Süni uşaq qidalarının reklamı qanunla qadağan olunsa da…

23:34 / 16.05.2024
614

Dünyanın bir çox ölkəsində uşaqlar üçün süni qida maddələrinin reklamı qadağandır.

Ancaq bu gün süni uşaq qidalarının reklamı geniş şəkildə yayılır.

Pediatr Mətanət Əliyeva Hit.az-a açıqlamasında bildirib ki, süni qidaların uşaqlara ilk gündən verilməsi ürək- qan damar sistemi xəstəliklərini, piylənməni, şəkərli diabeti erkənləşdirir:

“Uşağın bağırsağına düşən ilk qida ana südü olmalıdır. Apteklərdə, mağazalarda süni qidaların boy-boy düzülməsi də yanlışdır. Guya hansı bahadırsa, o yaxşıdır, bunun da fərqi yoxdur. Onların maya dəyəri çox ucuzdur. Bizdə isə şirkətlər tərəfindən çox baha satılır. Çünki bundan həm də klinikadakı həkimlərə faizlər verilir. İmkansız ailələr çox çıxılmaz vəziyyətdə qalır”.

Pediatr onu da bildirib ki, süni qidaların satışı, istifadəsi və yayılması ilə bağlı Azərbaycanda 2003-cü ildən qanun qəbul olunub:

"Qanunda bu məsələlər öz əksini tapıb. Süni qidaların reklam olunmasının qarşısı bu qanunla müəyyən qədər alınıb. Görünür, yeni dəyişikliklə bu tələblər daha da ciddiləşdiriləcək. Qanuna edilən bu dəyişikliyin böyük faydasının olacağını düşünürəm. Çünki bu gün Azərbaycanda dünyaya gələn uşaqların heç də hamısı ana südü ilə qidalandırılmır. Bu, həm uşaqlara, həm də ailənin büdcəsinə ziyan vurur”. 

Sevinc

0