Havaların soyuması ilə dəm qazı təhlükəsi yenidən aktuallaşır.
Hər il payız-qış mövsümündə bu səbəbdən zəhərlənmə və ölüm halları qeydə alınır. Bəs dəm qazından zəhərlənmənin qarşısını almaq üçün hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir?
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, dəm qazından zəhərlənmə əsasən təhlükəsizlik qaydalarının pozulması və qaz avadanlıqlarının düzgün quraşdırılmaması ilə əlaqəlidir:

“Dəm qazı qoxusuz olduğundan insan təhlükəni hiss etmədən zəhərlənə bilər. Bu qaz qana daxil olduqda hemoqlobinlə birləşərək oksigenin toxumalara daşınmasına mane olur. Nəticədə orqanizmdə oksigen çatışmazlığı yaranır, ağır hallarda isə insan huşunu itirərək həyatını itirə bilər. Dəm qazından zəhərlənmə zamanı nəticə orqanizmə daxil olan qazın miqdarından və vaxtında tibbi müdaxilənin göstərilməsindən asılıdır”.
Professor vurğulayıb ki, xüsusilə yuxu zamanı baş verən zəhərlənmələr daha təhlükəli ola bilər:
“Vətəndaşlar istilik sistemlərindən istifadə edərkən ehtiyatlı olmalıdırlar. Kustar üsulla hazırlanan cihazlardan uzaq durmaq, standartlara uyğun avadanlıqlardan istifadə etmək və evlərdə dəm qazını aşkarlayan detektorlar quraşdırmaq tövsiyə olunur”.
Sevinc

