Qarabağda hansı vəhşi heyvanlar var? - İşğaldan sonra sayları artıb

ÖLKƏ
22:07 / 23.06.2023
472

Azərbaycanın işğaldan azad olunmuş Laçın rayonunda ayı yerli sakinə hücum edib. Hadisə ötən gün baş verib. Məlumata görə, meşədən çıxan ayı rayonun Qorçu kənd sakini Nicat Qasımova hücum çəkib. İnsident nəticəsində N.Qasımov sağ bud, sağrı və sağ əlindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. 

Laçında baş vermiş məlum hadisə sosial şəbəkələrdə maraqlı müzakirələrə yol açıb. Bildirilir ki, Laçınla yanaşı, Kəlbəcər və digər bölgələrdə də müxtəlif növ vəhşi heyvanlara rast gəlmək olar. Xüsusilə Kəlbəcərdə pələnglərin çox olduğu iddia edilir. 

Bəs, ümumilikdə azad olunmuş rayonlarımızda hansı vəhşi heyvanlar mövcuddur? 

Bu barədə Modern.az-a açıqlama verən Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov deyir ki, Qarabağda tarixən yırtıcı heyvanlar çox olub.

Onun sözlərinə görə, işğaldan sonra bəzi ərazilər boş qaldığından yırtıcı heyvanların sayı artıb:

“Hazırda Qarabağda yırtıcı heyvanlar mövcuddur. Tarixən də belə olub. Məsələn, orada ayıya tez-tez rast gəlinir. Qarabağın bəzi hissələri işğaldan sonra boşalıb və orada yaşayan olmayıb. İnsanların az olduğu yerdə heyvanların sayı artır. Ona görə də yırtıcların sayı çoxalıb. Ayının sayında isə artım hər yerdə müşahidə olunur. Bunun səbəbi bizə məlum deyil. Biz heyvanların sayından asılı olaraq, onları nadir, adi və çoxsaylı adlandırırıq. Kəlbəcərdə, Laçında və Qubadlıdakı dağlarda demək olar ki, ayılara rast gəlmək mümkündür. Orada digər yırtıcı heyvanlar olan canavar, çaqqal, meşə pişiyi, vaşaq, hətta bəbir də var. Bəbirin sayı azdır”.

Elşad Əsgərov Qarabağ və Şərgi Zəngəzurda pələng olmadığını vurğulayıb:

“Bəbirin videosunu Kəlbəcərdə əsgərlər çəkmişdilər. Bəbir tarixən Qarabağ ərazisində olub. Ancaq bəbir azsaylıdır. Azərbaycanda sonuncu pələng 1932-ci ildə görüntülənib. Ona Turan pələngi deyirdilər. Həmin pələngin nəsli hər yerdə kəsilib. İranda da, Orta Asiyada da, Türkiyədə də var idi. Pələng bəbirdən fərqlidir. Pələng zolaq-zolaq, bəbir isə xallı olur”.

Bəs Qarabağda yırtıcı heyvanların sayı nə qədərdir?

Direktor suala cavabında deyib: “Qarabağda işğalla əlaqədar olaraq, bu sahədə tədqiqatlar aparılmayıb. Əvvəla mina təhlükəsi var. Digər yandan oraya portaldan icazə alıb getmək lazımdır. Səfərlər bir qədər çətindir. Dəqiq rəqəm demək mümkün deyil. Qarabağda ən nadir heyvan bəbir və vaşaqdır. Ayının sayı onlara nisbətdə daha çoxdur”.

0