Köhnə binalar tarixə qovuşur: “Dövr keçdikcə onları yenisi ilə əvəzləmək lazımdır”

İQTİSADİYYAT
16:11 / 21.04.2023
518

Xəbər verildiyi kimi Bakının bütün köhnə binaları sökülərək, yeniləri ilə əvəz olunacaq. 

Sovet dövründə tikilən binaların hər birinə dayanıqlılıq üçün 30-40 il zəmanət verilib. Artıq onların sökülməsi, əvəzində yenilərinin tikilməsi üçün üçün zaman yetişib. Bu işlərə isə yaxın gələcəkdə start veriləcək.

Bəs, paytaxtda yeni tikilən binalarda təhlükəsizlik qaydaları və təbii fəlakətlərə dayanıqlılıq nə dərəcədə gözlənilir?

Bizim.Media-ya danışan iqtsadçı və əmlak məsələləri üzrə ekspert Vüqar Oruc hesab edir ki, dövr keçdikcə, köhnə binaları sökmək və onların yerinə yenisini tikmək daha məqsədəmüvafiqdir:

“Çünki zəlzələ zamanı həmin binalar öz ömrünün artıq çox hissəsini yaşayıblar. Onların təhlükəsiz olacağını iddia etmək doğru deyil. Binaların dayanıqlılığı orada istifadə olunan materiallardan asılıdır. Yəni, binaların hansı dövrdə tikilməsi rol oynamır. Əgər o materiallar müvafiq normativlərə uyğundursa, təhlükəsizlik və möhkəmlik baxımından həmin dövrün standartlarına cavab verirsə və dayanıqlılıq qaydaları gözlənilibsə, müddətlilik müzakirə mövzusu olmamalıdır. Müddətlər normativlərə uyğun müəyyən edilir. 

Sovet dövründə tikilən binalar da olsa, 80-100, hətta 125 illik müddət verilən binalar var. 30-40 il müddəti ancaq və ancaq zəif konstruksiyalardan tikilmiş binalara vermək olar. Bugünkü beşmərtəbəli və doqquzmərtəbəli binalar öz istismar dövrünün faydalı ömrünün 70-80 faizini bitiriblər. Onların mütləq yenilənməsi və ya bərkidilməsi lazımdır”. 

Ekspert qeyd edib ki, yeni tikilmiş binalarda normativlərə uyğun iş aparılmalı, daha möhkəm konstruktiv elementlərdən və bağlardan istifadə olunmalıdır. 

“Son nəticədə onların davamlılığı və dayanıqlılığı yüksək olmalıdır. Bu gün hər hansı binanın yeni və köhnə olması onun müxtəlif fors-major hallarda təhlükə qarsınında dayanıqlı olub-olmadığını söyləməyə əsas vermir. Bu məsələyə fərdi yanaşmaq lazımdır. Məsələn, hər hansı MTK tərəfindən bina tikilirsə, şirkətin tikinti normativlərinə nə qədər və hansı səviyyədə əməl etməsi müzakirə mövzusu olmalıdır. Tikintidə müasir tikinti vasitələrindən istifadə olunursa, həmin binanın təqribən 100 il müddətində dayanıqlı olma ehtimalı var. Təhlükəyə dayanıqlı olmaq isə, yeni metodlar tələb edir. Dünyada bunun analoqları var. Zəlzələyə davamlılıq üçün hərəkətli bünövrələr üzərində binalar inşa olunur. Zəlzələ bünövrəyə təsir göstərəndə yuxarı mərtəbələr zərər görmür”.

Bəs, son illər Bakıda inşa edilən yeni binaların vəziyyəti ilə bağlı monitorinq aparılırmı? Vüqar Oruc bu prosesin Azərbaycanda da aparılmasını vacib sayır:

“Ölkədə Fövqəladə Hallar Nazirliyinin tikinti təhlükəsizliyinə cavab verilməsi üçün labaratoriyaları var. Hər hansı ictimai qurum və ya şirkət o qədər də dəqiq olmayan qeyri-rəsmi möveyini bildirə bilər. Biz bilirik ki, hansı MTK-lar öz işinə daha ciddi yanaşır və ya hansında problemlər var. Bunu əsaslandırmaq və rəsmiyyətə salmaq lazımdır. Hər hansı özəl qurum bunu deyə bilməz. 

Dövlət FHN-nin tabeliyində komissiya yaratmalı, sahibkarlığa qarşı təzyiq olumaması üçün ictimaiyyət nümayəndələri dəvət olunmalı və birgə komissiya ilə yeni tikililərin vəziyyətini yoxlamaq lazımdır. Türkiyədəki son zəlzələlərdən sonra artıq İstanbulda bu prosesə start verilib. Bəzilərində bərkimə, bəzilərində isə söküntü qərarları verilir. Bunlar bizdə də olmalıdır və tələsmək lazımdır. Hər an arzuolunmayan faciəvi hadisələr baş verə bilər ki, biz onlara tam hazır deyilik. 

Düzdür, müvafiq qurumlar bəyan edirlər ki, Azərbaycandakı tikililər Türkiyədəki kimi deyil və müvafiq normativlərə əməl olunub. 

Amma şahidi olduğumuz xeyli sayda binalarla bağlı faktlarımız var ki, tikinti keyfiyyətli aparılmayıb. Dövlət olaraq bu məsələyə ciddi önəm verməliyik. Əgər hər hansı binada problem varsa, orada yaşayan sakinlər dərhal köçürülməlidir. Söküntü və ya möhkəmləndirmə işləri aparılmalıdır. Bundan sonra tikiləcək binalarda isə zəlzələyə davamlılıq məsələsi xüsusi nəzərə alınmalıdır”.

0