“Bəzi insanlar həddindən artıq yağlı yeməkləri sevirlər. Lakin bunun mənfi tərəfləri mövcuddur”.
Bu sözləri qida eksperti İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, insanların yağlara olan sevgisi, həddindən artıq yağ istehlak etməyi onların bədənində və yaxud orqanizmindən asılıdır:
“Yəni biz bu günləri orqanizmimizi necə “tərbiyə etsək”, orqanizm də o cür fəaliyyət göstərəcək. Bu gün insanların həddindən artıq yağlı yeməklərə meyil etməsi bilərəkdən öz orqanizmlərini risk altına atması deməkdir.
Nəzərə alsaq ki, bu günləri istər kafe və restoranlarda müxtəlif növ qidalarla qidalananlar, istərsə də fast-foodlar, dönərlər, həmçinin hazır qidalarla qidalananlarda müəyyən problem ola bilər. Çünki həmin o müəssisələrin hazırladıqları qidalarda hansı yağdan istifadə etməyi açıq sual altındadır. Biz bunların hansı növ yağlardan istifadə etdiyini bilmirik”.
Ekspert qeyd edib ki, bu gün insanların öz mətbəxlərində istifadə etdiyi yağlardan həddindən artıq istifadə etməsi sağlamlıqları üçün riskdir:
“Birinci növbədə hər zaman ürəklərdə problem yaradan damarların kirəclənməsi və pis xolesterinin, yəni LDL-in artma təhlükəsi var. Təbii ki, bu da yağın normadan artıq istifadəsindən irəli gələn bir məsələdir. Həmçinin, qaraciyərin piylənməsi də hər zaman dəbdə olan bir xəstəlik nümunələrindən biridir.
Eyni zamanda, öd kisəsinin qatlaşması da ciddi problemdir. Bundan başqa, həm böyrək damarlarında, həm digər qan damarlarında qanın həddindən artıq laxtalanması baş verə bilər. Yəni bütün bunlara yağdan həddindən çox istifadə edən insanlarda yaşanması mümkündür”.
Mütəxəssis diqqətə çatdırıb ki, bu kimi problemlər yığıldıqda orqanizmin çöküşü başlayır:
“Bu gün çəki artıqlığından şikayətlənirik. Çünki insanlarda boy və yaşa uyğun olmayan çəki formalaşır. Məsələn, bu gün 25-26 yaşlı insanlar 40-45 yaşındakı şəxslərlə eyni göstəriciyə sahib olur. Bunun özü də yağ istehlakının normadan artıq olmasının ən birinci səbəblərindən biridir.
Əfsuslar olsun ki, bu günləri 8, 10, 12 alınan yağlardan yemək, qida və ya şirniyyatlar hazırlanıb satılır. Bunun insan orqanizmində yarada biləcəyi problemləri biz sadalasaq bitməyən siyahı formalaşar. Ona görə də insanlar yağ məsələsində son dərəcə diqqətli olmalıdırlar”.
İlkin Şirinov onu da vurğulayıb ki, yağ özlüyündə zərərli qida deyil:
“Yağ bədən və orqanizm üçün lazımlı qidadır, amma miqdarında. Çünki yağ olmayanda istər göz gişasının, istər beynin qidalanmasında problemlər yaranır. Unutmayın ki, bədənə hansı formada qidanı təqdim etsək, bədən də bizə öz qarşılığını o formada verəcək.
Bu günləri alıb yediyimiz qidalarda istifadə olunan keyfiyyətsiz yağların nəticəsində bədən də bizə öz əks-təsirini göstərir. Ümumiyyətlə, həm yemək hazırlanmasında, həm səhər yeməklərində istifadə ediləcək yağları alarkən maksimum dərəcədə keyfiyyətli olanlara üstünlük verin, vermək lazımdır”.
Pərviz


