Ermənistanın təxribatı nəticəsində sərhəddə baş verən toqquşma Dığ (ermənlər Tex adlandırır) kəndində yaşayan ermənilərin ərazini tərk etmək fikirlərini daha da gücləndirib.
Publika.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun erməni xidmətinin kənddən hazırladığı reportajda bildirilir.
Yeni Laçın yolunun istifadəyə verilməsindən sonra sərhədin Laçın istiqamətində baş verən mövqe dəyişikliyi nəticəsində Dığ kəndinin əkin və otlaq sahəsi kimi istifadə etdiyi ərazilər ordumuzun nəzarətinə keçib. Bu ərazilər işğal dövründə Ermənistanın qanunsuz olaraq irəli çəkdiyi dövlət sərhədidir. Xəritəyə uyğun aparılan dəqiqləşmə işləri nəticəsində Dığ kəndindəki ermənilər 30 ildən çoxdur istismar etdiyi əkin sahələrindən məhrum olub. Bu vəziyyət ermənilər arasında kəndi tərk etmək istəyini artırdı, son toqquşmalar isə bu mövqeyi daha da gücləndirdi.
“Burada yaxşı heç nə yoxdur, getdikcə daha da pisləşir, vəziyyət çox ciddidir”, - kənddə yaşayan ermənilərdən biri müxbirə deyib.
Reportajda qeyd olunur ki, Azərbaycan və Ermənistan ərazidə fəal şəkildə mühəndislik işləri aparır. Dığ kəndindən olan deputat Davit Danielyan bildirib ki, qarşıdurma bir mövqe üzərində olub.
Kənddə yaşayan Yura Qalstyan isə hesab edir ki, Azərbaycan bütövlükdə Zəngəzura nəzarəti ələ alacaq: “Mövqelərini möhkəmləndirən azərbaycanlılar zamanı çatanda kəndi, daha sonra Zəngəzuru götürəcək. Hər gün kənddən onları (azərbaycanlılar) görürük, onların qarşısını alacaq güc yoxdur”.
Kəndin icma rəhbəri Davit Qulunts iddia edir ki, hər şey yaxşıdır: “Kənd sakinləri döyüşməyə hazırdır, lakin bizə silah verilməlidir”.
Ehtiyatda olan kapitan Andranik Manuçaryan isə əhalinin silahlandırılması üçün hökumətə müraciət etdiklərini deyib.
“Qubernatora, hökumətə, rəhbər şəxslərə müraciət etmişik ki, bizi silahlandırın. Lakin indiyə qədər səs-soraq yoxdur”, - o deyir.