Qida zəhərlənmələri artır - Səbəb nədir?

ÖLKƏ
17:04 / 09.01.2024
311

Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib. Qurumun mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub.

Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib. 2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, son zamanlar qida zəhərlənməsindən əziyyət çəkənlərin sayı artır.

Professor, həkim ekspert Adil Qeybulla Hit.az-a şərhində bildirib ki, ərzaqlar ehtiyatla saxlanmalı və son istifadə tarixi yoxlanılmalıdır, əks halda qida zəhərlənmələri qaçılmaz olur:

"Qida zəhərlənmələri daha çox qidalar düzgün saxlanılmadıqda özünü göstərir. Ona görə də qidaların saxlanılması şərtlərinə əməl edilməlidir. Qida zəhərlənmələri daha çox şadlıq evlərində və insanların kütləvi şəkildə toplaşdığı yerlərdə olur. Ona görə də qidaların saxlanılma şəraitinə nəzarət edilməlidir". 

Həkim onu da əlavə edib ki, açıq şəkildə satılan qidalardan istifadə etmək olmaz. Zəhərlənmə baş verdiyi zaman zəhərlənən şəxs dərhal maye qəbul etməlidir. Çünki maye toksiki maddələri sorur: 

“Daha sonra xəstəyə ilkin tibbi yardım göstərilməlidir. Mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Bəzən səhlənkarlıq ucbatından ölüm hadisələri baş verir".

Sevinc

0