İşğaldan azad edilən ərazilərdə əmlakların taleyi necə olacaq? - ARAŞDIRMA

ÖLKƏ
19:10 / 02.11.2020
2032

Qarabağda sentyabrın 27-də başlayan erməni təcavüzünə qarşı əks-həmlə əməliyyatları uğurla davam edir. Azərbaycan ordusu işğal edilmiş əraziləri qarışbaqarış azad edir. Müdafiə Nazirliyinin yaydığı görüntülərdə işğaldan azad edilən kəndlərin böyük hissəsinin, xüsusilə də Füzuli və Cəbrayıl rayonuna aid yaşayış məntəqələrinin tamamilə dağıdıldığının şahidi oluruq. Demək olar ki, daş üstündə daş qalmayıb. Hadrut, Zəngilan, Qubadlı və bir sıra yaşayış məntəqlərində isə ermənilərin evləri, avtomobilləri, hətta kənd təsərrüfatı heyvanlarını qoyaraq əraziləri tərk etdiyini müşahidə edirik. Nəzərə alsaq ki, bu yaşayış məntəqələri qondarma Dağlıq Qarabağ Respublikasına aid deyil və bu ərazilərdə ermənilərin məskunlaşması qanunsuz aparılıb, o zaman belə bir sual ortaya çıxır. Bu ərazilərdə sahibsiz qalan daşınar və daşınmaz əmlaklara mülkiyyət hüququ kimlərə verilə bilər?

“Ermənistan dağıntılara görə milyardlarla dollar təzminat ödəməlidir”

Millət vəkili Vahid Əhmədovmövzu ilə bağlı “MediaPost”aaçıqlamasında bildirib ki,işğaldan azad edilən ərazilərdə daşınmaz əmlaklar, evlər demək olar ki, dağıdılıb. Baş Prokurorluq və digər aiddiyyatı dövlət qurumları müharibə bitəndən sonra ermənilərin törətdiyi bu cinayətlərlə bağlı materiallar hazırlayıb beynəlxalq məhkəmələrə müraciət edəcəklər və bununla bağlı Ermənistandan təzminat tələb ediləcək: “Söhbət milyardlarla dollar həcmində təzminatdan gedir”.

“İşğaldan azad edilən ərazilərdəki əmlaklar yoxlanılmalıdır”

Bu ərazilərdə olan dağıdılmayan evlərə, obyektlər, ictimai binalar və digər daşınmaz əmlaklara gəlincə, millət vəkili bildirib ki, sözügedən ərazilərdə yerləşən əmlaklar əvvəlcə yoxlanılacaq:

“Prezident İlham Əliyev bu məsələyə toxunub və bildirib ki, bu ərazilərdə yeni şəhərlər, kəndlər yaradılacaq, infrastruktur yenidən qurulacaq. Ermənilərdən qalan əmlaklara isə bizim ehtiyacımız yoxdur. Bununla belə həmin dağıdılmayan əmlaklar yoxlanılmalıdır. Geri çəkilən erməni qüvvələri təxribat törətmək məqsədilə və itkilərə səbəb ola biləcək addımlar ata bilərlər. Həmin evlərə və obyektlərə partlayıcılar da yerləşdirilə bilər”. 

Millət vəkili, o cümlədən, işğaldan azad edilən ərazilərdə tarixi abidələrin saxtalaşdırıldığını deyib:

“Bizim aldığımız məlumata görə, tarixi abidələr saxtalaşdırılır, sökülüb saxta tarixi əks etdirən elementlər yerləşdirilir. Bu məsələlər də öz həllini tapmalıdır”.

“İşğal edilmiş ərazilərdə Azərbaycanın tanıdığı hüquq yoxdur”

Hüquqşünas Əkrəm Həsənov “MediaPost”a bildirib ki, işğal edilmiş ərazilərdə Azərbaycanın tanıdığı hüquq yoxdur. Hətta Azərbaycanda qeydiyyat sistemi qurulanda bu ərazilərə nəzarət edə bilməyib. Ümumilikdə, isə bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir:

“Qanuna əsasən həmin ərazilərdə yaşayan mülki əhali mülkiyyət hüququnu təsdiq edərlərsə, təbii ki, Azərbaycan dövləti bu şəxslərin mülkiyyət hüququnu tanıya bilər. Amma əmlakın sahibi məlum deyilsə, o cümlədən həmin əmlakla bağlı hər hansı bir şəxsin hüququ təsdiq edilmirsə, sahibsiz əmlak kimi dövlətin mülkiyyətinə keçəcək”.

“Azərbaycan qanunvericiliyi mülki ermənilərin də hüquqlarını qoruyacaq”

Ə. Həsənovun sözlərinə görə, daşınar əmlakın mülkiyyət hüququ ilə bağlı hər hansı problem ola bilməz:

“Məsələn, Qarabağda yaşayan mülki erməni vətəndaş deyirsə kənd təsərrüfatı heyvanı, mebel, məişət avadanlığı və s. mənimdir, o zaman Azərbaycan qanunvericiliyi bu hallarda onun hüquqlarını qoruyur və sadalanan əmlak ondan alınmır. Yəni, daşınar əmlak kimin sahibliyindədirsə, başqa biri bunun əksini sübut etmirsə, mülkiyyət hüququ da ona aiddir”.

“Daşınmaz əmlak və avtomobillər üçün üçün qeydiyyat sənədi təqdim edilməlidir”

Ə. Həsənov bildirib ki, daşınmaz əmlak və avtomobil ilə bağlı vəziyyət bir qədər fərqlidir. Bu əmlaklarla bağlı qeydiyyat sənədi mütləq lazımdır.

Bununla belə ekspert hesab edir ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikasında yaşayan ermənilərin mülkiyyət hüququnu tanıyacaq:

“Orada yaşayan dinc əhalinin evi varsa, “sənin bura hüququn yoxdur” deyilməyəcək. Yəni, Azərbaycan qanunvericiliyi çərçivəsində ermənilərin mülkiyyət hüququ tanına bilər”.

Qarabağın ətraf rayonlarından olan azərbaycanlı məcburi köçkün erməninin yaşadığı evin sənədlə ona aid olduğunu sübut etdiyi halda isə, bu, həmin şəxsin xeyrinə həll ediləcək.

“Mülkiyyət hüququ ilə bağlı yeni qanunun qəbul edilməsinə ehtiyac yaranacaq”

Ümumilikdə isə Ə.Həsənov qanunvercilikdə sözügedən məsələ ilə bağlı bəzi boşluqların olduğunu, qələbədən sonra xüsusi bir qanun qəbul edilməli olduğunu vurğulayıb:

“Yeni qanun qəbul edilə və burada Qarabağda yaşayan ermənilərin hansı hallarda mülkiyyət hüququnun tanınacağı, hansı hallarda isə tanınmayacağı təsbit edilə bilər”.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 29-da Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb. Fərmana əsasən ilkin olaraq mülki təyinatlı texnikaların, nəqliyyat vasitələrinin, infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin invertarlaşıdırılması, o cümlədən kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsinə başlanılacaq.  

0
mediapost.az