Paşinyan nə üçün növbədənkənar parlament seçkilərindən imtina etdi?

DÜNYA
15:27 / 14.05.2024
362

Ötən ilin sonlarından etibarən 2024-cü ildə Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi iddia olunurdu. 

Ermənistan hakimiyyətindən də zaman-zaman bununla bağlı bəyanatlar eşidirdik. Hətta bu iddialar cari ilin əvvəlində daha da artmış, noyabrda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimal olunmağa başlamamışdı. 

Buna baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl növbədənkənar parlament seçkilərinin keçirilməyəcəyini açıqladı. 

Bəs bunun əsas səbəbi nədir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, indiki halda Ermənistandakı vəziyyət kifayət qədər gərgindir:

350244

"Seçki keçirilən zaman əlavə problemlər və təxribatlar ola bilər. Həmçinin, seçkinin nəticələrindən asılı olaraq keçmiş "Qarabağ klanı"na yaxın və yaxud da Rusiyapərəst bir şəxsin hakimiyyətə gəlmə ehtimalı var. Seçkidən sonra da iğtişaşların olma ehtimalı mövcuddur. Bütün bunlar isə Ermənistanda onsuz da gərgin olan siyasi mühiti daha da gərginləşdirə bilər". 

Ekspert diqqətə çatdırıb ki, keçmiş "Qarabağ klanı"nın Tavuşdan başlatdığı etirazlara erməni kilsəsi də qoşulub: 

"Üstəlik, kilsənin orada kifayət qədər resursu və gücü olduğunu nəzərə almaq lazımdır. Əlbəttə ki, Nikol Paşinyan belə bir vəziyyətdə özü üçün əlavə risk yaratmaq istəmir. Ona seçki keçirmək üçün nisbətən sabit ab-hava lazımdır ki, rahat şəkildə hakimiyyətini möhkəmləndirə bilsin. 

İndiki halda isə Ermənistanda seçki keçirilməsi siyasi riskləri artıracaq. Seçkidən öncə, seçki ərəfəsi və sonrası etirazların artması, təxribatların baş verməsi siyasi mühitin gərginləşdirəcək. Bu da Paşinyana lazım deyil".

Pərviz

0