Çin kənd təsərrüfatı və yol tikintisində avtonom texnologiyaların tətbiqini genişləndirir. Süni intellekt və müasir rabitə sistemləri ilə təchiz olunan pilotsuz texnikalar əvvəllər insanların iştirakı ilə görülən işləri müstəqil yerinə yetirir. Bu texnologiyalar əmək məhsuldarlığını artırmaqla yanaşı, tikinti və kənd təsərrüfatında xərclərin azaldılmasına da imkan yaradır.
HİT.az xəbər verir ki, bu barədə İspaniyanın “El Motor” nəşri məlumat yayıb.
Kənd təsərrüfatında tətbiq edilən yeniliklərdən biri Çinin “Shiyan Guoke Honghu Technology” şirkətinin hazırladığı “Honghu T70” elektrik traktorudur. Avtonom idarəetmə sistemi ilə işləyən texnika torpağı şumlamaq, toxum səpmək və əkin sahələrinə qulluq etmək imkanına malikdir. Traktor naviqasiya üçün “Beidou” peyk sistemindən, idarəetmə üçün isə süni intellekt və 5G rabitə texnologiyasından istifadə edir.
Maşın yalnız kənd təsərrüfatı işlərini yerinə yetirmir, eyni zamanda torpağın rütubəti və bitkilərin vəziyyəti barədə məlumatlar toplayır. Bu göstəricilər su və gübrədən daha səmərəli istifadə etməyə kömək edir. İstehsalçının açıqlanan məlumatlarına görə, “Honghu T70” bir dəfə enerji yığmaqla altı saata qədər işləyə bilir. Traktor artıq Hebey əyalətinin kənd təsərrüfatı ərazilərində istifadə olunur.
157 kilometrlik yol pilotsuz texnika ilə çəkilib
Çində avtonom texnologiyalardan yol tikintisində də istifadə edilir. Nəşrin məlumatına görə, 2024-cü ildə Pekin–Honkonq–Makao avtomagistralının genişləndirilməsi layihəsi çərçivəsində 157 kilometr uzunluğunda yol sahəsinin tikintisi insanların birbaşa iştirakı olmadan həyata keçirilib.
Asfaltın döşənməsi və yol səthinin hamarlanması üçün 10 pilotsuz maşından istifadə olunub. Texnika 19,25 metr enində sahədə işləyib, tikinti prosesinə isə dronlar vasitəsilə nəzarət edilib.
Mütəxəssislər hesab edirlər ki, belə sistemlər yol örtüyünün keyfiyyətini və işlərin dəqiqliyini artırmaqla yanaşı, tikintiyə sərf olunan vaxtı və xərcləri də azalda bilər.
Bununla belə, avtonom texnologiyaların geniş yayılması əmək bazarı ilə bağlı suallar yaradır. İnsan əməyinin maşınlarla əvəzlənməsi kənd təsərrüfatı və tikinti sahələrində bəzi iş yerlərinin azalmasına səbəb ola bilər. Beləliklə, Çinin tətbiq etdiyi texnologiyalar istehsalın səmərəliliyini artırmaqla yanaşı, gələcəkdə insanların məşğulluğuna mümkün təsirləri də gündəmə gətirir.
Samir


