Azərbaycanda dərinləşən sosial təbəqələşmə: Narazılıqlar artır...

İQTİSADİYYAT
19:23 / 03.09.2020
1339

Son günlər Bakının bir çox ərazilərində Bakıətrafı qəsəbələrə sərnişindaşıma ilə məşğul olan “1 manatlıq” taksilərin fəaliyyətinə məhdudiyyət qoyulub.

Əvəzində isə yeni ekspres taksi xidmətinin fəaliyyəti planlaşdırılır.

Yeni “layihə” ilə ucuz taksilərin sıradan çıxarılması gündəmdədir.

“Ucuz taksi olmamalıdır” fikrinə Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev belə aydınlıq gətirib:

“Taksi qiymətləri bu gün o həddə edib ki, hətta az qala avtobus qiymətlərinə bərabərləşib. Yəni bu, belə olmalı deyil. Taksidən istifadə etmək əvvəlki dönəmdə olduğu kimi, müəyyən imkanlara bağlı olan bir şeydir. Yəni taksidən yararlanmaq olar, amma bunu gündəlik və daimi nəqliyyat vasitəsinə çevirmək bir az düzgün deyil. Bunun üçün gündəlik sərnişindaşıma mövcuddur”.

Xatırladaq ki, 2010-cu ildən sonra Bakıda “1 manatlıq” taksilər xidmətə başlayıb. Söhbət Bakıətrafı qəsəbə və kəndələrdən mərkəzə gələn taksilərin 1 manata sərnişin daşımasından gedir.

Maraqlıdır, "hər kəs taksiyə minə bilməz", "taksi gündəlik minik vasitəsi deyil" kimi fikirlər əhalini təbəqələşməyə bölürmü? Bu cür fikirlər cəmiyyət tərəfindən necə qarşılanır?

Mövzu ilə əlaqədar olaraq fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov Cebhe.info-ya danışıb.

O bildirib ki, əhalinin təbəqəyə bölünməsinin şərtləri var:

"Bu əhalinin gəlirləri ilə bağlı məsələdir. Yoxsul, orta və yuxarı təbəqələr var. Yəni mən sosioloq kimi əhalinin təbəqələşməyini normal hesab edirəm. İstənilən cəmiyyətdə, ölkədə mütləq cəmiyyətin sosial strukturuna baxanda təbəqələşməni görə bilərik. Xüsusi qeyd edim ki, inkişaf etmiş ölkələrdə məhz orta təbəqə daha çox inkişaf etmiş hesab olunur. Təbəqələşmə normal haldır. Əhalinin gəlir səviyyəsinə görə, təhsil səviyyəsinə görə, nüfuz dairəsinə görə və s. səbəblərə görə, əhalinin təbəqələşməsi normal haldır. Amma təbəqələr arasında fərqləndirmə məsələsinə gəldikdə isə həm Azərbaycan vətəndaşı kimi, həm də tədqiqatçı-sosioloq kimi bu cür fikirlərə, bəyanatlara qarşıyam".

Sosioloq qeyd edib ki, bu cür fikirlər əhali arasında qıcıq yaradır:

"Bu cür bəyanatlar əhali arasında imkanlarına, gəlir səviyyəsinə görə aşağılayıcı tonda verilirsə, birmənalı şəkildə bu cür bəyanatları qınayırıq və bunun əleyhinəyik. Bu cür bəyanatlar cəmiyyət daxilində parçalanmalara səbəb olur. Daha doğrusu, cəmiyyət daxilində rezonans yaradır, bəlkə də, imkansız təbəqə tərəfindən qəbul edilmir.

Bu hal onlarda qıcıq yaradır və aqressiya ilə qarşılanır. Belə bəyanatlar səslənməməlidir. Hər kəs bu ölkənin vətəndaşıdır. Gəlirinə, peşəsinə, cinsinə, yaşına görə heç bir fərq qoyulmamalıdır. Azərbaycan Respublikasının vətəndaşlarının hüquq və azadlıqları və onların haqqları Azərbaycan Respublikasının Konstitusiyasında geniş əks olunub".

 

1
Cebhe.info