\"Uşaq Hüquqları Aylığı\" çərçivəsində maarifləndirici görüş keçirildi - FOTOLAR

15:40 / 21.11.2022
742

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi 20 Noyabr – Ümumdünya Uşaqlar Günü münasibətilə "Uşaq Hüquqları Aylığı" çərçivəsində maarifləndirici müzakirə təşkil edib. Müzakirə təhsil mütəxəssisləri, psixoloq, sosioloq, media və ictimaiyyət nümayəndələri, valideynlərin iştirakı ilə keçirilib. 

Birliyin sədri Sevinc Fədai Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombusman) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciəti və bu istiqamətdə görülən işlər barədə məlumat verib. Daha sonra ölkəmizdə uşaq hüquqlarının daha çox pozulduğu məqamlar və onların qarşısınn alınması üçün vətəndaş cəmiyyəti institutlarının, müəllim və valideynlərin üzərinə düşən öhdəliklərdən danışıb. 

Müzakirədə uşaq psixoloqu Rübabə Mərdanova, Report İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə, yazıçı, ADU-nun müəllimi Tural Cəfərov, “Valideyn məktəbi” layihəsinin yaradıcısı Aysel Rəsulzadə, sosioloq Sahib Altay, Laçın rayonu İmanlar tam orta məktəbinin müəllimi Samirə Gülməmmədova, Beyləqan rayonu Seymur Abbasov adına Çəmənli kənd tam orta məktəbinin müəllimi Pərvanə Şıxaliyeva çıxış edərək uşaq hüquqlarının müdafiəsi ilə bağlı fikir və təkliflərini bölüşüb, apardıqları maarifləndirmə işlərindən bəhs ediblər. 

Daha sonra valideynlərin narahatlıqları və təcrübələri dinlənilib, sualları cavablandırılıb. Müzakirənin nəticəsi olaraq, qeyd olunan təkliflərin Ombudsman Aparatına göndəriləcəyi, eyni zamanda Birliyin həmin təkliflər üzrə fəaliyyət proqramı hazırlayarq həyata keçirəcəyi vurğulanıb.

0