

350404

"Onun dönəmində "Fənərbağça"nın uğurlu nəticələri və transferləri olub. Bu da Aziz Yıldırımın yenidən seçilmə ehtimallarını artırır. Məncə də, onun klubun prezidenti olma şansları daha yüksəkdir".

Ekspert xatırladıb ki, Ali Koçla bağlı xeyli müzakirələr gedib:

"Hətta azarkeşlər yarı-yarıya bölündü: onu dəstəkləyənlər və qarşı olanlar. Hazırda Ali Koçun rəhbərlik etdiyi "Fənərbağça" çempionluq yarışında növbəti dəfə ən böyük rəqibi olan "Qalatasaray"a məğlub olmaq üzrədir. Bu da onun seçilməməsi üçün çox böyük arqumentdir".

Onun sözlərinə görə, seçkinin favoriti Aziz Yıldırımdır:

"Hal-hazırda Aziz Yıldırım bütün açıqlamalarında daha dominant və iddialı görünür. Üstəlik, Ali Koç onun verdiyi bəzi suallara cavab verə bilmir. Nəticə etibarilə, Ali Koçun heç bir ciddi uğuru yoxdur. Amma Aziz Yıldırımın zamanında "Fənərbağça" çox böyük uğurlara nail olub. Hətta "Fənərbağça" oyun olaraq da Aziz Yıldırımın dönəmində daha yaxşı idi. Bütün bunlar isə onun seçilmə ehtimallarını daha da artırır". 

Pərviz

0