İbrahim Kalın, Yaşar Gülər və Hakan Fidan - Onları Qarabağla nə birləşdirir?

SİYASƏT
10:23 / 10.06.2023
805

“Türkiyənin yeni Nazirlər Kabinetinin ən mühüm aspektlərindən biri təhlükəsizlik və xarici siyasət çağırışları ilə bağlıdır. Miqrasiya, terrorizm, casusluq və ekspansionizm kimi regional və transmilli təhlükələrlə və ABŞ-AB yönümlü beynəlxalq marginallaşdırma təhlükəsinə qarşı mübarizənin yer aldığı strategiya institutlararası əməkdaşlıq və koordinasiyadan xəbər verir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.

“Kənar və daxildən qaynaqlanan çoxsaylı və hibrid təhdidlərə qarşı birgə fəaliyyət göstərən vahid və əhatəli təhlükəsizlik-xarici siyasət arxitekturasının sınaqdan keçiriləcəyi bir dövrə qədəm qoyduğumuzu söyləyə bilərik”, - təhlildə deyilir.

Nəşr qeyd edir ki, yeni kabinetdə Hakan Fidanın xarici işlər naziri, Yaşar Gülərin müdafiə naziri, İbrahim Kalının Milli Kəşfiyyat Təşkilatının rəhbəri, Əli Yerlikayanın daxili işlər naziri təyin edilməsi təhlükəsizliyə yönəlmiş xarici siyasətin göstəricisi kimi səciyyələndirilə bilər:

“MİT rəhbəri Hakan Fidan Türkiyənin Suriya və Liviya siyasətinə rəhbərlik edib, Körfəz ölkələri, Misir və İsraillə ikitərəfli və çoxtərəfli normallaşma səyləri göstərib. Hakan Fidan Türkiyənin Suriya siyasətinin əsas fiquru olub. Fidan 2013-cü ildə Davudoğlunun Suriya siyasətinin nəticə vermədiyini anlayanda onun zərərlərini bir sıra praktiki təşəbbüslərlə kompensasiya etmək üçün böyük risklərə gedib.

Müdafiə naziri postuna təyin edilən Baş Qərargah rəisi Yaşar Gülərin uzaqgörənliyi, birgə hərəkət konsepsiyasına əsaslanan hərbi idarəetmə tərzi, problemləri aşkarlama və həll yollarını tapmaq iradəsi həm hərbi, həm də mülki çevrə tərəfindən müsbət qiymətləndirilir.

Prezidentin sözçüsü İbrahim Kalının MİT-in yeni rəhbəri vəzifəsinə təyin olunması regional münaqişələrin sona çatması və qarşısının alınması, eləcə də proaktiv kəşfiyyat fəaliyyəti baxımından önəmli hesab edilir. Diplomatik münasibətlərdə təcrübəli və mötədil şəxs kimi tanınan Kalın Türkiyənin yumşaq güc siyasəti üçün rasional seçim hesab edilir. Fidan, Gülər ​​və Kalını Suriya, İraq, Liviya və Qarabağdakı (Azərbaycan) dinamikanı çox yaxşı bilən bürokratlar adlandırmaq olar. Uzun müddətdir birgə fəaliyyət göstərən bu üçlüyün koordinasiyası ilə Suriya başda olmaqla daha iddialı və fəal regional türk siyasəti gözlənilir”.

“Star” bildirir ki, yeni kabinetin təhlükəsizlik yönümlü xarici siyasətin davam etdirilməsi və daxili iqtisadi siyasətin xaricə baxan prinsiplərlə yenidən nəzərdən keçirilməsi üçün fəaliyyət göstərəcəyi gözlənilir:

“Bu mənada yeni kabinet Türkiyənin türk dünyasında lider, Qara dəniz, Balkan və Qafqazda vasitəçi, Yaxın Şərq, Şərqi Aralıq dənizi və Şimali Afrikada oyun qurucusu rolunu gücləndirməsi deməkdir. Yeni Nazirlər Kabinetinin fəaliyyəti həm də 2023-2028-ci illərdə prezidentlik sisteminin qurduğu nizamın real funksional sınağı deməkdir”.

0