Telefonu enerji mənbəyinə qoşarkən qısa müddətli titrəmə normal haldır. Bu, cihazın enerji qəbul etməyə başladığını göstərən bildiriş funksiyasını yerinə yetirir. Lakin smartfon şarj zamanı dəfələrlə titrəyirsə və enerji yığılması tez-tez dayanıb yenidən başlayırsa, bu, nasazlığın əlaməti ola bilər.
HİT.az xəbər verir ki, bu barədə "ComputerHoy"a məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, təkrarlanan titrəmələrin əsas səbəblərindən biri USB girişində toz və xırda çirklərin toplanmasıdır. Bu, kabel ilə telefon arasındakı əlaqəni zəiflədərək enerji ötürülməsində fasilələr yarada bilər. Bundan başqa, nasaz kabel, adapter və ya elektrik yuvası da problemin yaranmasına səbəb ola bilər.
Bəzi hallarda isə batareyanın vəziyyətini izləyən və enerji sərfiyyatını idarə edən tətbiqlər əlavə bildirişlər yaradaraq telefonun təkrar-təkrar titrəməsinə səbəb olur. Belə proqramlardan biri yaxın vaxtlarda quraşdırılıbsa, onun parametrlərini yoxlamaq və ya tətbiqi müvəqqəti silərək problemi sınaqdan keçirmək tövsiyə edilir.
Problemi aradan qaldırmaq üçün ilk növbədə kabelin və adapterin işlək vəziyyətdə olub-olmadığını yoxlamaq, mümkün olduqda başqa uyğun şarj cihazından istifadə etmək lazımdır. USB girişində çirk göründükdə isə onu təmizləyərkən ehtiyatlı olmaq vacibdir. Metal və ya iti əşyalar kontaktlara zərər verə bilər. Sıxılmış hava istifadə edilərsə, istehsalçının təhlükəsizlik tövsiyələrinə əməl olunmalıdır.
Telefon müxtəlif kabel və adapterlərlə də eyni şəkildə titrəyirsə, problem şarj girişində və ya daxili enerji sistemində ola bilər. Bu halda cihazın servis mərkəzində yoxlanılması məsləhətdir.
Android əməliyyat sistemində şarj zamanı verilən səs və vibrasiya siqnallarını adətən “Parametrlər” bölməsinin “Səs və vibrasiya” hissəsindən söndürmək mümkündür. Bununla belə, bildirişin deaktiv edilməsi enerji yığılmasındakı nasazlığı aradan qaldırmır. Buna görə də təkrarlanan titrəmələri görməzdən gəlmək əvəzinə, problemin səbəbini müəyyənləşdirmək lazımdır.
Samir


