Son illər dünyada insanların fərdi həyat tərzinə marağının artması yaşayış seçimlərində də özünü göstərir.
Artıq tək yaşamaq yalnız ailə qurmaq istəməyən gənclərin və ya həyat yoldaşını itirmiş yaşlı insanların seçimi deyil. Bu da istər-istəməz suallar doğurur: İnsanların tək yaşamaq istəyi nədən qaynaqlanır?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, təhsil almaq üçün başqa şəhərə gedən tələbələr, iş həyatına yeni başlayan gənclər, maddi müstəqillik qazanan orta yaşlı şəxslər, hətta uzun illər ailəsi ilə birlikdə yaşadıqdan sonra özünə ayrıca həyat qurmaq istəyən insanlar da bu yolu seçirlər:
“Bəziləri kirayə ev tutaraq müstəqil yaşamağa başlayır, digərləri isə öz evini alaraq heç kimdən asılı olmadan həyatını qurmağa çalışır. Onlar üçün günün istənilən saatında yatmaq, yemək, evə qayıtmaq, qonaq qəbul etmək və gündəlik qərarları özləri vermək xüsusi əhəmiyyət daşıyır.
Tək yaşamaq istəyinin arxasında dayanan əsas səbəblərdən biri şəxsi sərhədlərə olan ehtiyacdır. Bir evdə bir neçə insanın yaşaması müəyyən qaydalar, qarşılıqlı güzəştlər və məsuliyyətlər tələb edir. Hər kəsin gündəlik rejimi, istirahət vərdişləri, səliqə anlayışı və şəxsi maraqları eyni olmur. Bu fərqlər bəzən mübahisələrə və narazılıqlara səbəb olur”.

Ekspert qeyd edib ki, tək yaşayan insan isə gündəlik həyatının böyük hissəsini özü müəyyənləşdirir:
“Heç kimlə razılaşmaq məcburiyyətində qalmadan şəxsi vaxtını planlaşdırır, evində öz qaydalarını yaradır. Xüsusilə uzun müddət başqalarının gözləntilərinə uyğun yaşadığını düşünən insanlar üçün bu müstəqillik cəlbedici görünə bilər. Təhsil və karyera bu seçimin mühüm səbəblərindəndir. Universitetə qəbul olan və ya iş imkanlarına görə başqa şəhərə köçən gənclər müstəqil həyata daha erkən addım atırlar. Lakin bəzi gənclər üçün ayrıca yaşamaq sadəcə zərurət deyil, həm də böyüməyin və özünü sınamağın bir yoludur.
Onlar büdcəni idarə etməyi, ev işlərini görməyi, gündəlik problemləri həll etməyi və qərarlarının nəticələrinə görə məsuliyyət daşımağı öyrənirlər. Bu proses insanda özünəinam və müstəqil qərarvermə bacarığını inkişaf etdirə bilər”.
Həmsöhbətimiz əlavə edib ki, ailə daxilində həddindən artıq nəzarət, şəxsi həyata müdaxilə və nəsillər arasındakı düşüncə fərqləri də bəzi gəncləri ayrıca yaşamağa sövq edə bilər:
“Bu halda ayrı evdə yaşamaq ailə münasibətlərini tamamilə kəsmək deyil, münasibətləri daha rahat məsafədən davam etdirmək cəhdi ola bilər. Tək yaşamaq istəyini yalnız gənclərlə əlaqələndirmək düzgün olmaz. Orta yaşlı insanlar arasında da bu seçimə üstünlük verənlər var. Boşanma, ailə münasibətlərində yaşanan problemlər, övladların müstəqil həyata başlaması və şəxsi həyatını yenidən qurmaq istəyi belə qərarlara təsir göstərə bilər.
Yaşlı insanlarda isə vəziyyət bir qədər fərqlidir. Bəziləri həyat yoldaşını itirdikdən sonra tək qalır, digərləri isə övladları olsa belə, ayrıca yaşamağa üstünlük verir. Onlar övladları ilə münasibətlərini qorumaqla yanaşı, öz gündəlik həyatlarına müstəqil şəkildə davam etmək istəyirlər”.
Sevinc


