İlon Mask süni intellekt şirkətinin adını niyə dəyişdi?

TEXNO
13:18 / 13.10.2026
48

Amerikalı milyarder İlon Mask “SpaceXAI” adı ilə fəaliyyət göstərən süni intellekt bölməsinin adını “SpaceX Super Intelligence” (SpaceXSI) olaraq dəyişib. Qərarın ABŞ Prezidenti Donald Trampın süni intellekt əvəzinə “super zəka” ifadəsindən istifadə təşəbbüsü ilə əlaqəli olduğu bildirilir.

HİT.az xəbər verir ki, Mask ad dəyişikliyini “X” sosial şəbəkəsində paylaşdığı görüntü ilə açıqlayıb. Paylaşımda şirkətin rəsmi hesabının adının “SpaceX Super Intelligence”, istifadəçi adının isə “@SpaceXSI” olaraq yeniləndiyi görünür.

Tramp “süni intellekt” əvəzinə “super zəka” ifadəsini təklif edib

Donald Tramp süni intellekt (Artificial Intelligence – AI) əvəzinə “Super Intelligence” (SI), yəni “super zəka” ifadəsinin işlədilməsini dəstəkləyir. Mənbənin məlumatına görə, Tramp sentyabrın 29-da imzaladığı sərəncamla ABŞ-ın federal qurumlarına rəsmi sənədlərdə yeni ifadədən istifadə etməyi tapşırıb.

İlon Mask da bu yanaşmanı dəstəkləyənlər arasındadır. O, oktyabrın 4-də “X” hesabında “Artıq AI yoxdur. SI daha yaxşıdır” məzmunlu paylaşım edib. İstifadəçilərdən biri “SpaceXAI” adının “SpaceXSI” ilə əvəzlənməsini təklif etdikdə Mask bu dəyişikliyin ediləcəyini təsdiqləyib.

Məqalədə qeyd olunur ki, Mask texnologiya şirkətlərinin rəhbərləri və Trampın iştirakı ilə keçirilən görüşdə də əvvəlcə “AI” ifadəsini işlədib, daha sonra fikrini “SI” olaraq düzəldib.

Şirkətin adı bir neçə ay ərzində ikinci dəfə dəyişdirilib

SpaceX-in süni intellekt bölməsi son aylarda bir neçə dəfə ad dəyişikliyinə məruz qalıb. Şirkət 2026-cı ilin əvvəlində Maskın süni intellekt şirkəti “xAI”ı satın alıb. İyul ayında isə bölmə “SpaceXAI” adını götürüb.

Bir neçə ay sonra verilən yeni qərarla qurumun adı yenidən dəyişdirilərək “SpaceX Super Intelligence” olub. Bununla belə, şirkətin yeni adın rəsmi internet saytında, məhsullarında və hüquqi sənədlərində necə tətbiq ediləcəyi barədə hələlik ətraflı məlumat vermədiyi bildirilir.

Qeyd edək ki, süni intellekt sahəsində “super zəka” termini bir çox sahədə insanın intellektual imkanlarını üstələyə biləcək sistemləri ifadə edir. Lakin şirkətin adının dəyişdirilməsi onun artıq belə bir texnologiya hazırladığı və ya bu səviyyəyə çatdığı anlamına gəlmir. Hələlik dəyişiklik əsasən şirkətin adı və sosial şəbəkədəki hesabının kimliyi ilə bağlıdır.

Samir

0