Panik pozuntu ilə mübarizədə nələrə diqqət etməliyik?

ÖLKƏ
14:49 / 26.01.2024
587

"Panik atak qəfil başlayan sürətli şəkildə şiddətlənən, başlanğıcı və sonu olan şiddətli qorxu ilə narahatlığın olduğu kriz vaxtıdır".

Bunu EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova Hit.az-a açıqlamasında deyib. 

Mütəxəssis bunun əlamətlərindən danışıb:

"Kriz vaxtı ürək döyüntüsünün artması, tərləmə, titrəmə, nəfəs darlığı, boğulma hissi, sinədə ağrı, bulantı hissi, baş gicəllənməsi, uyuşma, üşümə, istilik basması və s. kimi əlamətlər özünü göstərir. Bu simptomları hiss edən şəxs o an “infarkt keçirdiyini” və ya “iflic olduğunu” zənn edərək şiddətli şəkildə “ölüm qorxusu” yaşayır". 

Onun sözlərinə görə, panik atak özü təklikdə mental problem, pozuntu və ya diaqnoz hesab olunmur:

"Bu, bir çox mental problemlərdə və ya həyatın normal axışında hər kəsin yaşaya biləcəyi bir vəziyyətdir. Amma şəxs panik ataklar keçirir və panik atak keçirmədiyi vaxtlarda “birdən panik atak keçirərəm”, “birdən infakrt olaram”, “birdən kontrolumu itirərəm” kimi narahatlıqlar yaşayırsa və ya  müəyyən yerlərdən, fəaliyyətlərdən qaçınmalar başlamışsa, artıq bu vəziyyət, mental problem olan panik pozuntuya çevrilib deməkdir".

342510

O bildirib ki, bu cür qaçınmalar isə atakların qarşısını almağa istiqamətlənmişdir:

"Panik pozuntu içində panik atakların olduğu mental problemdir. Buna da qısa şəkildə panik atak fobiyası da deyə bilərik. Ataklar zamanı şəxs təcili tibbi yardıma müraciət edə, sakitləşdirici dərmanlar qəbul edə, havaya çıxma, üzünü yuma və s. kimi davranışlarla qorxduğu şeyin başına gəlməsinə əngəl olmağa çalışa bilir.

Panik pozuntunun müalicəsində dərman müalicəsi və psixoterapiyadan istifadə olunmaqdadır ki, bu istiqamətdə Koqnitiv Davranış Terapiyasının effektivliyi elmi cəhətdən təsdiq olunmuşdur. Bu terapiya yanaşmasında tamamilə “zərərsiz” olan panik atak simptomlarıyla bağlı yanlış bilgi və inancların düzəldilməsi və davranış tapşırıqları ön planda dayanmaqdadır". 

Psixoloq qeyd edib ki, panik pozuntusu olan və panik atak keçirən şəxs o an məşğul olduğu işi görməyə davam etməlidir:

"Atakı keçirmək üçün etdiyi şeyləri etməyi isə sonlandırmalıdır. Çünki bu cür davranışlar problemin həll olmağına yox, davam etməsinə səbəb olur. Panik ataklar öz-özünə keçdiyi üçün əlavə şeylərin də edilməsinə gərək yoxdur".

Pərviz

0