Dövlət qurumları əmək qanunvericiliyini pozur - Hesablama Palatası niyə göz yumur?

İQTİSADİYYAT
14:00 / 30.11.2022
2694

Bir çox dövlət qurumlarında, xüsusən də nazirlik və komitələrdə şənbə günü qeyri-iş günü hesab edilsə də, idarə və şöbə rəisləri, həmçinin bəzi əməkdaşlar məcburi qaydada işə çıxarılır. Lakin qüvvədə olan əmək qanunvericiliyinə əsasən, belə olan halda, həmin şəxslərə kompensasiya ödənilmir. İşçilər isə işlərini itirmək qorxusundan əmək hüquqlarının bu şəkildə pozulmasına etiraz edə bilmirlər. Maraqlıdır ki, bu hal Hesablama Palatasının hesabatlarında əks olunmur. Halbuki, Palata dövlət təşkilatlarında yoxlama aparakən, əməkdaşların davamiyyətini yoxlayır. 

Görəsən, Hesablama Palatası belə ciddi qanun pozuntusuna niyə göz yumur? 

Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bəzi özəl şirkətlərin əməkdaşları qeyri-iş günlərində, şənbə-bazar, hətta bayram günlərində də işə çıxarırlar:

“Razıyam ki, bu dövlət qurumlarında daha çox yayılıb, işçilər şənbə günü günün birinci yarısında işə çıxarırlar. Bunun da tarixi kökləri var. Yəni, əksər rəhbərlər düşünür ki, əsas işin keyfiyyəti deyil, işə çox çıxmaqdır. Əməkdaşlara qarşı sərt davranmaq lazımdır. Qoy işçilər məndən qorxsun, iş yerlərinin qədrini bilsinlər və s. İşçilər doğrudan da iş yerlərini itirməkdən qorxular. Onlara elə gəlir ki, bu iş yerini itirsələr işsiz qalacaqlar, onları başqa quruma götürməyəcəklər. Özəl sektora da getməyə qorxurlar ki, orada sabitlik yoxdur və s. Bu psixoloji bir amildir”.

Məsələnin Hesablama Palatasının hesabatlarına düşməməsinə gəlincə, Əkrəm Həsənov deyir ki, dövlət qurumlarında şənbə günləri işçilərin işə çıxması qeyri-rəsmi qərardır:

“Onların işə çıxması dövlət irdarəsində rəsmiləşdirilmir. Bunun rəsmiləşdirilməsi üçün əmr olmalıdır. Onlara işə çıxıdğı saatların əvəzində ikiqat əmək haqqı verilməlidir. Təbii ki, bütün bunlar heç bir yerdə rəsmiləşdirilmir. Davamiyyət jurnalında bu barədə qeyd yoxdur. Belə olan zaman Hesablama Palatası bunu necə yoxlasın? Bu əsasən özəl sektorda baş verir. Dövlət qurumlarında bunu sübut etmək daha asandır. Çünki orada bir qayda olaraq video kameralar, kart sistemi var. Hesablama Palatası daxili elektron bazanı yoxlamaqla bütün işçilərin qeyri-iş günlərində işə çıxmasını ayrıd edə bilərlər. Hesablama Palatası bir qayda olaraq maliyyə pozuntusu olan idarələrə gəlir. Onlar dövlət qurumunun işçilərinin haqlarını müdafə etmək istəmir, inanmıram ki, onlar buna vaxt sərf eləsin. Amma bunu doğrudan da tələb etmək lazımdır”. 

0