Bank sektorunda güzəştlərin ilin sonunadək uzadılması... - Deputat 

12:38 / 04.10.2021
1648

"Bank sektorunda güzəştlər ilin sonunadək uzadılıb”.

HİT.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 
 
Onun sözlərinə görə, pandemiya səbəbindən bank sektorunda tətbiq olunan bir sıra requlyativ dəstək tədbirlərinin tətbiqi bu ilin sonunadək uzadılıb:

"Bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti qərar qəbul edib. Mərkəzi Bankın açıqlamasına görə, iqtisadiyyatın müxtəlif sahələri üzrə tətbiq edilmiş məhdudiyyət rejiminin yumşaldılması fonunda və iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Mərkəzi Bankının İdarə Heyətinin 30 sentyabr 2021-ci il tarixli 26 nömrəli qərarına əsasən requlyativ dəstək tədbirlərinə yenidən baxılıb, ölkədə pandemiya şəraitinin davam etdiyi nəzərə alınaraq pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi tədbirlərinin müddəti bir daha uzadılıb. Bankın açıqlamasına görə, kredit öhdəliklərinin gecikdirilməsi halında borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşdirilməməsi barədə kredit təşkilatlarına verilmiş tövsiyələr əlavə olaraq 3 ay müddətinə uzadılıb və 01 yanvar 2022-ci il tarixinədək qüvvədə saxlanılıb. Mərkəzi Bank bəyan edib ki, maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirilir və adekvat siyasət qərarları qəbul edilir”.

Deputat qərarın sadə dildə izahını açıqlayıb:

"Mərkəzi Bank pandemiya səbəbindən yubanmalar qeydə alındığı halda borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması və kredit tarixçəsinin pisləşdirilməməsini tövsiyə edir. Mərkəzi Bank tərəfindən güzəşt müddətlərinin uzadılması təqdirəlayiq haldır”.

0