Daha bir siyasi partiya dövlət qeydiyyatına alındı

12:18 / 06.09.2022
554

Azad Vətən Partiyası dövlət qeydiyyatına alınıb.

Bu barədə HİT.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir: "Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə parlaq qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində cəmiyyətin hər bir üzvünün vahid mövqe nümayiş etdirməsi vətəndaş cəmiyyəti ilə iqtidar arasında birliyin əyani təzahürü olmuşdur.

Qeyri-hökumət təşkilatı kimi torpaqlarımızın işğalına son qoyulması ilə bağlı ictimai hərəkatın fəal iştirakçılarından olan Qarabağ Azadlıq Təşkilatı tarixi Qələbəmizdən sonra bölgədə yaranmış yeni reallıqlara və bununla bağlı dövlətimizin qarşısında duran mühüm çağırışlara uyğun fəaliyyət göstərmək barədə niyyətini ifadə etmişdir.

Bu məqsədlə Təşkilat keçirilmiş qurultayında Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul etmiş və partiya olaraq ərazilərimizin azad olunması ilə qazanılmış nailiyyətlərin inkişafını, ölkəmizin dünyada qüdrətli və güclü dövlət kimi möhkəmlənməsini və s. fəaliyyətinin əsas məqsədi kimi müəyyənləşdirmişdir.

Təşkilatın nizamnamə və proqram məqsədlərinin ölkəmiz üçün aktual və əhəmiyyətli olan məsələləri əhatə etməsi və sənədlərin qanunvericiliyə uyğun olması nəzərə alınaraq onun partiya kimi qeydə alınmasına dair Ədliyyə Nazirliyinin Kollegiya iclasında qərar qəbul edilmişdir.

Sentyabrın 6-da sözügedən partiyanın sədri Akif Nağıya nazirlikdə dövlət qeydiyyatı haqqında şəhadətnamə təqdim olunmuşdur".

0