Kontent marketinq strategiyasının əsas məqsədləri nədir?

TEXNO
11:12 / 03.05.2023
1245

1. Brendi müştəriyə yadda qalan və cəlbedici şəkildə kommunikasiya etmək;

2. Brend və məhsulları haqqında bütün məlumatları rahat əlçatılan və asan anlaşılan şəkildə təqdim etmək;

3. Potensial müştəri auditoriyasını genişləndirmək və brendə qarşı marağını qoruyub-saxlamaq;

Bu məqsədlərə nail olmaq üçün biz kontent marketinq strategiyasını təyin edib fəaliyyət planını hazırlayırıq. Strategiyanı təyin etmək üçün isə ilk öncə 3 təməl suala cavab tapmalıyıq:

1. Kim üçün?

Digitalda ünsiyyətə girdiyimiz, sosial media paylaşımları ilə hədəflədiyimiz insanlar kimlərdir? Bu auditoriya əlbətdə ki təkçə bizim mövcud müştərilərimizdən ibarət deyil. Növündən asılı olmayaraq hər bir biznesin mövcud və potensial müştəri auditoriyası olur. Kontent marketinq mövcud müştərilərin daha çox almasını, potensial müştərilərin isə alışa təşviq etməyi hədəfləyir.

Bu baxımdan hər 2 auditoriya üçün fərqli kontent hazırlanmalıdır. Amma auditoriya seqmentləşdirilməsi bununla bitmir. Digital bu istiqamətdə bizə daha çox imkanlar verir. Demoqrafik, psixoqrafik fərqləndirmə ilə yanaşı biz, onlaynda hansı kontenti necə istehlak etdiyinə qədər seqmentasiya edə bilərik. 

Məsələn, sayt ziyarətçilərinizin 40% şənbə-bazar günləri axşam vaxtlarında sayta daxil olur və daha çox videolara baxırlar? Günorta vaxtlarında sayta daxil olanların əksəriyyəti bloq yazılarını oxuyur? Facebook səhifənizdə ən aktiv qrup evdarlıq mövzulu postlara şərh yazanlardır? Bütün bu izləyici seqmentləri sizin əsas hədəf auditoriyanızdır, sosial media personasıdır.

2. Nə üçün?

İzləyicinizin kim olduğunu bildikdən sonra, maraq və istəklərini, gündəlik dərd-sərlərini, vərdiş və adətlərini öyrənin. Sözün həqiqi mənasında onları gecə yatmağa qoymayan hiss və həyacanlarını araşdırın. Bütün bunları nəzərə almaqla hazırlayacağınız kontent izləyicilərinizə danışacağınız Hekayə olacaqdır. Bu Hekayə nədir? 

Hekayə izləyicilərinizə hər gün az-az oxuduğunuz sonu görünməyən bir nağıldır. Nağılın əsas məqsədi uşaqların düzgün tərbiyə olunmasıdırsa, Hekayənizin də əsas məqsədi izləyicini müştəriyə çevirməkdir. Aşağıdakı cədvəldə bir neçə misal ilə tanış ola bilərsiz:

Hər persona üçün 3-4 mövzü olmalıdır ki, izləyiciniz sizin kontenti maraqlı və faydalı hesab etsin, ondan yorulmasın. Amma bu kontentlə yanaşı brend kontenti də unutmaq olmaz. Məqsədiniz müştəri qazanıb mal satmaqdır. Aradabir (təxminən 20%) məhsul və ya xidmət haqqında da danışmaq lazımdır. Əyləncəli kontentə nisbətən daha az maraq toplasa da, bu cür kontent satış gətirdiyi üçün təqviminizdə olmalıdır.

3. Necə?

Necə sualı kontentin daha çox kreativ hissəsinə aiddir. Kontenti necə hazırlayaq, hekayəmizi necə təqdim edək ki, izləyicimizin diqqətini çəkə bilək? Diqqət çəkməsi də azdır, necə edək ki, kontentimizin onun xoşuna gəlsin, kontentimizi bəyənsin, şərh yazsın və ən əsası dostları ilə pyalaşamağa layiq bilsin? Cavab çox sadədir əslində: həmin kontent onun üçün 1. maraqlı, 2. faydalı və 3. fərqli (unikal) olmalıdır. Hər 3 cəhət olarsa kontent virala çevrilə biləcəkdir.

Rəqəmsal Marketinq mütəxəssisi Vətən Aslanov

0