RAM yaddaşlar neçə il işləyir? – Mütəxəssislərdən vacib məqamlar

TEXNO
17:38 / 14.10.2026
55

Kompüterlərin əsas komponentlərindən biri olan RAM yaddaşlar uyğun şəraitdə 10–20 il işləyə bilər. Lakin onların xidmət müddəti yalnız istehsal keyfiyyətindən deyil, temperaturdan, gərginlik dəyişikliklərindən və texnologiyanın inkişafından da asılıdır.

HİT.az xəbər verir ki, bu barədə “CHIP” nəşrində dərc olunan məqalədə bildirilir.

RAM modullarının nə vaxt sıradan çıxacağını dəqiq müəyyənləşdirmək çətindir. Bəzi yaddaş qurğuları qısa müddətdə nasazlaşdığı halda, köhnə kompüterlərdəki modullar onilliklər ərzində problemsiz işləyə bilir.

RAM yaddaşlar niyə uzunömürlüdür?

RAM modullarında hərəkətli mexaniki hissələr yoxdur. Normal iş şəraitində həddindən artıq qızmamaları da onların fiziki davamlılığını artırır. Buna görə də RAM kompüterin uzun müddət istifadə oluna bilən komponentlərindən sayılır.

Bununla belə, yaddaşın fiziki cəhətdən işlək qalması onun yeni kompüterlərdə də istifadə edilə biləcəyi demək deyil. Texnologiya inkişaf etdikcə yeni yaddaş standartları meydana çıxır və köhnə RAM modulları yeni nəsil ana platalarla uyğun gəlməyə bilər. Beləliklə, yaddaşın istifadəsinə bəzən nasazlıq deyil, texnoloji köhnəlmə son qoyur.

RAM-ın ömrünü hansı amillər azaldır?

Yaddaşın davamlılığında istehsal keyfiyyəti mühüm rol oynayır. Tanınmış istehsalçılar adətən keyfiyyətli komponentlərdən istifadə edir və məhsullarına uzunmüddətli zəmanət verirlər. Daha az tanınan istehsalçıların məhsullarında isə keyfiyyət və davamlılıq fərqləri ola bilər.

İstismar şəraiti də vacibdir. Kompüter korpusunda zəif hava dövranı nəticəsində yaranan yüksək temperatur, uzun müddət intensiv yüklənmə və standart göstəricilərdən yüksək gərginliklə sürət aşırtma RAM modullarının sıradan çıxma riskini artıra bilər.

Həddindən artıq qızma problemi ilə üzləşən istifadəçilər əlavə fanlardan və xüsusi soyutma vasitələrindən yararlana bilərlər. Bununla belə, normal istifadə şəraitində RAM modulları, adətən, əlavə soyutma sisteminə ehtiyac duymur.

Nəşrin məlumatına görə, keyfiyyətli RAM yaddaş uzun illər işləyə bilər. Lakin kompüterin digər komponentləri yeniləndikdə uyğunluq problemi səbəbindən yaddaşın da dəyişdirilməsi lazım gələ bilər. Buna görə də RAM-ın xidmət müddətini yalnız fiziki davamlılıq deyil, texnoloji yeniliklər də müəyyənləşdirir.

Samir

0