Nə alırsan 1 manata - almağa dəyər?

ÖLKƏ
21:53 / 10.05.2024
359

Paytaxtın müxtəlif ərazilərində “Nə alırsan al, bir manat” şüarı ilə fəaliyyət göstərən mağazalar var. 

Həmin mağazalarda məişətdə işlənən plastmas mətbəx qabları, çörək qabı, bununla yanaşı, stəkan, nəlbəki, təmizləyici vasitələr, kosmetika, ətir, sap və digər məhsullar satılır.

Mağazada satılan hər bir məhsulun qiymətinin standart 1 manat olduğu satıcılar tərəfindən iddia edilir.

Satış qiyməti 1 manata olan məhsulların keyfiyyəti isə istehlakçıları şübhələndirir. 

Bəs 1 manatlıq plastik məhsulun keyfiyyətinə nə dərəcədə əmin olmaq olar? 

Bu qablar, kosmetik vasitələr, yuyucu tozlar nədən hazırlanır, maya dəyəri nə qədərdir ki, onlar bir manata satılır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hitaz-a açıqlamasında bildirib ki, bu cür satılan qida məhsulları, parfümeriya varsa, bunlar birmənalı şəkildə vaxtı keçmiş, keyfiyyətsiz mallardır və insan həyatı üçün təhlükəlidir: 

“Əksər hallarda sənaye malları arasında da paltarlar və sairə varsa, onlar neft tullantılarından hazırlanmış mallardır. Ağ nəm tənzifi həmin paltara sürtəndə rəngi çıxırsa, bu, artıq təhlükəlidir. Rəngin tərkibində qurğuşun var. Qurğuşun da zərərli maddədir. İnsanlar belə malları almaqdan imtina etsinlər. Lakin biznes qurumlarının öz daxili iqtisadi siyasəti ola bilər və hər cür malı bir manata sata bilər. Bütün hallarda, istehlakçılar diqqətli olsunlar. Lazım gəldikdə malın sertifikatının olub-olmadığını soruşsunlar. Satıcı onu alıcıya göstərməyə borcludur. Əgər bir manata satılan mətbəx qablarının da rəngi çıxırsa, qoxusu gəlirsə, belə mallardan uzaq olsunlar”.

Sevinc

0